Bu gün Premyer Liqada 30-cu tur

  • 16 apr 2016, 08:47

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçiriləcək.

Qarşılaşmalar Gəncə və Bakıda baş tutacaq.

Günə "Kəpəz" - "İnter" oyunu ilə start veriləcək. Hazırda 45 xalla 5-ci pillədə qərarlaşan Gəncə təmsilçisi qələbə qazanacağı təqdirdə, "Qəbələ"ni geridə qoyacaq və "İnter"lə xallarını bərabərləşdirərək 3-cü pilləni bölüşəcək. Xal itirəcəyi halda isə "Kəpəz" hazırkı mövqeyini dəyişməyəcək. Avrokuboklara vəsiqə qazanmaq istəyən Şahin Diniyevin yetirmələri yola davam etmək üçün mütləq qələbə qazanmalıdırlar. "İnter" isə mövqeyini qorumaq üçün səfərdən xalla dönməlidir. Qələbə paytaxt təmsilçisi ilə ikinci pillənin sahibi "Zirə" arasında olan fərqi 5-ə endirəcək. Komandalar bu günədək 21 dəfə üz-üzə gəlib. Üstünlüyə malik olan "İnter" 14, "Kəpəz" isə 4 qələbə qazanıb. Qalan 3 matç bərabərliklə yekunlaşıb.

İkinci oyun gününün mərkəzi görüşünə "Bakcell Arena"da yekun vurulacaq. İstədiyi nəticəni qazana bilməyən "Neftçi" turnir cədvəlinin vahid lideri "Qarabağ"ı qəbul edəcək. "Qarabağ" qalib gələrsə, ən yaxın izləyicisi "Zirə" ilə xal fərqini 13-ə yüksəldəcək. "Neftçi" isə "Zirə" və "İnter"in avrokuboklara qatılmayacağını nəzərə alaraq, beynəlxalq arenada çıxış etmək üçün ən yaxın qonşusu AZAL-ı geridə qoymalıdır. Bu komandalar arasında keçirilmiş 63 oyundan 18-i "Neftçi"nin, 21-i isə "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb. 24 oyunda bərabərlik qeydə alınıb.

Turun son oyunları aprelin 17-də keçiriləcək.

Azərbaycan Premyer Liqası, XXX tur

13:30. "Kəpəz" – "İnter"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Gəncə. Gəncə şəhər stadionu

16:00. "Neftçi" – "Qarabağ"

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Rövşən Əhmədov

Bakı. "Bakcell Arena"

Qeyd edək ki, turun açılış oyunu Qəbələdə keçirilib. "Qəbələ" Bakının "Rəvan" klubunu 2:0 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər