“Sovet ittifaqı yox, İttifaq yarana bilər" - Qorbaçov

  • 14 dek 2016, 09:27

Ekspertlərdən sərt və həyəcanlı açıqlamalar gəldi

 


SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov SSRİ sərhədləri daxilində yeni ittifaqın yaranma ehtimalından danışıb. Qorbaçov deyib: "Sovet ittifaqı yox, İttifaq yarana bilər. Düşünürəm ki, yeni İttifaq qurula bilər. Keçmiş sərhədlər daxilində, keçmiş heyətlə, könüllü surətdə yeni İttifaqın qurulması mümkündür”.

Keçmiş sovet liderinin fikrinə görə, Sovet İttifaqının dağılmasına səbəb 1991-ci ilin avqust ayında dövlət fövqəladə hallar komitəsinin qiyamı və Rusiyanın ilk prezidenti Boris Yeltsinin xarakteri olub. Bununla belə, ittifaqın dağılmasına görə Qorbaçov özünü də günahkar sayır: "Dövlət fövqəladə hallar komitəsini yaradan və məni hakimiyyətdən uzaqlaşdırmaq istəyən ali sovet bürokratiyası ilə haqq-hesab çürütməli idim”.

Qorbaçov eyni zamanda Boris Yeltsinin partiya rəhbəri olduğu dövrdə hakimiyyətpərəstlik iddiasının olduğunu aşkar etdiyini bildirib: "O, Siyasi Büronun üzvü olmadığı üçün narazı idi və onun bütün etirazları burdan qaynaqlanırdı. Yeltsin rolunun vacibliyini anlamırdı və ittifaq mərkəzinə qarşı mübarizə aparırdı”.

Keçmiş SSRİ liderinin SSRİ-yə bənzər ittifaqdan danışmağa başlamasının arxasında Moskvanın hansısa planları daya bilərmi?

Politoloq Natiq Miri bildirdi ki, Qorbaçov bunu indiki məqamda ona görə deyir ki, Rusiyanın mövqeləri həm postsovet məkanı sayılan ölkələrdə, həm Yaxın Şərqdə, həm də Avropa ölkələrində güclənməkdədir. Bunun qarşılığında isə Avropa Birliyi, NATO parçalanmaq və zəifləmək təhlükəsi ilə qarşı-qarşıyadır. 

ABŞ-da qeyri müəyyən yeni Tramp dönəmi başlayır və hiss olunur ki, artıq birqütblü dünyadan çoxqütblü dünyaya transformasiya olunur: "Yeni ABŞ hakimiyyəti Rusiya ilə qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı anlaşmaya üstünlük verəcəyini söyləyir. Yeni ABŞ hakimiyyətinin dövlət katibinin Rusiyaya loyal olduğunu da nəzərə alanda bütün vəziyyətin Rusiyanın təsir və əhatə dairəsinin artmasına imkan yaratdığını demək olar. Qorbaçov da bu mühiti Rusiya üçün yaranmış bir fürsət olaraq dəyərləndirir. Ancaq Rusiya yenidən bu sərhədləri öz nəzarətinə keçirməsi üçün yetərli qədər ”yumşaq gücə", iqtisadi resurslara malik deyil. Bu, Rusiyanın qarşısında əngəl yaradacaq bəlkə də ən ciddi amildir. O ki qaldı Rusiyanın bunu dağıdıcı güc olaraq həyata keçirməsinə, bunun perspektivi də o qədər böyük deyil. Çünki belə bir aqressiya dünyada qarşısı alına bilməyəcək qlobal savaşlar yarada bilər ki, bunu da Rusiya iqtisadiyyatının qaldıra biləcəyinə inanmıram. Əksinə, Rusiyanın aqressiv siyasəti mərkəzdənqaçma prosesini tətikləyəcək".

Politoloq, deputat Elman Nəsirov isə ölkə.az-a bildirib ki, Qorbaçovun dediklərinin reallaşması mümkün deyil: "Hesab edirəm ki, Qorbaçovun belə bir bəyanatla çıxış etməyə mənəvi haqqı yoxdur. Onun islahatları SSRİ-nin dağılmasına səbəb oldu. SSRİ-nin bərpası və yaxud başqa ad altında bərpası məsələlərinə gəldikdə, bu heç vaxt reallaşmayacaq məsələdir. Çünki SSRİ-nin dağılması üçün Qərb dövlətləri, ABŞ başda olmaqla, böyük mübarizə apardı. Bu iş üçün milyardlar xərcləndi və SSRİ dağıldı. Postsovet ölkələri arasında müxtəlif inteqrasiyalar ola bilər. MDB də həmin inteqrasiya formalarından biridir. SSRİ məzmunda, o formada, o fəlsəfəni özündə ehtiva edən birləşmədən, ittifaqdan söhbət belə gedə bilməz”.

Etibar SEYİDAĞA
Oxşar xəbərlər