Oğlunun prezident seçilməsini “apasport”dan eşitdi...

  • 23 dek 2015, 18:20

"Oğlum artıq "İnter” klubunun prezidenti təyin olunub? Düzü, onun bu vəzifəyə gətiriləcəyini bilirdim. Amma təyinatın indi gerçəkləşdiyini ilk dəfə sizdən eşidirəm”. Bunu apasport.az saytına açıqlamasında "İnter”ə yeni prezident təyin olunan Rəşad Qasımovun atası Müzəffər Qasımov deyib.

 

Dövrünün tanınmış futbolçusu olmuş, hazırda "Kəpəz” klubunda Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərən Qasımov oğlunun "İnter”ə təyinatını dəyərləndirib. O bildirib ki, "bankirlər”in yeni rəhbəri bu vəzifənin öhdəsindən gələcək gücdədi: "Oğlum futbol sahəsinə yad sima deyil. Vaxtilə futbolçu olub. 90-cı illərdə "Kəpəz”in, Samuxun "Bozqurd” komandasının heyətində çıxış edib. Düşünürəm ki, futbol klubunda çalışmaq onun üçün çətin olmayacaq. "İnter”in son vaxtlardakı durumunun düzələcəyinə də inanıram”.

 

Müzəffər bəy oğlunun karyerasını bitirdikdən sonra bank sektorunda çalışmasına da aydınlıq gətirib: "Rəşad universiteti Gəncədə oxudu, sonra Bakıya köçdü. Elə o vaxtda paytaxtda yaşayır. Bank işinə çox meylli idi, bu sahəyə böyük həvəs göstərirdi. Bunun nəticəsidi ki, Bakıya getdikdən sonra bankda çalışıb. Rəşadın oğlu da ara-sıra futbol oynayır. Amma hansısa komandada müntəzəm məşq etmir”.

 

Qeyd edək ki, Rəşad Qasımov "İnter”ə Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibat uçotu və nəzarət departamenti direktorluğundan gətirilib.

 Rəşad