"Qarabağ" Londonda "Arsenal"ın qonağı olacaq

  • 13 dek 2018, 08:27

Bu gün "Qarabağ” 2018/2019-cu illər avrokubok mövsümündə sonuncu oyununa çıxacaq.

"Report” xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin axırıncı – VI turunda İngiltərədə "Arsenal”ın qonağı olacaq. Bu komandaların yer aldığı E qrupunda meydan sahibləri ilə Portuqaliya "Sportinq”i 1/16 finala vəsiqəni təmin etdiyindən görüş formal xarakter daşıyır.

2017/18 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan "Qarabağ” Çemionlar Liqasının (ÇL) I təsnifat mərhələsində Sloveniya "Olimpiya”sını (0:0, 1:0), ardınca Albaniyanın "Kukesi” komandasını mübarizədən kənarlaşdırıb (0:0, 3:0). Ötən mövsüm ÇL-in qrupuna düşən ilk Azərbaycan klubu olan "köhlən atlar”ın bu dəfə qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib (0:1, 1:1). Əvəzində Avropa Liqasının pley-off mərhələsində Moldovanın "Şerif” kollektivindən güclü olan (0:1, 3:0) "Qarabağ” qrupa vəsiqə qazanıb.

Ağdamlıların "Arsenal” ilə Bakı Olimpiya Stadionundakı görüşü II tura təsadüf edib. Oktyabrın 4-də keçirilən oyunda "topçular” Sokratis Papastatopulos, İmil Smit-Rou və Matteo Genduzinin qolları ilə qalib gəliblər.

"Qarabağ” həmçinin "Sportinq”ə hər iki görüşdə uduzub (0:2, 1:6). Ukrayna "Vorskla”sı ilə duellərdə isə komandalar bir-birlərini səfərdə tək qolla məğlub ediblər. "Arsenal” isə poltavalıları hər iki oyunda üstələməklə yanaşı (4:2, 3:0), "Sportinq”dən yalnız səfərdə güclü olub (1:0, 0:0).

"Topçular” cari mövsümə qədər heç vaxt Azərbaycan komandaları ilə qarşılaşmayıb. "Qarabağ” isə İngiltərə təmsilçilərinə qarşı daha əvvəl keçirdiyi 4 oyunun hamısında uduzub. Q.Qurbanovun rəhbərlik etdiyi kollektiv 2015/16 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Tottenhem”ə (0:1, 1:3), ötən mövsüm Çempionlar Liqasının (ÇL) qrupunda isə "Çelsi”yə məğlub olub (0:6, 0:4).

London təmsilçisi 2017/18 mövsümündə Premyer Liqada 6-cı yeri tutub və qrupa birbaşa vəsiqə əldə edib. Ardıcıl 19 il ÇL-də çıxış edən "Arsenal” ötən mövsüm Avropa Liqası adlanan turnirdə debüt edib və yarımfinala qədər irəliləyib. Burada isə yarışın qalibi olan "Atletiko”ya uduzub (1:1, 0:1).

"Arsenal”da Rob Holdinq cəzalı, Şkodran Mustafi, Konstantinos Mavropanos, Naço Monreal və Denni Uelbek zədəlidir. "Qarabağ”da isə uzun müddətə sıradan çıxan İnnosent Emeqara xaric hər kəs meydana çıxmağa hazırdır.

Matç formal xarakter daşısa da, "Qarabağ” qrup sonuncusu olmamaq üçün səy göstərməlidir. Hazırda Ağdam komandası "Vorskla” ilə eyni – 3 xala malik olsa da, ukraynalılar top fərqinə görə öndədirlər. Poltava təmsilçisi 4 top vurub, 6 qol buraxdığı halda, Azərbaycan çempionu qapısında 12 qol görüb və cəmi 2 dəfə fərqlənib.

UEFA Avropa Liqası

Qrup mərhələsi, VI tur

13 dekabr

00:00. "Arsenal” (London, İngiltərə) - "Qarabağ” (Ağdam, Azərbaycan)

Baş hakim: Yens Moe

Yan xətt hakimləri: Lars Hummelqor, Heyne Serensen

Əlavə köməkçilər: Yorgen Burxardt, Morten Kroq

Dördüncü hakim: Esper Dal (hakimlər briqadası Danimarkadandır)

Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)

UEFA nümayəndəsi: Styrbjörn Oskarsson (Finlandiya)

London. "Emireyts” stadionu

Xal durumu: "Arsenal” – 13, "Sportinq” – 10, "Vorskla”, "Qarabağ” – 3.

Oxşar xəbərlər