BMT-nin yeni baş katibi kimdir?

  • 05 yan 2017, 19:10
Yeni ildən BMT-də yeni baş katib fəaliyyətə başlayıb. Antonio Quttereş BMT-nin 9-cu baş katibidir, bu postda Pan Gi Munu əvəz edib.

 

BMT baş katibinin səlahiyyət müddəti 5 ildir. Bir nəfər bu posta iki dəfədən artıq olmamaq şərtiylə seçilə bilər.
BMT-nin Azərbaycan nümayəndəliyindən Novator.az-a bildiriblər ki, yeni baş katib uzun illər dünyanın müxtəlif qaçqın düşərgələrində və müharibə zonalarında insan əzablarına şahid olub və o öz işində insan ləyaqətini prioritet kimi götürərək sülh tərəfdarı, körpüsalan, o cümlədən yeniliklər, islahatlar təşviqatçısı olmaqda qərarlıdır.

Antonio Quttereş 1949-cu ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində doğulub. İxtisasca mühəndisdir.

İctimai fəaliyyətinin erkən dövrlərində, 1970-ci illərdə Lissabonun yoxsul məhəllələrində sosial inkişaf layihələrini həyata keçirən assosiasiyaya rəhbərlik edib, həmçinin Portuqaliya Qaçqınlar Şurasını, Portuqal İstehlakçılar Assosiasiyasını (DECO) təsis edib.

1974-cü ildə Portuqaliya Sosialist Partiyasına üzv qəbul olunub.

1976-cı ildə Portuqaliya parlamentinin üzvü seçilib və 17 il deputat olub. Əvvəlcə parlamentin iqtisadiyyat, maliyyə və planlaşdırma komitəsinə, sonra ərazi-idarəetmə, bələdiyyə və ətraf mühit komitəsinə sədrlik edib. Həmçinin Sosialist Partiyasının parlament qrupunun lideri olub. 1992-2002-ci illərdə isə o, bütövlükdə Sosialist Partiyasına liderlik edib, partiyanın baş katibi postunu tutub.

Antonio Quttereş 1981-1983-cü illərdə Avropa Şurası Parlament Assambleyasında demoqrafiya, miqrasiya və qaçqınlar komitəsinə sədrlik edib.

Sosialist İnternasionalının fəallarından olan Quterreş 1992-1999-cu illərdə bu qurumun vitse-prezidenti, Afrika Komitəsinin, İnkişaf Komitəsinin həmsədri olub, 1999-2005-ci illərdə isə Sosialist İnternasionalına rəhbərlik edib.

Antonio Quttereş 1991-2002-ci illərdə Portuqaliya Dövlət Şurasının üzvü, 1995-2002-ci illərdə Portuqaliyanın baş naziri olub. 2000-ci ilin əvvəlində qısa müddətə Avropa İttifaqı Şurasının prezidenti postunu da tutub.

2005-2015-ci illərdə BMT-nin qaçqınlar üzrə ali komissarı vəzifəsində çalışıb.

2017-ci il yanvarın 1-dən BMT-nin baş katibidir.

Keçmiş dövlət və hökumət başçılarının cəmləşdiyi Madrid Klubunun üzvüdür.

Portuqal, ingilis, fransız və ispan dillərini bilir. Həyat yoldaşı Lissabon Mədəniyyət Bələdiyyəsi başçısının müavinidir. İki övladı, bir oğulluğu və üç nəvəsi var.
 
Demokratik.Az
Oxşar xəbərlər