TAP ilə bağlı kon qərarı

  • 15 apr 2017, 10:14

Nazir Natiq Əliyev də yaranmış vəziyyətdən narahatdır

"İtaliyada TAP-ın tikintisi ilə bağlı bir sıra çətinliklər hələ də qalır”. Bunu energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşündə deyib.

R.Sekuta "Cənub Qaz Dəhlizi” layihəsinin gedişi ilə də maraqlanıb. N.Əliyev səfiri layihə üzrə görülən işlər və mövcud çətinliklər barədə məlumatlandırıb. Qeyd olunub ki, "Şahdəniz - Mərhələ 2", "Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi", "Trans-Anadolu” qaz boru kəməri" layihələri üzrə işlərin gedişi qənaətbəxş səviyyədədir. Lakin İtaliyada "Trans-Adriatik” qaz boru kəmərinin tikintisi ilə bağlı bir sıra çətinliklər hələ də qalır.

 

Nazir bu problemlərin "Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşmasına mümkün təsirlərindən narahatlığını ifadə edib. İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendanın TAP layihəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirən N.Əliyev "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşünün işlərin sürətlənməsinə və prosesin irəliləməsinə töhfə verdiyini də vurğulayıb. Səfir isə ABŞ-ın "Cənub Qaz Dəhlizi” layihəsinin icrasını daim diqqətdə saxladığını və bu dəstəyin davamlı olduğunu bildirib.

 


TAP layihəsi ilə bağlı yaşanan problemləri dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu, Azərbaycan üçün də ciddi bir problemdir: "Söhbət TAP kəmərinin reallaşmasına qarşı olanlardan gedir. Bu kəmərin reallaşması zamanı ekoloji standartların gözlənməsi vacibdir. Azərbaycan da ekoloji standartların gözlənməsində maraqlı olan tərəfdir. Burada əsas məsələ 221 zeytun ağacının köçürülməsidir. İtaliya hökuməti heç bir zeytun ağacına ziyan vurmadan onların köçürülməsinə söz verib. Amma son məlumatlar göstərir ki, bu ağacların köçürülməsində problem yaşanır. İtaliya hökuməti bu məsələnin problemsiz şəkildə həll olunacağını bildirib. Lakin hələ ki, razılıq əldə etmək mümkün olmayıb”.


Ekspert qeyd etdi ki, aprelin 19-da keçirilən məhkəmədə bu haqda müsbət qərar qəbul edilməsə proses yubanacaq: "Çünki artıq isti havalar başlanır. Bu zaman isə ağacların köçürülməsi mümkün deyil. O zaman ağaclar quruya bilər. Əgər aprelin 19-da ağacların köçürülməsi ilə bağlı qərar qəbul edilməsə bu artıq prosesin payıza qədər yubanması anlamına gələcək. O vaxta qədər TAP-la bağlı aparılan işlər dayandırılacaq.


İstənilən halda ekoloji standartların qorunması vacibdir və kimsə bunun əleyhinə çıxış etmir. Ancaq müşahidələr onu göstərir ki, Azərbaycan mavi qazının Avropaya çıxarılmasında maraqlı olmayan qüvvələrin fəaliyyəti daha çoxdur. Konkret olaraq hansısa şirkətləri və ya qrupları ittiham etmək çətindir. Söhbət Azərbaycan mavi qazının Avropaya daşınmasında, Avropanın enerji təhlükəsizliyinin şaxələnməsində maraqlı olmayan şirkətlər və qüvvələr bu faktordan istifadə etməklə TAP-ın icrasını yubatmağa çalışırlar və artıq bu özünü göstərir".


V.Bayramovun sözlərinə görə, Azərbaycanın bu prosesə müdaxilə etmək imkanları zəifdir: "Çünki ekoloji məsələdir və İtaliya ərazisində baş verir. İndiki məqamda TAP-la bağlı proseslərə texniki baxımdan müdaxilə imkanları yoxdur. Bu Azərbaycan hökumətinin səlahiyyətində olan məsələ deyil, birbaşa İtaliya hökumətinin səlahiyyətində olan məsələdir. İndiki halda Azərbaycan sadəcə prosesləri izləmək və diplomatik vasitələrdən istifadə etməklə prosesin sürətləndirilməsinə çalışa bilər. Təbii ki, son qərarı İtaliya məhkəməsi verəcək”.


İqtisadçı onu da bildirdi ki, TAP-ın qurudakı hissəsinin tikintisi geciksə, bu bütövlükdə Cənub Qaz Dəhlizi layihəsinin yubanmasına səbəb olacaq: "Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin yubanmasında maraqlı deyil. Çünki 2020-ci ilədək Azərbaycan mavi qazı Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə bazarına çıxacaq. Əgər burada hər hansı yubanma baş verərsə, bu Azərbaycan mavi qazı hədəflənən vaxtda Avropa bazarına çıxmasında əngəllər yarada bilər”.


ABŞ səfiri ilə Azərbaycan energetika nazirinin görüşünə gəlincə, Vüqar Bayramov bildirdi ki, diplomatik kanallardan istifadə etməklə prosesə təsir etmək mümkündür.


TAP əleyhinə aksiyaların başlamasında Rusiyanın əlinin olması fikrinə toxunan ekspert qeyd etdi ki, ehtimallar olsa da, bunu müəyyənləşdirmək çətindir: "Rusiya Azərbaycan mavi qazının Avropa bazarına çıxmasında maraqlı olmayan tərəf kimi qiymətləndirilə bilər. Çünki "Qazprom" hazırda Avropa bazarında dominantdır. Ancaq burada Rusiyanın təsir imkanları və ya "Qazprom”un iştirakının olub-olmamasını müəyyənləşdirmək çox çətindir. Hər halda Rusiyanın Avropa bazarına başqa bir şirkətin daxil olmasında maraqlı olmasını söyləmək də çətindir. Bu prosesdə Rusiyanın rolunun olmasını qiymətləndirmək də o qədər asan deyil".


Nərgiz LİFTİYEVA

Oxşar xəbərlər