Dörd ayda yarım milyard dollarlıq qeyri-neft ixracı

  • 01 iyun 2018, 09:23

2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 485,3 milyon ABŞ dolları təşkil edib. "Yeni Müsavat” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın may sayında məlumat verilir.

İcmala görə, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac 19,3 faiz  artıb. Cari ilin yanvar-aprel ayları ərzində ən çox Rusiya Federasiyasına - 135,4 milyon, Türkiyəyə 127,2 milyon, Gürcüstana 52,5 milyon, İsveçrəyə 39,6 milyon və Çinə 16 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoru məhsulu ixrac olunub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin ilk 4 ayı ərzində ixrac olunan qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (47,3 milyon ABŞ dolları), tomat (42,5 milyon ABŞ dolları) və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilenin (35 milyon ABŞ dolları) ilk 3 yeri tutub. 

Ümumiyyətlə isə yanvar-aprel ayları ərzində meyvə-tərəvəz ixracı 111,1 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 45,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 44,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 milyon, kimya sənayesi məhsullarının ixracı 18,4 milyon ABŞ dolları olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 4 ayı ərzində elektrik enerjisinin ixracı 2,9 dəfə,  pambıq ipliyi ixracı 37,4 faiz, kimya sənayesi məhsullarının ixracı 27,4 faiz, meyvə-tərəvəzin ixracı 27,3 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,6 faiz,  çayın ixracı 12,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,3 faiz artıb.

 

2018-ci ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya” MMC, "Baku Steel Company” MMC, "Aqrodoctor” MMC, "Metalçılar-2" MMC, ”Qala meyvə-tərəvəz ixracat idxalat" MMC,  "Sun Food” MMC,  "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC və "Gilan tekstil park” MMC-dir.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ARDNŞ-in "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji” ATSC, "Det-al Alüminium” MMC, "CTS-Agro” MMC, "Azergold” QSC, "Azərbaycan Hava Yolları” QSC, "SOCAR Methanol” MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, "Qaz ixrac idarəsi”  və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC.

"İxrac İcmalı”ndə həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar-aprel aylarında "Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib. "Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin  ixracından 9,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.  Bu, ASC-nin ümumi gəlirlərinin 89 faizini təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər