Lukaşenko Putinə itaət etmir

  • 27 dek 2016, 20:00
Rusiya tərəfindən yaradılan Avrasiya İqtisadı İttifaqı və Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatının birgə iclasında Belarus lideri Aleksandr Lukaşenkonun olmaması xüsusi diqqət cəlb edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Lukaşenkonun bu demarşı onun Rusiya prezidenti Vladimir Putinlə arasındakı konfliktlə bağlıdır.

Mətbuat iki ölkə prezidenti arasında baş verən ziddiyyətlərin 2016-cı il boyunca davam etdiyini yazır.

Doğrudur, Rusiya  prezidentinin mətbuat katbi Dmitri Peskov sammitdə hazırlanan sənədlərin imzalanacağını və Belarus prezidentinin gəlməməsi faktının bu prosedura təsir göstərməyəcəyini bildirib.

Peskov Lukaşenkonun iştirak etməməsinin səbəbini onun mətbuat xidmətindən soruşulması gərəkdiyini söyləyib.

Lukaşenko özü həmin vaxt Minskdə qalıb, Yeni il tədbirlərində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üzrə iclasa sədrlik edib. 

Lakin Belarus rəsmi dairələrindən məsələ ilə bağlı rəsmi şərh verən yoxdur.

Lukaşenkonun iştirak etmək istəmədiyi sammitlərdə olduqca vacib qərarlar qəbul olunmalı idi.


Belə ki, KTMT sammitində uzun müddətdən bəri müəmmalı qalan baş katibin seçilməsi  məsələsinə aydınlıq gətirilməsi planlaşdırılırdı.

Avrasiya İqtisadi İttifaqı isə iştirakçı dövlətlər üçün ümumi sayılan Gömrük Məcəlləsini təsdiq etmək üçün toplaşacaqdı.

Qəzetlərin yazdığına görə, məhz bu sənəd Belarusun böyük narazılığına səbəb olub. Hələ bu ilin dekabrın 9-da Belarus lideri Məcəllənin öz ölkəsinə zərər gətirməsinə yol verməyəcəyini bəyan edib.


"Hər şeyi detalına qədər düşünmək lazımdır. Bunun üçün cəmiyyətin bütün təbəqələrindən, hətta müxalifət adlandırdığımız kəsimdən belə mütəxəssisləri cəlb etməliyik. Məcəllənin müddəaları barədə vətəndaşlarımızı xəbərdar etməliyik”, -Aleksandr Lukaşenko dövlət rəsmilərinə səslənib.

Lukaşenkonun sözlərinə görə, Belarus Avrasiya İqtisadi İttifaqında olduğu müddətdə ancaq zərər edib.

"İttifaq daxilində ticarət dövriyyəsi keçən il 40%, bu il isə 15% azalıb. Budur gəldiyimiz nəticə”,- Lukaşenko narazılığını ifadə edib.

Lakin Rusiya siyasi müşahidəçilərinin rəyinə görə, məsələnin kökündə Vladimir Putinlə Aleksandr Lukaşenkonu bir-birlərinə ikrahla yanaşması dayanır.

Ekspertlərin sözlərinə görə, Belarus gec və ya tez Gömrük Məcəlləsi və digər sənədləri imzalayacaq. Çünki Moskvanın əlində Minskə iqtisadi təzyiq etmək imkanları olduqca yüksəkdir.


Minsk isə Moskvanın iqtisadı təzyiqinə siyasi və ideoloji hərəkətlərlə cavab verir. Buraya Avropa Birliyi ilə münasibətlərin nümayişkaranə surətdə yaxşılaşdırılması, Krımın işğalının tanınmaması kimi addımlar daxildir. Bundan başqa, Lukaşenko Rusiya tərəfindən təbliğ edilən "rus dünyası” məsələsinə də məsafəli yanaşır. 

Buna nümunə olaraq dekabrın 22-də Rusiya səfirliyinin nümayəndəsi Vadim Qusevin Belarus Xarici İşlər Nazirliyinə çağırılmasını göstərmək olar. Nazirlik Rusiyanın federal büdcəsindən maliyyələşən "Rusiya strateji araşdırmalar institutu”nun direktoru Leonid Reşetnikovun sözlərinə sərt etiraz edib. Qeyd olunur ki, Reşetnikov belarus dilinin cəmi 90 yaşı olduğunu, Belarusun isə "Böyük Rusiyanın tarixi tərkib hissəsi saydığını” söyləmişdi.
Rusiya və Belarus arasında  neft-qaz məsələsində də ciddi münaqişələr müşahidə olunur. Belarus hökuməti Rusiyaya olan 425 milyon dollarlıq neft borcunun silinməsinə nail ola bilmir. Problemin beynəlxalq məhkəməyə qədər gedib çıxa biləcəyi söylənilir.
İş o həddə gəlib çatıb ki, Belarusda Rusiya saytları üçün məqalə yazan 3 publisist həbs edilib.

Rusiya qəzetləri sammitdə Qırğızıstan lideri Almazbəy Atambayevin də yeni Məcəlləyə qarşı çıxdığını yazırlar.

Atambayev öncə jurnalistlərə qırğız xalqının ölkənin Avrasiya İttifaqına inteqrasiyasından məmnun olmadığını bəyan edib. Daha sonra isə o, ümumiyyəltə Gömrük Məcəlləsini imzalamaqdan boyun qaçırıb.

Atambayevin narazılığına əsas səbəb qırğız məhsullarının Qazaxıstan gömrüyü tərəfindən süni yollarla əngəllənməsi olub.

Lakin görünür, jurnalistlər zaldan çıxarıldıqdan sonra qırğız liderini yola gətirmək mümkün olub. İttifaqın katibi Tiqran Sərkisyan sənədin 4 prezident tərəfindən imzalandığını açıqlayıb.

Vaqif Hüseyn
Oxşar xəbərlər