Fransada Sarkozi yenidən hakimiyyətə gələ bilər

  • 05 noy 2016, 17:27

Fransa prezidenti Fransua Olland isə 4%-lik reytinqi ilə bütün dövrlərin antirekordunu qırıb

 

Bütün dünyanın diqqətiABŞ prezidentliyi uğrunda seçkilərə yönəlib. Bu da çox təbiidir.

Hər halda dünyanın birinci qüdrətli dövlətinin birinci adamı olmaq uğrunda mübarizənin dünya siyasətinin əsas hadisəsinə çevrilməsi heç kimdə təəccüb doğurmamalıdır.

Lakin hazırda qoca Avropanın köklü və güclü dövlətlərindən biri sayılan Fransada da prezidentlik uğrunda qızğın yarış başlayıb.

Siyasi müşahidəçilər növbəti seçkilərdə mərkəz-sağ namizədin qalib gələcəyinə şübhə etmirlər.

Çünki iqtidarda olan sosialistlərin lideri Fransua Ollandın reytinqi yerdə sürünür. Fransa prezidenti belə getsə bütün zamanların ən qeyri-populyar ölkə başçısı kimi tarixə düşəcək. Hazırda onun reytinqi cəmi 4%-dir. Siyasi ekspertlər Ollandın ikinci müddət üçün namizədliyini irəli sürməyəcəyini bildirirlər.

Sağ düşərgədə isə daxili yarış gedir. Onlar gələcək seçkilərdə vahid namizədi müəyyən etmək üçün ilkin seçki keçirəcəklər

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, seçki estafetində keçmiş prezident Nikola Sarkozi, keçmiş baş nazirlər Alen Jüppe və Fransua Fiyon, keçmiş kənd təsərrüfatı naziri Brüno le Mer, keçmiş ekologiya naziri Natali Kostüşko-Morize , sağçıların əsas partiyası, Xalq Uğrunda Hərəkatın (UMP) keçmiş sədri Jan-Fransua Kope, habelə Xristian-demokrat partiyasının sədri Jan-Frederik Puasson yarışırlar.

Adları çəkilən namizədlər dünən Fransanın BFM kanalında teledebata çıxıblar.
Bu vaxta qədər namizədlər içində ən populyar olanı 71 yaşlı Alen Jüppe sayılırdı. O, 36%-lik reytinqlə rəqibləri qarşısında xeyli üstün görünürdü.

Sarkoziyə rəğbət bəsləyən Fransa sağçıları 22% civarında olub.

Lakin dünənki debatdan sonra keçirilən rəy sorğuları balansın Sarkozinin xeyrinə dəyişdiyini göstərib.

Belə ki, hər kəs Sarkozinin əsas rəqibinin üzərinə gedərək revanş qazanmaq istədiyini düşünüb.

Lakin hamının gözlədiyinin əksinə olaraq Sarkozi özü digər rəqibləri tərəfindən sözlü hücumlara, sərt tənqidlərə məruz qalıb.

Keçmiş prezidentin opponentləri onu prezidentlyi dövründə polis ştatlarını ixtisar etməkdə, beləliklə, ölkənin təhlükəsizliyini zəiflətməkdə, Fransaya miqrant axınlarına yol açan Böyük Britaniya ilə uğursuz müqavilə imzalamaqda günahlandırıblar. 

Onlar Sarkozinin Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələrlə şübhəli dostluq əlaqələrində, habelə keçmiş prezidentin Suriya lideri Bəşər Əsədlə iki dəfə görüşdüyünü xatırladıblar.

Yalnız Fransua Fiyon keçmiş şefinə qarşı açıq şəkildə çıxış etməkdən çəkinib. Puasson isə bütün mübahisələrdən kənarda qalaraq, öz proqramının seçicilərinə çatdırıb.

Sarkozi isə bütün ittihamlara sakit tərzdə cavab verərək, "Fransa naminə nəinki yaxşılarla, hətta pis adamlarla belə həmişə görüşməyə hazır olduğunu” bəyan edib.

Qalan beynəlxalq terrorizm, fransızların təhlükəsizliyi, polislərə özlərini müdafiə etmək üçün geniş hüquqların verilməsi, məhkəmələrin cinayətkarlara qarşı daha sərt münasibət göstərməsi kimi məsələlrdə namizədlərin proqramları və mövqeləri təxminən üst-üstə düşüb.

Mətbuatın bildirdiyinə görə, rəqiblərinin hücumları publikada Sarkoziyə qarşı simpatiya oyadıb.

Çünki Sarkozini ittiham edənlər əslində vaxtilə onun prezidentliyi dövründə işləmiş dövlət adamlarıdır. Hətta Natali Kostüşko-Morize onun 2012-ci ildə keçirilən və indiki prezident Fransua Ollanda məğlubiyyəti ilə nəticələnən seçki qərargahının rəhbəri olub.

Bütün namizədlər Fransa millətçilərinin lideri Marin le Penin ilk turda qalib gəlməsi halında ikinci turda, hətta sosialist olsa belə onun rəqibinə səs verəcəklərini bildiriblər.

Debatlar Sakozini sağçı seçicilərin gözündə yüksəldib. Nikola Sakozi ən yaxın rəqibi Alen Jüppeni ötərək 31%-lə birinci  yerə yerləşib. 

Jüppe 28%-lə 2-ci, Fransua Fiyon isə 15%-lə 3-yerdə qərarlaşıb.

Xaırladaq ki, Fransa sağçıları arasında ilkin seçkilər bu ilin noyabr ayının 20-27 günlərində keçiriləcək.

Vaqif Hüseyn, Musavat.com
Oxşar xəbərlər