"Formula-1" yarışının keçirilmə vaxtı açıqlandı

  • 22 yan 2016, 20:28

Bu il iyunun 19-da Azərbaycanda ilk dəfə təşkil olunacaq "Formula-1" Avropa Qran Prisinə yerli vaxtla saat 18:00-da start veriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) APA-ya verilən məlumata görə, Bakıda keçiriləcək "Formula-1" yarışı ilə Fransada baş tutacaq 24 saat Le Man marafonu üst-üstə düşməyəcək.

Belə ki, Le Man marafonu 19 iyun tarixində Bakı vaxtı ilə saat 17:00-da başa çatacaq. Əməliyyat şirkəti ictimaiyyətin diqqətinə çatdırır ki, yarış günü Bakıda günəşin saat 21:14-də batacağı proqnozlaşdırılır. Yarışın başlama vaxtı ilə günəşin batması arasındakı 3 saatlıq müddət imkan verir ki, Avropa Qran Prisi hava qaralanadək yekunlaşsın.

Qeyd edək ki, Azərbaycanda təşkil olunacaq "Formula-1" Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası” (BŞH) adlanır. 20 müxtəlif döngə və 6 kilometrlik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, 340 km/saat maksimal sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqasının cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir. Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçərişəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2.2 km dənizkənarı hamar hissəsi və s. özəlliklərlə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

*   *   *10:40

"Formula 1” yarışlarının Bakı mərhələsinin təşkilatçıları Azərbaycan paytaxtında iyun ayında keçirilməsi nəzərdə tutulan bu tədbirin neftin qiymətinin ucuzlaşması və manatın devalvasiyası üzündən ləğv ediləcəyi ehtimalını inkar edirlər.

"Manatın məzənnəsinin bu məsələyə aidiyyatı yoxdur, Belə ki, Avropa Qran-Prisinin büdcəsi dollarla hesablanıb. Buna görə də, nəzərdə tutulan xərclərdə dəyişiklik gözlənilmir”, - bir sıra xarici KİV nümayəndələrinin suallarını təşkilatçı şirkət olan "Baku City Circuit”in mətbuat xidməti belə cavablandırıb.

Bəzi xarici mətbuat orqanları, o cümlədən Reuters, ESPN, Motorsport.com və digərləri narahatlıqlarını bildirirlər ki, 17-19 iyun tarixlərinə nəzərdə tutulmuş Avropa Qran-Prisi baş tutmaya bilər.

"Biz milli valyutamızın devalvasiyası ilə əlaqədar narahatlığı bölüşürük və etiraf edirik ki, bu cür irimiqyaslı tədbirin keçirilməsi böyük xərclər tələb edir. Lakin bir daha qeyd etmək istəyirik ki, "Formula 1” yarışlarının təşkili milli iqtisadiyyata həm yaxın, həm də uzaq perspektivdə böyük fayda gətirəcək”, - mətbuat xidmətinin məlumatında belə deyilir.

Məlumatda vurğulanır ki, Avropa Qran-Prisi Azərbaycana turist axınını gücləndirəcək, ölkə iqtisadiyyatı milyonlarla gəlir əldə edəcək. Bundan əlavə, yarışlara bilavasitə və dolayı yolla əlaqəsi olan minlərlə yeni iş yerinin açılacağı da məlumatda əksini tapıb.

Oxşar xəbərlər