Sosial evlərlə bağlı proses niyə ləngiyir?

  • 12 fev 2018, 11:29

Ramil Osmanlı: "Tikinti prosesinin tam yekunlaşması 2019-cu ilin əvvəlinə qədər çəkə bilər...”

Ötən ilin may ayından etibarən sosial evlərə qeydiyyat başlasa da, hələ ki, bu prosesdə nəzərə çarpacaq bir irəliləyişə nail olunmayıb. Vətəndaşlardan gələn sənədlərin qəbulu və cavablandırılması prosesi belə yekunlaşmayıb. Bundan başqa, sosial mənzillər üçün iki ayrı rayonda tikilən binalarda işlər də davam etməkdədir.

Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuata verdiyi açıqlamalarda isə bildirilir ki, ilk sosial mənzil  layihəsi olan və xarici dairəvi avtomobil yolunun kənarında yerləşən Yasamal Yaşayış Kompleksinin ümumi sahəsi 11,6 hektardır. Layihəyə görə, kompleks 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin 2-bloklu 9-mərtəbəli, 12-sinin isə 1-bloklu 12-mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-si ikiotaqlı, 467-si isə üçotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 31-33 kvadratmetr, ikiotaqlı mənzillərin 50-58 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetrdir.

Mənzil almaq istəyənlərin əksəriyyətinin təmirli evə üstünlük verdiyini nəzərə alaraq, bütün mənzillər vətəndaşlara tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə təklif olunacaq. Vətəndaşlar üçün, həmçinin İpoteka və Kredit Zəmanət Fondunun illik 4 faizlə verilən güzəştli ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı da yaradılıb. Xatırladaq ki, bu, ölkədə mənzil satışı ilə bağlı ən sərfəli ödəniş formasıdır.

MİDA-nın mətbuat katibi Diana Dadaşov Azərtac-a müsahibəsində bildirib ki, müştərilərə təklif edilən  mənzillər yerləşdiyi ərazi üzrə orta bazar qiymətindən aşağı olacaq. Məsələn, güzəştli ipoteka üzrə 30 illik kreditlə birotaqlı mənzil üçün aylıq ödəniş təqribən 130-150 manat, ikiotaqlı mənzil üçün 200-250 manat, üçotaqlı mənzil üçünsə 300-350 manat nəzərdə tutulub. Yasamal Yaşayış Kompleksindən başqa, ötən ilin sonunda Hövsan Yaşayış Kompleksinin də əsası qoyulub.

Bu sahədə digər yeniliklərdən biri də güzəştli mənzil əldə etmək hüququna malik vətəndaşların real vaxt rejimində və şəffaf qeydiyyatının aparılması üçün "Elektron hökumət” portalında "Güzəştli mənzil” sisteminin yaradılmasıdır.

"Yeni Müsavat”a açıqlamasında sözügedən prosesi dəyərləndirən mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, bu ilin yanvar ayının 10-dan etibarən artıq müraciətlərin reallaşdırılması ilə bağlı proses başlanıb: "Orada elektron kabinetlərin yaradılması, elektron ərizələrin qəbulu işi həyata keçirilir. Bu proses artıq yekunlaşmalı idi. Sadəcə, müəyyən texniki səbəblərdən ləngimələr oldu. Yəqin ki, fevral ayının sonuna qədər bu proses yekunlaşacaq. Tikinti prosesinə gəlincə, bu işlərin də müəyyən mərhələsi yekunlaşıb, ancaq tam yekunlaşması 2019-cu ilin əvvəlinə qədər çəkə bilər”.

Qiymətlərə gəlincə, Ramil osmanlı bildirdi ki, sosial evlərin ucuz satılmasına tam nail olunmadı: "İlkin rəqəmlər açıqlanıb. Mən düşünürəm ki, mənzillərin bölgüsünə və yerləşmə ərazisinə görə, həmin qiymətlər real bazar dəyərindən yüksəkdir. Bu mənim şəxsi mövqeyimdir və konkret faktlarla əsaslandıra da bilərəm. Ancaq hələ proses tam yekunlaşmayıb, o baxımdan indidən şərh vermək düzgün olmazdı. Ola bilər ki, proses tam yekunlaşanda qiymətlər də dəyişəcək. Ona görə indidən prosesə  yekun qiymətləndirmənin verilməsinin tərəfdarı deyiləm. İlkin rəyimiz isə ondan ibarətdir ki, yerləşdiyi əraziyə və mənzillərin ölçüsünə görə, aylıq ödəniş rəqəmləri və mənzillərin qiyməti real bazar dəyərindən yüksəkdir. Hazırda Yasamal  və Hövsan qəsəbələrində sosial evlərin tikilməsi ilə bağlı işlərə başlanılıb, layihələr üzrə tikinti işləri gedir. Ancaq yeni ünvanlar da müəyyənləşdirilib. 2018-ci ilin ortalarına qədər daha iki ünvanda layihənin icrası ilə bağlı təbirlərə başlanılacaq”.

Sosial evlərin verilməsi ilə bağlı şərtlərə də toxunan mənzil eksperti bildirdi ki, nəzərdə tutulan bəzi kateqoriya insanlar onsuz da daim dövlətin diqqətindədir və digər sosial layihələr çərçivəsində də mənzillə təmin olunurlar. Bəzi şərtlər isə ümumiyyətlə, gənc ailələrin imkanı xaricindədir: "Mən ilk gündən bu layihənin müzakirələrinə qatılmışam və bütün fikirlərimdə layihənin sosial mahiyyətinin qorunmasının tərəfdarı olmuşam. Söhbət ondan gedir ki, biz layihənin adının sosial mənzil layihəsi qoyuruq, ancaq sonradan onu kommersiya layihəsinə çeviririk və oradan mənfəət əldə etməyi düşünürük. İndiki mərhələdə görünən odur ki, layihənin sosial mahiyyəti onun kommersiya prinsiplərinin kölgəsində qalıb. Azərbaycanda Mənzil Məcəlləsi var və bu qanunda Sosial Mənzil Fondunun yaradılması, idarə olunması ilə bağlı müəyyən fundamental fikirlər var.

Sadəcə, Mənzil Məcəlləsində sosial mənzillərin sosial satış forması öz əksini tapmayıb. İndiki qəbul olunmuş bu qaydaları ona əlavə etmək olar. Amma şərtlər həddindən artıq ağırdır. İpoteka Fondu onsuz da illərdir bu işi görürdü. Bu fondun təqdim etdiyi sosial ipoteka əslində indiki Sosial Mənzil Fondunun təqdim etdiyi layihəyə çox yaxın idi. Hətta bəzi şərtləri ondan da yaxşı idi. O baxımdan hesab edirəm ki, həqiqətən mənzilə ehtiyacı olan gənc ailələr, bəzi sosial qruplar bu layihəyə daxil edilsəydi, yaxşı olardı. Təbii ki, bu fikrin ardınca dərhal verilən sual ondan ibarət olur ki, o şəxslərin ödəniş imkanları necə olacaq. Biz onu da müəyyən mənada izah edirik ki, ilkin ödəniş şərtlərinə əməl edən normal bir ailə, 5 min və ya 7 min manat ödəyib sonradan onu riskə atmaz. Ayda 100-150 və ya 200 manat vəsaiti də o ailə haradansa tapıb ödəyəcək. Bunun konsepsiyasını daha mükəmməl variantda hazırlamaq da olar. Bu baxımdan güzəştli şərtlərlə sosial evlərin verilməsi nəzərdə tutulan qaçqın və məcburi köçkünlər, şəhid ailələri, hərbçilər və digər bu tipli qruplar onsuz da daim dövlətin diqqətindədirlər və zaman-zaman mənzillə təmin olunurlar. Yaxşı olardı ki, mənzili olmayan digər böyük qrupların maraqları nəzərə alınardı”.

"Yeni Müsavat”

Oxşar xəbərlər