“Dəmirbank”da pulu olanlar nə etsin...-məsləhət

  • 06 yan 2018, 10:27

Bağlanan banklara krediti necə qaytarmaq olar; mütəxəssis: "Ləğvedici məlumat göndərməyibsə...”

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən "DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən ləğv edilib.

Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimumdan aşağı olduğuna və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə və "Banklar haqqında” qanundan irəli gələn tələblərə əsasən qəbul edib.

Qeyd edək ki, "Dəmirbank” 2017-ci il 3-cü rübün yekunlarına əsasən aktivlərinin həcminə görə 31 bank arasında 15-ci, kredit portfelinə görə 12-ci, depozit portfelinə görə 20-ci yerdə qərarlaşıb. Ötən ilin doqquz ayının yekunlarına görə, bankın fəalliyyətində 20 milyon manatdan artıq zərər yaranıb, balans kapitalı minimum normativdən təxminən 2 dəfə az olub. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün 53 milyon manata yaxın ehtiyat yaradılıb ki, bu bankın aktivlərinin 10 faizindən bir az çoxdur.

Verilən məlumata görə,  "DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna(ƏSF) üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib.

Dünən Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Dəmirbank” ASC-nin kreditorlarına müraciət edib. Müraciətdə qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən dekabrın 27-də "DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında qərar qəbul olunub, Əmanətlərin Sığortalanması Fondu həmin gündən banka ləğvedici təyin edilib: "”Banklar haqqında" qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Kreditorlardan xahiş olunur ki, bu elanın dərc edildiyi gündən 60 gün ərzində "DəmirBank”ın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsinlər".

Xatırladaq ki, lisenziyasının geri alınması qərarı elan olunan gündən "Dəmirbank”ın bütün növ kartları üzrə əməliyyatlar da dayandırılıb ki, bu da əmək haqqı, kredit kartlarının sahiblərini çətin durumda qoyub.  "Yeni Müsavat”a müraciət edən vətəndaşların verdiyi məlumatdan aydın olur ki, çətin durumda qalanlar təkcə bank kartlarının sahibləri deyil, həm də bankdan kredit götürənlərdir. Onlar kreditlər üzrə ödənişləri hara edəcəklərini bilmədikləri üçün qəzetimizdən bu barədə məlumat almağa çalışırlar.


 

 

Bank sahəsi üzrə ekspert, "Standard Bank” Kreditorlar Şurasının sədri Əkrəm Həsənovun verdiyi məlumata görə, əgər ləğvedici - yəni ƏSF tərəfindən kredit götürən vətəndaşlara hər hansı əlavə məlumat verilməyibsə, onda ödənişlərini əvvəlki qaydada "Dəmirbank”ın filial və şöbələrində həyata keçirə bilərlər: "Bank hələ ləğv edilməyib. Onun lisenziyası geri alınıb, müflis elan edilib. Bankın ləğv edilməsi prosesi ən azı bir neçə il davam edəcək. Ola bilsin ki, prosesin gedişində kreditlər başqa banklara ötürülsün, bu zaman da borclu vətəndaşlara mütləq məlumat veriləcək. Məndə olan məlumata görə, hələlik yalnız ipoteka kreditləri başqa banklara ötürülüb. Bunun özü əslində qanunsuzdur, amma artıq ediblər. Ümumiyyətlə, banklar bağlanan kimi İpoteka Fondu kreditlərini başqa banklara keçirir”.

Ə.Həsənov onu da bildirdi ki, bankların ləğv olunması dünya praktikasında da uzunmüddətli proses hesab olunur:"Ləğv olunan bankın bütün əmlakı satılmalıdır, bütün kreditləri toplanmalıdır, əmanətlər qaytarılmalıdır. Yəni bu, uzun illər tələb edən bir işdir. Dünyada da belədir. Məsələn, Almaniyada bir bankın ləğvi 70 il vaxt aparmışdı. Bu da onda irəli gəlir ki, kimlərsə bankdan uzunmüddətli dövr üçün kredit götürmüş olur. Onu krediti vaxtından əvvəl bağlamağa məcbur etmək mümkün deyil. Buna görə də ləğvedici kreditlərin tam qaytarılmasını gözləməlidir”.

Mütəxəssisin dediyinə görə, bağlanan banklardan alınan kreditlərin başqa banklara ötürülməsi də mümkündür: "Bu, ləğvedici ilə digər banklar arasında razılaşma ilə baş verir. Məsələn, bağlanan bankın kimdəsə 10 min manat krediti varsa, onu 8-9 min manata satırlar başqa banka. Yəni bağlanan bank bu yolla ləğvetmə prosesini tezləşdirir, alan bank isə 1-2 min manat xeyir götürür. Bu, dünya təcrübəsidir. Azərbaycanda onun tətbiqi çətin alınar. Çünki kreditlərin böyük hissəsi problemlidir, girov təminatı zəifdir və sair. Xüsusilə ”Dəmirbank"da problemli kreditlər xeyli yüksək idi. Bu şəraitdə digər banklar belə kreditləri almaqda maraqlı olmurlar. Belə də ola bilər ki, bağlanan bankın kreditləri dəyərindən çox aşağı məbləğə başqa banklara ötürülsün. Bu, açıq korrupsiya əməli olar və bağlanan bankların kreditorlarına belə məsələləri diqqətdə saxlamağı tövsiyə edirəm".

"Yeni Müsavat”

Oxşar xəbərlər