Güləş Federasiyası: İdman çirkli oyunların yeri deyil

  • 01 avq 2017, 17:26

Federasiya etiraz edən idmançılara cavab verib

İdmançıların etirazına Azərbaycan Güləş Federasiyası münasibət bildirilib. Apasport.az saytı yazır ki, Federasiya maaş almadıqlarını iddia edən idmançıların ittihamlarını qəbul etmir:

"Azərbaycan Güləş Federasiyası ictimai birlik statusu daşıyır. Öz fəaliyyətini məhz "İctimai birliklər haqqında” Qanunun tələbləri əsasında qurur. Federasiyanın vəzifəsi güləş idman növünün inkişafına dəstək vermək, ölkədə yığma komandaların heyətini formalaşdırmaq, onların ölkədaxili və beynəlxalq yarışlarda iştirakını təşkil etmək, ölkəmizin beynəlxalq arenalarda layiqincə təmsil etməsinə şərait yaratmaqdır. Federasiya öz fəaliyyətini dövlət maliyyəsi ilə deyil, sponsor təşkilatların ayırdığı maliyyə ilə tənzimləyir. Federasiyaların sponsorların hesabına fəaliyyət göstərməsi qəbul edilmiş və geniş tətbiq edilən praktikadır. Bu baxımdan federasiyaların maliyyə durumu bir çox hallarda məhz sponsorların maliyyə vəsaitlərindən asılı olur və bəzən müəyyən çətinliklərin yaranması, maliyyələşmənin azalması təbii və anlaşılan haldı, şübhəsiz ki, müvəqqəti xarakter daşıyır”.

Bəyanatda federasiyanın yığmaya cəlb edilən idmançılara maaş vermək öhdəliyinin olmadığı vurğulanır. Bildirilir ki, idmançılar yalnız müxtəlif yarışlardakı nailiyyətlərə görə mükafatlandırılırlar:

"İctimai birlik olaraq Azərbaycan Güləş Federasiyasının idmançılara maaş vermək kimi bir öhdəliyi yoxdur. Sponsorlar tərəfindən maliyyə ayrıldığı zaman federasiya rəhbərliyinin təşəbbüsü ilə idmançıların əldə etdiyi nəticələrə uyğun olaraq yığma komandanın üzvlərinə maddi yardımlar verilib. Belə yardımların verilməsi idmançıların ailə, məişət problemlərinin həllində onlara dəstək vermək məqsədi daşıyıb. Eyni zamanda, bildiririk ki, yığma komandanın üzvləri Avropa və dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında əldə etdikləri nəticələrə görə prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq həm Milli Olimpiya Komitəsi, həm də Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılır. Məsələn, Rio-de-Janeyro Yay Olimpiya Oyunları və paytaxtımızda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətlərə görə mükafatlar da hər bir idmançıya ödənilib”.

Sonda federasiya bəzi problemlərin olduğu etiraf edib. Bununla bağlı idmançılara müraciət ünvanlayıb:

"Təlim-məşq toplantıları ilə bağlı məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Güləş Federasiyası ictimai birlik kimi bu sahədə fəaliyyətini müvafiq strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirir. Yığma komandaların təlim-məşq toplantıları, idmançıların vitaminlə təmin olunması, sağlamlıqlarına nəzarət və digər məsələlər məhz aidiyyatı qurumlarla birlikdə həll olunur. Bir sıra texniki çətinliklərin mövcudluğunu inkar etmirik, lakin bunlar həll olunan məsələlərdi və tezliklə aradan qaldırılacaq. Azərbaycan Güləş Federasiyası idmançıların narahatlığını anlayır, təbii qəbul edir və üzərinə düşən öhdəliklər çərçivəsində mövcud çətinliklərin tezliklə aradan qalxacağını bildirir, ölkəmiz üçün hər birinin ayrıca dəyəri və yeri olan güləşçilərimizi səbrli olmağa dəvət edir. Yaranmış kiçik narahatlıqları böyütməyə, əldə olunan nailiyyətlərə kölgə salmağa çalışanlara isə bildiririk ki, idman çirkli oyunların yeri deyil. Bu vətən hamımızındı və onun adının, bayrağının və nüfuzunun yüksəldilməsi üçün həm güləşçilərimiz, həm də federasiya rəhbərliyi indiyədək əlindən gələni edib və yenə də edəcək”.

Xatırladaq ki, İyulun 27-də güləşçilər "Excelsior Hotel"-in qarşısında aksiya keçirmişdilər. Onlar 15 aydan çox müddətdir ki, mükafatlarını və maaşlarını ala bilmədiklərini deyirdilər:

"Bundan əlavə, 3 həftə sonra baş tutacaq dünya çempionatı üçün təlim-məşq toplanışı da keçirilmir”, - deyə bildirirdilər.

Oxşar xəbərlər