Azərbaycan Gürcüstandan 48 pillə geri qalır

  • 01 noy 2017, 13:13

Dünya Bankı biznes mühitini qiymətləndirən "Doing Business 2018” hesabatını açıqlayıb. Azərbaycanın ötən illə müqayisədə 8 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerə yüksəldiyi bildirilir.

Qiymətləndirmə biznesə başlama, tikintiyə icazə verilməsi, elektrik enerjisinə əlçatanlıq, daşınmaz əmlakın qeydiyyatı, kreditə əlçatanlıq, kiçik sərmayəçilərin hüquqlarının qorunması, vergilərin ödənməsi, sərhəddə ticarət, müqavilələrin icrası, müflisləşmənin həlli meyarlarına əsaslanır.

Novator.az bildirir ki, qonşu Gürcüstan hesabatda 9-cu pillədə dayanır.

Rusiya 35-ci, Ermənistan 47-ci, Türkiyə 60-cı, İran 124-cü yerdə göstərilir.

Keçmiş SSRİ məkanından Estoniya 12-ci, Litva 16-cı, Latviya 19-cu, Qazaxıstan 36-cı, Belarus 38-ci, Moldova 44-cü, Özbəkistan 74-cü, Ukrayna 76-cı, Qırğızıstan 77-ci, Tacikistan 123-cü sıradadır.

Biznes mühiti reytinqinə Yeni Zelandiya başçılıq edir, Somali isə sonuncu pillədir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın mövqeyi 10 indikatordan 6 indikator üzrə yaxşılaşıb: elektrikə enerjisinə əlçatanlıq (3 pillə), daşınmaz əmlakın qeydiyyatı (1 pillə), kiçik sərmayəçilərin hüquqlarının qorunması (22 pillə), vergilərin ödənməsi (5 pillə), müqavilələrin icrası (6 pillə) və müflisləşmənin həlli (39 pillə).

Oxşar xəbərlər