Sosial mənzillərin satışına başlanıldı - şərtlər və qiymətlər

  • 07 apr 2018, 10:38

Nüsrət İbrahimov: "MİDA-nın təklif etdiyi qiymətlər orta bazar qiymətindən təxminən 25 faiz ucuzdur”

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılır.

MİDA-dan  verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1,2,3 və 4 saylı binalarında mənzillərin satışı mayın 7-də saat 10:00-da başlayacaq və avqustun 7-də saat 10:00-dək davam edəcək. Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin olunub.

Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. Belə ki, 1 otaqlı mənzilin qiyməti 29925 manatdan, 2 otaqlı mənzilin satış qiyməti 47282 manatdan, 3 otaqlı mənzilin qiyməti  65626 manatdan başlayır. Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda illik faiz dərəcəsi 4%, müddəti 3-30 il, minimal ilkin ödəniş 10% olmaqla 1 otaqlı mənzilə 129-136 manat, 2 otaqlı mənzilə 203-236 manat, 3 otaqlı mənzilə 282-288 manat aylıq ödəniş etməlidir.

Mənzilə güzəştli şərtlərlə ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə,  mənzilin satış qiymətini tam həcmdə, öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Nağd alanlara satış qiyməti belədir: 1 otaqlı mənzil 26932 manat, 2 otaqlı mənzil 42554 manat, 3 otaqlı mənzil 59063 manat.

MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət” portalında yaradılmış "Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

"MBA Group” konsaltinq şirkətinin baş direktoru, Daşınmaz əmlak sektor üzrə ekspert Nüsrət İbrahimov  mövzu ilə bağlı "Yeni Müsavat”a açıqlamasında MİDA-nın tətbiq  etdiyi qiymətlərin bazar qiymətləri ilə müqayisədə daha sərfəli olduğunu diqqətə çatdırdı: "Mən ilk gündən bu prosesin içindəyəm və gündəlik olaraq məlumat alıram. Bəzən onların iş prosesində də iştirak edirəm. Bu baxımdan mən MİDA-nın şərtlərini normal qiymətləndirirəm. Bu, ilk növbədə şəhərsalma təcrübəsidir. Biz hər zaman tənqid edirik ki, 90-cı illərdən bəri şəhərdə tikililər nizamsız şəkildə aparılır. Harada gəldi sökürlər, harada gəldi tikirlər. Bu isə müstəqillik dövründə Bakı şəhərində ilk layihədir ki, planlı şəkildə tikilir. Bütün standartlar və tikinti normativləri gözlənilir. Bu bir ilkdir və başqa tikinti şirkətlərinə də nümunədir. Bu sovetlər dövründə mikrorayonların salınması praktikasına bənzəyir və bütün tələblərə uyğun olaraq salınmış şəhərcikdir".

Ekspert onu da vurğuladı ki, bu tam sosial layihə deyil, güzəştli mənzil layihəsidir: "Ərazi üzrə orta qiymət nədirsə, bu mənzillər ondan 20-30 faiz ucuz qiymətə təklif olunur. Mən ötən gün mövcud rəqəmləri hesabladım. MİDA təmirli mənzillərin 1 kvadratmetrini 950 manatdan təklif edir. Bizim şirkət hər ay bazarda qiymətləri dəyərləndirir. Hesablamalarımıza əsasən, Yeni Yasamal üzrə yeni tikililərdə təmirli mənzillərin 1 kvadratmetrinin orta satış qiyməti 1250 manatdır. Yuxarı həddi 150 manat, aşağı həddi isə 1100 manat olduğundan, orta qiymət 1250 manatdır. MİDA isə 950 manatdan təklif edir, qiymət təxminən 25 faiz ucuzdur”.

N.İbrahimovun sözlərinə görə, bu mənzillərin digər bir üstünlüyü isə yerləşdiyi ərazinin şəhərsalma standartlarına uyğun qurulmasıdır: "Yasamal rayonu şəhərsalma tələblərinə cavab verməyən bir ərazidir, binalar çox yaxın yerləşir, insan hərəkəti, avtomobillərin hərəkəti çox sıxdır. Bu şəhərcikdə isə bütün məsafələr gözlənilib, binaların hündürlüyü, əhali sıxlığı, avtomobillərin hərəkəti, infrastruktur... İnsan həyatının rahatlığı üçün hər bir şərait nəzərə alınıb. Ərazidə bağça, məktəb, xəstəxana və digər sosial obyektlər tikilib”.

Ekspertin fikrincə, insanları narazı salan əsas məqam güzəştli mənzillərin yalnız müəyyən kateqoriyaya daxil olanlara aid edilməsidir: "Bu şərtləri MİDA müəyyənləşdirməyib, bunlar İpoteka Fondunun şərtləridir. Şərtlər hər ikisində demək olar ki, eynidir. Yalnız yeganə fərq odur ki, İpoteka Fondunda 15 faiz ilkin ödəniş tələb olunur, MİDA-da isə 10 faiz. Mənzilləri nağd əldə etmək istəyənlər də qeyd olunan şərtlərə cavab verməlidirlər. Yalnız kredit şərtlərinə uyğun olmaya bilərlər, gəlirləri daha aşağı ola bilər. Qalan şərtlər isə eynidir”.

Nüsrət İbrahimov hesab edir ki, zaman keçdikcə bu şərtlər yumşalacaq: "Bu gün mənzilə tələbatı olan insanlar daha çoxdur. Bu baxımdan MİDA-nın təklif etdiyi mənzillərə də tələb həddindən artıq çoxdur. Bu tələb azaldıqca şərtlər də yumşalacaq”.

Oxşar xəbərlər