Azərbaycan milli komandası qrup hərəkətlərdə finala
çıxıb.
Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Elif
Zeynep Çelep və Ayşən Bayramovadan ibarət komanda halqa ilə hərəkətlərdə
finalçı adını qazanıb.
Təsnifat mərhələsində gimnastlar 16,400 xalla
beşinci yer tutub.
Bundan başqa, finala Bolqarıstan, İtaliya, Ukrayna,
Belarus, Özbəkistan, Macarıstan və İspaniya komandaları çıxıb.
Sabah gimnastlar top və lentlərlə qrup hərəkətlərdə
təsnifat mərhələsində çıxış edəcək, hər iki növdə finallar bazar günü baş
tutacaq.
Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika
üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək
yarışlara 21 ölkədən 92 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58
nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.
Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa
çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə
Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində
gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən
Bayramova və Elif Zeynep Celep təmsil edirlər.
Yarışların ilk iki günü təsnifat mərhələlərinin nəticələrindən
asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları
arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək.
Finallar isə turnirin son günü keçiriləcək.
Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış
gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək
şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa
çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı
Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı),
İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya
Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı)
qrup hərəkətləri komandaları iştirak edirlər.