Zubir necə oyunçudur?

  • 31 avq 2019, 10:53

"Qarabağ” Avroliqanın "A” qrupuna düşdü və rəqibləri keçilməz deyil...

"Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq minimum nəticə əldə edə bildi. Əlbəttə, məsələn, çox uzağa getmədən adlı-sanlı Moskva "Spartak”ının, heyətində  Andre Şürle kimi oyunçuya sahib klubun Portuqaliyanın ortabab komandasına iki oyunda uduzaraq Avroliqa qrupuna düşməməsini nəzərə aldıqda bu nəticəyə minimum demək naşükürlük kimi də görünə bilər. 

Heyətində parlaq ulduz olmayan  "Srvena Zvezda”nın və ya Zaqreb "Dinamo”sunun Çempionlar Liqasının qrupuna vəsiqə qazandığını da yada saldıqda "Qarabağ”ın yarıyolda qalması təəssüf doğurur. Amma unutmayaq ki, "Qarabağ” elə bu heyətlə ən yaxşısını bacardı.

"Linfild”lə oyun haqda xüsusi danışmağa ehtiyac yoxdur. Klub üzərinə düşəni etdi, qrup mərhələsinə vəsiqə qazandı. "Linfild” bu mövsüm "Qarabağ”ın oynadığı ən zəif rəqib idi, baş məşqçi Hillin dediyi kimi, "yarım həvəskar” klub... Amma "Qarabağ”a onu asanlıqla keçmək belə problemli oldu. Ümumi hesaba baxın: 4:4.

"Qarabağ” yalnız rəqib meydanda vurduğu qollara görə mərhələni adlaya bildi.  Son oyunlarda çox deyilir ki, klub əldə etdiyi qol imkanlarını realizə edə bilmir, bir az bəxt gətirmir və sair. Bu bəxt amili ilə razılaşmaq olar, amma o suala cavab yoxdur ki, niyə klub fürsəti qola çevirə bilmir. Səbəb nədir? Birini subyektiv fikrimiz kimi deyirik: Zubirin zərbəsi yox! Hər gözəlin bir eybi olduğu kimi bu gözəl oyunçunun zərbəsinin kəsəri yox! Yəni topa cərimə zərbəsindən belə vurduğu zərbəni  qapıçı asanlıqla ya tuta və ya qaytara bilir. Bunun niyə belə olduğunu demək çətindir, adam fizik cəhətdən zəif deyil axı, cərimə meydançası həndəvərində arı kimi işləyir. Fəqət, lakin və amma zərbəsi yox... Fikir verdinizsə, "Linfild”ə vurduğu ikinci topda da qapıçını aldadıb boş qapıya vurdu. Əgər oralardan vursaydı, yenə çətin ki, top qapıya girərdi. Ona bir çox klubun göz dikdiyi məlumdur, amma "Qarabağ”ın qrup mərhələsinə düşməsindən sonra niyə getsin ki? Klub onu niyə satsın ki?   Yeri gəlmişkən, "Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl "Linfild”lə cavab  oyunundan sonra Zubirlə bağlı jurnalistlərin sualını  cavablandırıb. "Kimisə satmaq istəmirik. Bizim güclü olmağa ehtiyacımız var. Var gücümüzlə davam edəcəyik. O vəziyyətdə deyilik ki, oyunçumuzu sataq. "Qarabağ" artıq futbolçu gətirib, Avropaya yaxşı qiymətə satmalıdır. Buna nail olsaq, böyük qarantimiz olacaq" deyə, vitse-prezident bildirib. Prinsipcə, bu, Zubirlə bağlı məsələyə nöqtə hesab oluna bilər. Komandanın kapitanı Rəşad Sadıqovun da heyətlə bağlı maraqlı fikirləri var. O da müsahibəsində deyib ki,   hətta "Mançester Siti”nin belə heyətini gücləndirməyə ehtiyacı var. "Həmçinin də ”Qarabağ"ın. Baş məşqçimiz Qurban Qurbanov açıqlamalarında transfer danışıqlarının aparıldığını və axtarışda olduğumuzu bildirib. Amma vaxt az qalıb. Alınıb-alınmayacağını zaman göstərəcək".

"Qarabağ”ın indən sonra hansısa uğurlu transferi haqda danışmağa adam ürək etmir. Transfer pəncərəsi artıq sabahdan bağlanmış olmalı... Bu mövsüm kluba gələnlər haqda hələ ki umumən müsbət fikirlər söyləmək mümkündür. Onlar arasında yalnız  Maqaye  Qaye haqda mənim bir azarkeş kimi hələ fikrim yox. Baxmayaraq ki, avrokuboklarda iki qol vurub, bir məhsuldar ötürmə edib, nəsə onda kluba adaptasiya zəif gedir. Sanki bir yad kimi görünür. Allah etsin, kluba sonrakı mərhələlərdə yaralı olsun.

 "Qarabağ”ın Avroliqada  ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməsi qərarı yaxşı xəbərdi.  Olimpiya stadionuna öyrəşmək çətindir, bura gəlib bir dəfə oynayıb bir də bir ildən sonra qayıtmağa daha uyğun meydandır. Deyilənlərə görə, bəzi bölümlərdə meydanı da yaxşı görmək olmur. Tofiq Bəhramov necə deyərlər, daha çox "özümüzünküdür”. Həm də "Qarabağ” burada özünü daha rahat hiss edir.

***

Avqustun 30-da Monakoda Avroliqanın qrupları müəyyən edilib.  Ağdam təmsilçisi  A qrupunda "Sevilya” (İspaniya), APOEL (Kipr) və "Düdelanj”la (Lüksemburq) mübarizə aparacaq. Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.

Bu dəfə püşk bizə qarşı bir az ədalətli oldu deyə bilərik. Doğrusu, könül istərdi ki, bir Türkiyə klubu ilə rəqib olaq. İspaniya "Sevilya”sı haqda xüsusi təqdimata gərək yox.  Hazırda İspaniya çempionatına 6 xalla liderlik edirlər, 5 dəfə Avropa Liqasının qalibi olub. Bizim ispanlarla  oyun təcrübəmiz var. "Atletiko”dan  qopardığımız iki xal və qapılarına vurduğumuz top hələ də yeri düşəndə danışılır. "Sevilya” bu qrupun lideri kimi görünür, amma sürprizlər də ola bilər. Müasir futbolda düzgün seçilmiş taktika indi milyonluq oyunçular qədər əhəmiyyətlidir...

"Düdelanj”la "Qarabağ”  3 il əvvəl oynayıb və bir oyunda qalib gəlib, cavab oyunda da uduzmayıb.

APOEL isə Kiprdə bizimlə ilk oyundan fərqli olaraq xeyli gücləndi. Onların "Ayaks”la keçirdikləri hər iki pley-off oyunlarına baxanlar bunu təsdiq edə bilərlər. Orada baş məşqçi dəyişikliyindən sonra klub daha yaxşı, aqressiv  oyun sərgiləyir. Kiprdə hələ çempionat başlamayıb və  APOEL ola bilsin, bu səbəbdən bütün gücünü ÇL qrupuna düşmək üçün qoydu. Hollandiyadakı oyunda "Ayaks”la başa-baş oynadı. Baxmayaraq ki, "Ayaks” ötən mövsümdəki kimi güclü deyil, o səbəbdən APOEL-ə qalib gəlmək üçün xeyli tər tökdülər. Deməyimiz odur ki, bu klubla haqq-hesabımız qalır, onun əvəzini çıxmaq şansımız var. Həm də indidən aydındır ki, qrup ikinciliyinə ən çox "Qarabağ” və APOEL can atacaqlar.

"Qarabağ”ımız üçün xeyirli olsun...

/"Yeni Müsavat”/

Oxşar xəbərlər