Bayram günlərində hansı banklar işləyəcək?

  • 20 mart 2018, 10:47

Valyuta mübadiləsi ilə bağlı problemlər yaşanmaması üçün 26 bankın 122 filialı gücləndirilmiş rejimdə çalışacaq

Martın 20-26-sı arasında ölkəmizdə Novruz bayramı qeyd ediləcək. Təbii ki, bayram günlərində ölkəyə çoxsaylı turistlər axın edəcək. Turistləri ən çox maraqlandıran valyuta ilə bağlı məsələlərdir. Məlum olduğu kimi, Azərbaycanda devalvasiyadan sonra başlayan valyuta böhranı zamanı "exchange”lərin fəaliyyətinə qadağa qoyulub. Nəticədə ölkə üzrə minlərlə valyutadəyişmə məntəqəsi bağlanıb. Bununla da valyuta mübadiləsi banklarda həyata keçirilir. Bəs bayram günlərində hansı banklar fəaliyyət göstərəcək?

Banco.az saytının məlumatına görə, ölkə əhalisinin və çoxsaylı turistlərin Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 26 bankın 122 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq. Onların arasında Azərbaycan Beynəlxalq Bankı, Amrahbank, AtaBank, "Bank of Baku”, "Azər-Türk Bank”, Kapital Bank, Unibank və digərləri var.

 Bayram günləri ərzində ölkəmizə əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün Maliyyə Bazarlarına Nəzarət Palatası paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib. Bankların Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Quba, Bərdə, Naxçıvan və digər şəhərlərdə  yerləşən filial və şöbələri müştərilərə xidmət göstərəcək.

Palatadan banco.az-a verilən məlumata görə, Bakıda yerləşən 6 bankın 8 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək.

 Bundan əlavə, bayram günlərində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə biləcək: "Artıq iki ildir ki, ardı-ardına Novruz bayramları günlərində valyuta məntəqələrinin bağlı olması ilə əlaqədar müəyyən problemlər yaşanırdı. Həm ölkəyə gələn turistlərin sayının artıq olması, onlara xidmər göstərən bank və bankların filiallarının az olması, həm bayram günlərində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının valyuta mübadiləsinə olan ehtiyacı çətinliklər yaradırdı. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası da bu problemlərdən nəticə çıxartdı”.

Bunu iqtisadi ekspert Natiq Cəfərli "Yeni Müsavat” a açıqlamasında mövzunu şərh edərkən bildirib. Ekspert onu da qeyd edib ki, bayram günlərində 20-dən çox bank və filialları gücləndirilmiş iş rejiminə keçməsinə, hətta bəzi bankların filiallarının 24 saat fasiləsiz fəaliyyət göstərəcəyinə baxmayaraq, tam tələbat ödənilməyə də bilər: "Beləliklə, ola bilər ki, bayram günlərində ötən il və ondan əvvəlki ildə olduğu kimi, ”qara bazar"ın müəyyən elementləri də yaransın. Bunu xüsusən də metronun "28 may” stansiyasının ətrafında müşahidə edə bilərik. Bu da müvəqqəti xarakter daşıyacaq. Güman etmirəm ki, bayramdan sonra "qara bazar”ın elementləri qalıb, fəaliyyət göstərsin. Çünki artıq buna ehtiyac yoxdur. Məlum olduğu kimi, müxtəlif bank və filialları hər gün gecə saatlarınadək fəaliyyət göstərir. Yəni tənqidlərdən, yaranmış problemlərdən Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən nəticələr çıxardıb".

Oxşar xəbərlər