Qarın yağmaması kənd təsərrüfatına ziyandırmı?

  • 05 fev 2018, 08:38

Ekspert: "Havaların quraq keçməsi məhsul qıtlığına səbəb ola bilər”

Qışın "oğlan çağı” adlandırılan kiçik çillə yanvarın 31-dən ölkəmizə daxil olsa da, deyildiyi kimi, "kiçik çillə”nin soyuğunu, şaxtasını hiss etmirik. Əksinə, ölkəmizdə sanki bir yaz havası yaşanır.

Deyilənə görə, kiçik çillədə havanın temperaturu kəskin aşağı düşür, yağış və qar daha çox yağır. Bəzən elə olur ki, yanvarın sonunda mülayim havada bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir. Ancaq sinoptiklərin qışın son ayına verdiyi proqnoza baxsaq, fevral ayında da qarı görməcəyimizi demək olar.

Təbii ki, bu soyuğu sevməyən insanlar üçün məqsədə uyğun olsa da, kənd təsərrüfatı üçün havaların bu cür quraq keçməsi yaxşı hal sayılmır. Əslində indi əkin-biçin sahələrinin üzərini qar örtməli idi. Bir sıra rayonlara sulu və qar yağsa da, bu, davamlı olmadı. Ta qədimlərdən el arasında qar ruzi-bərəkət rəmzi hesab olunur. Qədim zamanlardan qarın torpağa, əkinçiliyə, bir sözlə, kənd təsərrüfatı sahəsinə böyük xeyri olması ilə bağlı fikirlər var.

Ekspertlər də qeyd edir ki, qar torpağın nəmliyini artırır, zərərvericiləri öldürür. Mütəxəssislər qarın taxılın, bitkilərin üzərini örtdüyünü və onu şaxtadan qoruyur. Payızlıq taxıl bitkilərindən xüsusilə arpa və buğdaya gübrə verilir. Quraqlıq hallarda bu gübrə torpağa yaxşı hopmur, lakin qar yağıb torpaqda nəmlik yarandıqda həmin gübrələr torpağın komplekslərinə qarışır və bitki üçün mənimsənilən hala düşür. Qarın başqa bir xeyri isə ondan ibarətdir ki, quraqlıq havalarda gəmirici heyvanlar taxıl zəmilərinə çox böyük ziyan vurur. Amma şaxtalı havalarda onlar gizlənir və çıxa bilmirlər.

Çoxillik bitkilər üçün isə qarın xeyri ondan ibarətdir ki, nəmlik yaranmayan yerlərdə, yəni meyvə, giləmeyvə və üzüm bağlarında nəmlik yaradır. Qarın yağması kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artmasına səbəb olur. Belə ki, qar payızda əkilən bitkilərin yetişdirilməsi, yazda əkiləcəklər üçün isə torpağın nəmlik ehtiyatının toplanması cəhətdən olduqca vacibdir. Havaların quraq keçməsi payızlıq bitkilərin yetəri qədər nəmliklə təmin olmamasına səbəb olur.

Azərbaycanda dənli bitkilərin əksəriyyəti dəmyə şəraitində yetişdirilir. Qarın yağmaması isə burada mənfi təsir göstərə bilər. Hazırda qışın olmaması, qarın yağmaması bir çox insanlarda kənd təsərrüfatı məhsullarında qıtlıq yarancağı düşüncəsini yaradır. Sinoptiklərində qışın son ayına verdiyi proqnozları nəzərə alsaq qarşımızdakı günlərdə də qışı hiss etməyəcəyimizi deməyə əsas verir. Mütəxəssislər iqlimin fəsilə uyğun davam etməsini həm orqanizmdəki proseslərin düzgün getməsi, həm də epidemioloji baxımdan vacib sayırlar.

Maraqlıdır, havaların bu cür keçməsi, qarın yağmaması bostan bitkilərinə, taxılçılığa zərər verə bilərmi?

Kənd təsərrüfatı mütəxəssisi Müslüm İbrahimov hər bir bitkiçilikdə bitkinin əmələ gəlməsində vegetasiya periodu olduğunu dedi: "Vegetasiya vaxtının da müddəti var. Qar, şaxta vaxtı bu vegetasiya periodu dayanır və müəyyən bir müddətdən sonra, mövsümi xarakterlə əlaqədar olaraq vegetasiya periodu yenidən başlayır. Təbii ki, bu proses də birinci növbədə istehsalın həcminə təsir edir. İndi bu situasiya onu göstərir ki, indiki iqlimdə bir dəyişiklik baş versə, mütləq təhlil aparmaq və proqnozları düzgün müəyyən etmək lazımdır. Artıq bitkilərin seleksiyasını həyata keçirmək lazımdır. Vegetasiya periodunda müəyyən bir dəyişikliklər etmək lazımdır. Yəni iqlim şəraitinə dayanıqlılığını müəyyən etmək lazımdır. Birinci növbədə bitki sortlarının yenidən seleksiya aparılmasına ehtiyac olacaq. Kənd təsərrüfatı ilə məşğul olan insanlar bu prosesləri daha yaxşı bilirlər. Şəhərdə yaşayan istehlakçılar bu proseslərin təhlilini aparmır. Ona görə də bizim üçün müəyyən dərəcədə qorxu yaranır ki, havalarn bu cür quraq keçməsi kənd təsərrüfatı məhsullarının qıtlığına səbəb olacaq. Ancaq bu sahədə işləyən insanlar artıq bilirlər ki, əgər iqlimdə bu cür dəyişiklik baş verirsə, hansı sortun əkilməsi daha məqsədə uyğun olardı. Sonra onun saxlanılmasında da müəyyən bir dəyişikliklər olur. Bu sahədə çalışan insanlar bu cür situasiyalara əkin-biçini adaptasiya etməyə çalışırlar”.

"Yeni Müsavat”

Oxşar xəbərlər