"Ağır məğlubiyyətdir, amma..." - Rəşad Sadıqov

  • 28 mart 2018, 19:34

"Çox gərgin, ağır oyun keçdi. Aydın məsələdir, rəqib qrupdan çıxmağa çalışır. Əllərindən gələni etdilər ki, qələbə qazansınlar. Göstərdikləri əzmkarlığa, mübarizəyə, sona qədər əzmlə, inamlı oynadıqlarına görə futbolçularımı təbrik edirəm. Komandanın oyunundan razı qaldım".

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Rəşad Sadıqov Avropa çempionatının seçmə mərhələsində İrlandiyaya 0:1 hesabı ilə uduzduqları matç barədə danışarkən deyin.

O, oyunun rəqibin üstünlüyü şəraitində keçdiyini bildirib: "Amma ilk yarıda rəqibə qol vəziyyəti yaratmağa imkan vermədik. İkinci hissədə isə standart vəziyyətlərdən bir-iki təhlükəli vəziyyət yaratdılar. Bununla belə, rəqibin həyata keçirdiyi çoxsaylı standart vəziyyətlər zamanı həm qapıçımız, həm də müdafiəçilərimiz yaxşı oynadılar. Sonda qolu məhz standart vəziyyətdən buraxmağımıza baxmayaraq, bu oyunda cərimə zərbələri zamanı zəif deyildik. Təəssüf ki, yekunda qol buraxdıq.

R.Sadıqov deyib ki, məğlubiyyət onları ruhdan salmamalıdır:"Komanda şəklində daha güclü olmalı və özümüzə daha çox inanmalıyıq. Kollektiv şəkildə oynadıqda, əzmkar mübarizə apardıqda ortaya yaxşı nəticələr çıxa bilər. Qələbə də qazana bilərdik. 87-ci dəqiqədə komandamızın hücumu zamanı top qapı dirəyinə dəydi. Futboldur, bunlara hazır olmalıyıq. Düzdür, ağır məğlubiyyətdir, amma futbolçularda olan əzmkarlıq, mübarizə ruhu və verilən tapşırıqları yerinə yetirmək istəyi məni sevindirir. Hələ yolun əvvəlindəyik. İstər Antalya toplanışı, istərsə də, seçmə mərhələnin iki oyunu məndə müsbət fikirlər yaratdı. Oyundan-oyuna, məşqdən-məşqə futbolçularda irəliləyiş görürəm. Bu amil məni sevindirir”.

Oxşar xəbərlər