Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…

  • 18 sen 2018, 10:57

Natiq Cəfərli: "Dünyada hər hansı iqtisadi böhran baş verərsə, bundan ən çox ziyan çəkən ölkə elə Amerika olur, çünki...”

Dünyanı yeni maliyyə böhranının gözlədiyi ilə bağlı iddialar son günlər dünya mətbuatının əsas müzakirə mövzularından birinə çevrilib. İddialara görə, növbəti maliyyə böhranı 2020-ci ildə baş verəcək. Bu iddia ilə "JP Morqan” maliyyə holdinqinin analitikləri çıxış ediblər. Analitiklərin fikrincə, yeni böhran zamanı inkişafda olan bazarlardakı səhmlər 48% ucuzlaşacaq, inkişafda olan ölkələrin valyutaları isə 14,4% ucuzlaşacaq.

Bununla bərabər ABŞ-ın aksiyaları 20%, dünyadakı enerji resursları isə 35% dəyər itirəcək.

Ekspertlər baş verəcək yeni böhranın 2008-ci illə müqayisədə çox zəif olacağını bəyan ediblər. Onlar yeni böhranın nə qədər davam edəcəyini açıqlamayıblar.

Bəs görəsən, dünyada iqtisadi böhranın yaranmasında əsas rol oynayan ABŞ hökuməti bunda nə dərəcədə maraqlıdır? Böhran baş verərsə, ən çoz əziyyət çəkən ölkələr hansılar olacaq?

Mövzu ilə bağlı sualları cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli də  "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ABŞ hökumətinin atdığı addımlar dünya ticarətinin zəifləməsinə yönəlik problemlər yaradacaq: "Dünya ticarət müharibəsi, eləcə də olan gömrük rüsumu və verginin artırılması  ticarəti  zəiflədir. Ticarət zəiflədikdə iqtisadi artım tempinin aşağı düşməsi ehtimalı da çoxalır. Bu baxımdan əgər ABŞ heç bir güzəştə getməsə, danışıqlar heç bir nəticə verməsə,  ticarət müharibəsi davam eləsə, Çinlə, Avropa Birliyi ilə, Cənubi Kanada  və dünyanın digər aparıcı ticarət mərkəzləri ilə bu qarşıdurmalar davam etsə, təbii ki, dünya ticarətinin zəifləməsi  yeni böhran dalğasının yaranmasına səbəb  ola bilər”.

Lakin iqtisadçı hesab etmir ki, ABŞ hökuməti nəticəsini düşünmədən sona qədər bu addımları atmaqda davam edəcək: "Çünki dünyada hər hansı iqtisadi böhran baş verərsə, bundan ən çox ziyan çəkən ölkə elə Amerika olur. Dünya iqtisadiyyatının  30 faizdən çoxunu Amerika iqtisadiyyatı təşkil edir. Bu baxımdan dünyada baş verən iqtisadi zəifləmələr ilk növbədə elə bu dövlətə ziyan vurur. Hesab edirəm ki, bunun arxasında duran siyasi amillər daha çoxdur.  Tramp administrasiyası vergi artımları və ticarət müharibələri ilə Avropa Birliyini İrana qarşı, Rusiyaya qarşı ABŞ-la birgə addım atmağa sövq etməyə çalışır. Bunun nəticəsi olaraq, həmin addımları davamlı şəkildə atır. Lakin sonunda onlar bir anlaşmaya varacaqlar, bu anlaşma olmasa ən böyük ziyan Amerikaya dəyəcək. Ona görə də mən ABŞ-ın  bu siyasətinin özü ilə brabər ciddi bir böhran gətirəcəyinə inanmıram. Amma ən azından dünya iqtisadiyyatı üçün müəyyən təhdidlər var. Əgər yaxın zamanlarda bu tendensiya səngiməsə, danışırlar heç bir nəticə verməsə, ola bilər ki, 2019-cu ilin əvvəlindən başlayaraq, dünyada iqtisadi artım tempi sürətlə aşağı düşsün. Bu da beynəlxalq iqtisadiyyatın oyunçularına mənfi təsir göstərəcək”.

Dolların sürətlə bahalaşmasının dünya iqtisadiyyatında inflyasiyaya səbəb olacağına gəlincə, iqtisadçı ekspert bildirdi ki, növbəti faiz artımından sonra müəyyən yumşaldıcı addımların atılması vacibdir: "Amerika iqtisadiyyatı üçün ən böyük problemlərdən  biri də dolların sürətlə bahalaşmasıdır. Dollar son 6 ayda dünya valyutalarına qarşı 88 punkdan 96 punkta qədər bahalaşıb. Bu ilin sonunda Federal Rezerv Sistemi faiz artımına gedəcək və dekabrda daha bir faiz artımının olacağı da anons edilib. Bu iki artım dolların daha da möhkəmlənməsinə səbəb ola bilər ki, bu da inkişaf etməkdə olan ölkələrin valyutalarına mənfi təsir göstərəcək, həmin ölkələrin iqtisadiyyatında dalğalanmalara səbəb olacaq. O dalğalanmalar da dünya iqtisadiyyatına təsir göstərmək iqtidarındadır. Düşünürəm ki, FED-in növbəti faiz artımından sonra müəyyən yumşalmalarla bağlı addımlar olacaq. Bu da dolların həddindən artıq bahalaşmasının qarşısını alacaq. Lakin dollar bahalaşaraq dünya valyutalarına qarşı 100 punktu keçsə, bu,  inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərəcək”.

N.Cəfərli onu da vurğuladı ki, dollarla rəqabətdə avronun dünya ticarətində öz mövqeyini itirməməsi üçün Avropa Mərkəzi Bankı da faiz artımına gedə bilər: "Avropa Mərkəzi Bankından gözləntilər var idi ki, bu ilin sentyabr ayından faiz artımına gedəcək. Ancaq bu addımını ertələdi. İndi ABŞ-ın atacağı addımları gözləyirlər. Əgər ABŞ növbəti dəfə faiz ehtimalına getsə (bu ehtimal 100 faizdən artıqdır), o zaman oktyabrın sonu, noyabrın əvvəlində  Avropa Mərkəzi Bankı da növbəti iclasında 15 ildən sonra ilk dəfə olaraq faiz artımına gedəcək. Bu da dünyanın aparıcı valyutaları arasında balans yaranmasına səbəb olacaq. Çünki avro dəyərdən düşdükcə  dünya iqtisadiyyatında dolların gücü daha da artır. Avropa Mərkəzi Bankının əsas məqsədi odur ki, dünya ticarətində avronu müəyyən qədər möhkəmləndirərək  dolların mövqeyini zəiflətsin. Bunun üçün bank müvafiq addımlar atmalıdır”.

Oxşar xəbərlər