TANAP layihəsinin işə düşəcəyi vaxt açıqlandı

  • 04 iyun 2018, 08:39

Ekspert: "Türkiyədə qaz sahəsində Azərbaycan və Rusiya infrastrukturu fərqli hədəflərə hesablanıb”

Azərbaycanın "Şahdəniz-2" qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi kəmərinin ikinci mühüm seqmenti olan TANAP-ın açılış tarixi elan edildi - 12 iyun. Bu barədə Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən ”Cənub Qaz Dəhlizi"nin açılış mərasiminin iştirakçılarına döndərdiyi təbrik məktubunda deyib.

"TANAP tarixi bir layihədir və bizim əməkdaşlığımız onun həyata keçirilməsində mühüm rol oynamışdır. İyunun 12-də TANAP layihəsinin açılışı baş tutacaq” - deyə Türkiyə liderinin təbrik məktubunda qeyd olunub. Artıq TANAP layihəsinin açılışına Gürcüstan və Bolqarıstanın rəhbər şəxsləri dəvət olunub. Ərdoğanla telefon danışığında Gürcüstan prezidenti Marqvelaşvili bildirib ki, ölkəsinin TANAP layihəsində iştirakı böyük əhəmiyyətə malikdir: "Çünki bu kəmər Azərbaycan qazının Türkiyəyə, oradan isə Avropaya çatdırılmasına imkan verəcək və qitənin enerji təhlükəsizliyini təmin edəcək”.

Bəs TANAP-ın açılışı, bütövlükdə Cənub Qaz Dəhlizi xüsusilə də Rusiya ilə planlaşdırılan  və tez-tez TANAP-a rəqib kimi xarakterizə olunan "Tük axını” layihələrinə hansı təsiri göstərəcək?

Qeyd edək ki, Almaniyadan sonra ikinci ən böyük təbii qaz bazarı olan Türkiyə bazarının 54%-i Rusiyanın "Qazprom” şirkətinə aiddir. Türkiyənin təbii qaza olan tələbatı isə 2014-cü ilin may ayından  düşməyə başlayıb. Maraqlıdır ki, 2012-ci ildə "Botaş”ın verdiyi proqnozda bunun əksi qeyd olunurdu. Bildirilirdi ki, Türkiyənin təbii qaza tələbatı 2030-cu ildə iki dəfəyə yaxın artacaq. Lakin enerji təhlükəsizliyini təmin etmək, xarici ölkələrdən asılılığı azaltmaq, geosiyasi baxımdan bu ölkələr tərəfindən Ankaraya qarşı təbii qazdan alət kimi istifadə edilməsinin qarşısını almaq məqsədilə rəsmi Ankara enerji sektoruna müdaxilə edərək elektrik enerjisinin istehsalında yerli enerji mənbələrindən (daşkömür, liqnit, bərpa olunan və alternativ enerji və s.) istifadə etməyi təşviq etdi. Nəticədə bu siyasət öz bəhrəsini gözlənildiyindən də artıq verməyə başladı. Belə ki, 2015-ci ildə tələbatın 1.5%, 2016-ci ildə 4%, 2017-ci ildə isə 0.6%  azalması müşahidə edildi. İndi də bəzi ekspertlər hesab edirlər ki, Türkiyə TANAP layihəsi ilə Rusiyanın bazardakı hegemonluğunu azaldacaq.

 

"Yeni Müsavat”a danışan ekspert İlham Şaban bir sıra məqamlara toxundu. Onun sözlərinə görə, hələ müqavilə imzalanandan etibarən Türkiyə və Avropa mətbuatında TANAP və "Türk axını” layihələrinin rəqib olmasından danışılır:"Türkiyə bazarında əgər Rusiya qazının həcmlərinə baxsaq görərik ki, bu, 25 milyard kubdan, (mkm) 30 milyard kuba qədər artır. Son 5 ilin statistikasında da bunu görmək olar. Azərbaycan qazı isə 2021-ci ilin sonuna qədər öz həcmlərini Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra 2 dəfə artıracaq. Ancaq bu, rəqib və alternativ o zaman olardı ki, onun həcmlərini bazardan çıxarmaq hesabına yer tutasan. Yəni qarşıdakının həcmlərini özünə götürəsən. Qarşı tərəfin mövqeyini zəiflədəcəksənsə, bazara da rəqib kimi girəcəksən. Türkiyənin son 10 ildə qaz bazarında istehlakı 10 milyard kubmetr artıb. Bundan sonra da get-gedə artacaq. Çünki inkişaf edən ölkədir və sənaye inkişaf etdikcə, enerjiyə olan tələbat da artır. Bu baxımdan qazdan əlavə onlar alternativ enerjini də artırırlar. Alternativ enerjini təkcə külək, günəş enerjisi hesabına deyil, atom energetikası hesabına da artırmaq iqtidarına gəliblər. Türkiyə 2023-ci ildə özünün ilk atom reaktorunu işə salmağı qarşısına məqsəd qoyub.

Bununla belə onun qaz bazarındakı istehlakı da artacaq. Bu isə Azərbaycan qazı hesabına baş verəcək. Yəni Rusiyadan alınacaq qaz həcmləri demək olar ki, 30-31 milyard kubmetr həcmindədir. Ancaq Azərbaycan qazının hesabına onlar qaza olan tələbatlarını 2 dəfə artıracaqlar. Bu baxımdan Azərbaycan qazının Rusiya qazı ilə rəqabətə girişdiyini söyləmək nə qədər düzgündür? Azərbaycan qazı 12 milyard kub metr həcmdədir, Rusiya qazı isə 30-31 milyard kub metr. Bu, təxminən 2.5-2.6  dəfə Rusiya qaz həcmlərindən az miqdarda olacaq. Təbii ki, biz öz mövqeyimizi artırırıq. Ancaq bizim yaratdığımız infrastruktur, Rusiyanın mövcud infrastrukturundan fərqlidir. Bunlar fərqli hədəflərə hesablanıb. İkinci bir tərəfdən də biz özümüzün infrastrukturumuzla 10 ildən sonrakı proseslərə baxaq. Belə ki, hədəfimiz odur ki, ixracı 31 milyard kubmetrə çatdıraq.  Bunlar öz qazımız və ya tranzit güclər hesabına mümkündür. İkinci bir tərəfdən Rusiya da öz qazını Balkanlara, Cənubi, Şərqi Avropa ölkələrinə verir. Rusiya bu qazı azaldacaqmı? Hesab etmirəm ki, bu, belə olsun. Çünki ümumilikdə 10 ildən sonra istehlak artacaq”.

Ekspert bildirib ki, 10 il sonra Rusiya qazından asılı olan ölkələr öz istehlaklarını şaxələndirəcəklər: "İndiyə qədər Rusiyadan aldıqları qazın bir qismini alternativ mənbə hesabına ödəyəcəklər. O ölkələr yerlərində dayanmırlar axı? Ona görə də real yanaşanda əslində onlar həm də həcmi saxlayacaqlar. Sadəcə olaraq buna, ölkələrin özlərinin  təhlükəsizliklərinin artırılması və sabitliyi aspektindən yanaşmaq olar. Onlar bir neçə mənbədən enerji alırlar. Yalnız Rusiyadan stabil olaraq qaz alınsaydı, müqavilə bitəndən sonra bu ölkə daha ağır şərtlərlə yeni müqavilə imzalayardı. Türkiyə bazarında Rusiyanın yeri 50 faizdən çoxdur. Bu hal əslində normaldır. Burada təhlükəli heç nə yoxdur. Türkiyənin üç LNG terminalı var. Yəni 3 ölkədən idxal edir. Yəni Türkiyə üçün idxal məsələsində hansısa təhlükəni görmürəm. Onlar çox çevik siyasət yürüdürlər və kifayət qədər sərt addımlar atırlar. Heç Avropa ölkələri istər Rusiya, istərsə də başqa ölkələrlə onlar kimi danışıqlar apara bilmirlər”.

Oxşar xəbərlər