Avro-2016' da 'pley-off' başlayır: uduzan evə!

  • 25 iyun 2016, 10:54
Polşa və İsveçrə qarşılaşması, Britaniya derbisi  və Portuqaliyanın Xorvatiya sınağı

Bu gün "Avro-2016"da "pley-off" mərhələsinə start veriləcək. Saat 17:00-da İsveçrə və Polşa milliləri qarşılaşacaq. Saat 20:00-da Uels və Şimali İrlandiya oyununun start fiti səslənəcək. Günün son oyununda- saat  23:00-da Xorvatiya və Portuqaliya qarşı-qarşıya gələcəklər. Bu mərhələdə oyun sistemi sadədir: uduzan evə qayıdır...


İki müxtəlif oyun stili: Polşa, yoxsa  İsveçrə?

İsveçrə və Polşa millilərinin "pley-off” mərhələsində üz-üzə gələcəyi məlum olanda azarkeşlər adına heç sevinmək olmur. Çünki Polşa millisi qrup mərhələsində 7 xal toplasa da, heç də parlaq oyunu ilə seçilmədi. Bəli, Polşa qrup mərhələsində uduzmayıb və keçirdiyi üç oyunda hətta qapısından top da buraxmayıb. Amma 7 xal toplayan komanda qapılara da cəmi 2 top vura bilib. Şimali İrlandiya və Ukraynaya minimal hesabla qalib gəlib, Almaniya ilə oyunda isə qolsuz bərabərlik qeydə alınıb. 

 

Şimali İrlandiya ilə oyunda polşalılar topa nəzarəti özlərində saxlamaqla Britaniya təmsilçilərinə heç bir təhlükəli vəziyyət yaratmağa imkan vermədilər. Həmin qarşılaşma Fransa çempionatın ən sönük oyunu kimi də yadda qaldı. Ukraynaya qarşı oyunda da polşalılar qapıya bir top vurdular. Almaniya ilə heç-heçə isə xüsusi zəhmət tələb etmədi. İki tərəfi də heç-heçə qane edirdi deyə, nəticəyə oynadılar.

Ötən saylarımızda da Polşa komandası haqda qeydlərimizdə onların Almaniya futbolundan bəzi yaxşı mənada"oğurluqlar”  etdiyini bildirmişdik. Polşa keçirdiyi üç oyunda almanlar kimi əsasən topa nəzarət edərək istədikləri nəticəni əldə etdilər, "pley-off”a çıxmış bəzi komandalara nisbətən stabil(amma ağır) oyun sərgilədilər. Amma Polşa futbolu Almaniyadan sürət və texnika, eləcə də məhsuldarlıq baxımında çox geri qalır.

Bu məsələdə Polşanın hücum xəttinin əsas ümidi Robert Levandovskinin də məsuliyyəti var. Forvard  ilk mərhələdə heç cürə öz oyununu tapa bilmədi. Seçmə mərhələnin  ən məhsuldar oyunçularından olan Levandovski son üç oyunda "yuxuladı”. Amma daha qrup mərhələsi bitib və indi hər anın öz hökmü var. Levandovski bugünkü qarşılaşmada nəhayət, öz oyununu və qapıya yol tapmazsa, Polşa millisi üçün çox çətin olacaq...

Polşa Futbol Federasiyasının prezidenti Zbiqnev Bonek deyib ki, milli komanda 7 xal toplamış və qapısından top buraxmayan iki komandadan biridir. "Bizim əsas məqsədimiz növbəti mərhələyə çıxmaq idi ki, bunu komanda bacardı. Biz ”pley-off"da da yaxşı nəticə göstərmək istəyirik" deyə, Bonek bildirib.

İsveçrə də qrup mərhələsində xüsusi alqışlanacaq oyun göstərə bilmədi. İsveçrə də bugünkü rəqibləri kimi Fransada uduzmayıb. Albaniya ilə oyunda çətin qələbə əldə edib, Rumıniya və Fransa ilə qarşılaşmada xalları bölüb. İsveçrə də üç oyunda 3 top vura bilib. Qrup mərhələsi üçün 5 xal əlbəttə ki, yaxşı göstəricidir. Amma komanda oyunu baxımdan İsveçrə çox axsayır və əsasən bir neçə aparıcı oyunçusunun fərdi ustalığına və standart qol vəziyyətlərinə ümid edir. Qeyd edək ki, millinin heyətində Denis Zakariya, Xerdan Şakiri Admir Mexmedi və Haris Seferoviç kimi Avropanın nüfuzlu klublarında oyunçular var.

Komandanın  yarımmüdafiəçisi Fabian Fray deyir ki, Polşa və İsveçrə qarşılaşması iki ayrı oyun stili olan komandaların qarşılaşması olacaq: "Biz qrup mərhələsində topa daha çox nəzarət edən komandalar sırasındayıq. Polşa isə müdafiədə oturub əks-hücumlar təşkil edir. Bu, iki müxtəlif stili olan komandalardır və şənbə günü oyunda kimin qalib gələcəyi çox maraqlıdır”.

İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviçin yetirmələri ilə Adam Navalkanın rəhbərlik etdiyi Polşa yığması sonuncu dəfə iki ilə əvvəl yoldaşlıq görüşündə qarşılaşıblar. Oyun 2:2 hesabı ilə bitib. İsveçrə - Polşa oyununu referi Mark Klattenburq idarə edəcək.

Daha bir Britaniya derbisi

Bu çempionatda Britaniya krallığı üç milli komanda ilə təmsil olunur: İngiltərə, Uels və Şimali İrlandiya. Hər üç komanda "pley-off” mərhələsinə vəsiqə qazanıb. Günün ikinci qarşılaşmasında da məhz iki Britaniya təmsilçisi üz-üzə gələcək.


 

Şimali İrlandiya qrup mərhələsində "dişli” oyun göstərmədi. Milli komanda ilk dəfədir ki, Avropa çempionatının final mərhələsinə qatılmaq haqqı qazanıb və təcrübəsi azdır.
Baş  məşqçisi Maykl Onil seçmə mərhələdə komandanı yaxşı təşkilatlandırmışdı. Polşayla  qrup mərhələsində qarşılaşmayadək  "şimallılar” 12 oyun idi ki, uduzmurdu. Şimali İrlandiya proqnozlaşdırılmayan komandadır və bu gün Uelslə oyunda da sürpriz edə bilər.  Şimali İrlandiya millisinin heyətində Corri Evans, Makneyr və Lafferti kimi futbolçular  var.
Polşaya və Almaniyaya uduzan Britaniya təmsilçiləri yalnız Ukrayna millisi üzərində 2 top fərqi ilə qələbəsi sayəsində növbəti mərhələyə keçib. Bu isə artıq böyük uğurdur və əgər bu gün Uelsə uduzsalar belə, onları vətənlərində alqışlarla qarşılanacaqlar.



Uels milli komandası da 50 il sonra Avropa çempionatına vəsiqə qazanıb və Fransada oynamaq onların necə xoşuna gəlibsə, qrupda birinci yeri tutublar. Həm də qrup oyununda 1:2  hesabı ilə uduzduqları İngiltərə millisini geridə qoyaraq... Uels millisi bir daha sübut etdi ki, komandada aparıcı oyunçu, ulduz futbolçu nə deməkdir. Uels keçirdiyi üç oyunda 5 top vurdu ki, bunun üçü çempionatın həm də bombardiri olan Qaret Frenk Beylin payına düşüb. Onu güclü şimali irlandiyalıların müdafiəsi bu gün saxlaya bilməzsə, o  da vurduğu topların sayını artıra bilər. Amma təkcə Beyli ilə də iş bitmir, Uelsin daha bir təhlükəli forvardı da var-Aron Remsi. Bugünkü oyunun taleyini də yəqin ki, bu iki oyunçu və onların qarşısını kəsmək üçün müxtəlif varianlar düşünən təcrübəli məşqçi Onill həll edəcək. Uels - Şimali İrlandiya oyunu Martin Atkinsona həvalə edilib.

Portuqaliya nəyə ümid edir?

Xorvatiya  milisinin baş məşqçisi  Ante Çaçiç deyib ki, bu mərhələdə zəif rəqib yoxdur. "Bizə isə ən çətin rəqib düşüb” deyə, baş məşqçi oyun öncəsi  gileylənib.  Çaçiç xatırladıb ki,  Xorvatiyanın qrupu da güclü idi və onun komandası İspaniyanı geridə buraxaraq mərhələni lider kimi  tamamlaya bilib. "Bu oyuna inamsız çıxmağımız üçün heç bir əsas yoxdur. Biz Portuqaliya millisinə hörmət edirik, amma öz gücümüzə və oyunçularımıza güvənirik”. İspaniya ilə oyunda Ramosun vurduğu penaltini dəf edən Xorvatiya millisinin qapıçısı Daniyel Subaşiç də oyun ərəfəsi daha çox Kriştian Ronaldoyla bağlı suallarla üzləşdiyini etiraf edib. "Ronaldo haqda o qədər soruşurlar ki, nə cavab verəcəyimi bilmirəm. Mən də onun oyununa sizin kimi televizordan baxmışam” deyə, qolkiper bildirib. Xorvatiya ilə Portuqaliya arasında indiyədək üç oyun olub. 1996-cı il Avropa çempionatının qrup mərhələsində portuqallar xorvatları 3: 0 hesabı ilə məğlub edib. 2005 və 20013-cü illərdə isə iki yoldaşlıq görüşündə Portuqaliya yenə qalib gəlib. FİFA-nın reytinq cədvəlində də Xorvatiya rəqibindən geri qalır. Anti Çaçiçin komandası 27-ci yerdə qərarlaşıb. Portuqaliya isə dünya güclüləri sırasında 8-cidir.

Xorvatiya qrup mərhələsində ən parlaq komanda oldu desək, yanılmarıq. Komanda keçirdiyi hər görüşdə qol vurur və xeyli də təhlükəli qol vəziyyətləri yaradırlar.  Son Avropa çempionu İspaniya üzərində qələbədən sonra  Xorvatiyanı artıq yeni Avropa çempionu kimi təqdimatı artıb. Xorvatiya güclü hücum və yarımmüdafiə xəti ilə seçilir.

Portuqaliya isə növbəti mərhələyə sürünərək çıxdı. Əslində də heç növbəti mərhələyə çıxmaması da gərəkirdi. Komanda qrup mərhələsində qapısından 4 top buraxması qırağa, bir qələbə qazanmadan "pley-off”a keçdi. Portuqaliya bəxtli komandadır və həm də bəxtləri onda gətirib ki, Ronaldoda bu komandada  oynayır. Son iki oyunda qol vurmaq üçün vurnuxan Ronaldo Macarıstanla oyunda, nəhayət dubl etdi. Macarıstanla oyun da bir daha göstərdi ki, Portuqaliya millisi əvvəlki gücdə deyil və bu gün Xorvatiya onların "pley-off”a təsadüf nəticəsində gəlib düşdüklərinin sübut etməlidir. 

Hə iki komandanın hücum xətti ulduzlarla parlasa da, müdafiədə boşluqlar var. Xorvatiya milisinin Çexiya ilə oyunda iki top fərqli üstünlüyü son 15 dəqiqədə əldən verməsi bunun sübutudur. Bu cür boşluqları rəqib bağışlamır və "pley-off”da bu cür səhvlər komandanın bütün zəhmətinin heç edə bilir. 

Xorvatiya - Portuqaliya matçı isə  Karlos Velasko Karbalyo idarə edəcək. 

Çempionat iki günlük fasilədən sonra bu gün yenidən qızışır...

Nazim SABİROĞLU
Oxşar xəbərlər