Amerika Rusiyanı neçə ilə çökdürəcək?

  • 26 sen 2016, 16:35
Ekspert: "ABŞ Rusiyadan da güclü SSRİ-ni xəritədən sildi”

ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasındakı çıxışı zamanı Rusiyanı növbəti dəfə tənqid edib. O bildirib ki, Rusiya keçmiş şöhrətini güc vasitəsilə bərpa etmək istəyir. "Biz görürük ki, Rusiya keçmiş şöhrətini güc vasitəsilə qaytarmağa çalışır”, - deyə Obama qeyd edib. 

Dünyanın supergücünün Kremlə ünvanlı tənqidini növbəti sanksiyaların anonsu da saymaq olar. Onsuz da şimal qonşumuz son illərdə, xüsusilə də Krımı ilhaq edib özünə birləşdirəndən sonra sanksiyalar səbəbindən ağır iqtisadi durumla üz-üzədir. Üstəlik, NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi Kremli də adekvat addımlar atmağa, tənəzzül yaşamasına baxmayaraq, silahlanmaya böyük vəsaitlər ayırmağa vadar edib. Ancaq qəribəsi budur ki, ABŞ başda olmaqla Qərb Rusiyanı sıxdıqca, prezident Putin də xalqını sıxır, DTK-nı yenidən yaratmağa qərar verir və s. Hesab olunur ki, böhran səbəbindən xalqın narazılığı artdıqca rejim də təzyiqləri gücləndirir. Ekspertlərə görə, neft qiymətdən düşməsi və neft ölkələrinin də bu fəlakətlərlə üzləşməsi əslində ABŞ-Rusiya davasının nəticəsidir. Bir neçə ay əvvəl "Stratfor” analitik şirkətinin ekspertlərindən biri Loren Qudriç "Rusiya SSRİ-nin taleyini təkrarlayır” demişdi. O, vurğulamışdı ki, SSRİ də süqutundan bir neçə il öncə neft tələsinə düşmüşdü. Bir məqamı da xatırladaq ki, SSRİ dağılmazdan öncə Əfqanıstan bataqlığına Əfqanıstan bataqlığına girdiyi kimi, Rusiya da hazırda Suriya bataqlığından çıxmaqla bağlı çıxış yolları arayır. Ancaq Rusiyanın çöküşünün nə zaman reallaşacağı barədə konkret fikir söyləmək o qədər də asan deyil. Düzdür, bir müddət öncə Ukrayna millətçilərinin lideri Oleq Tyaqnibok "2017-ci ilə Kreml üçün son il olacaq” demişdi.(musavat)Məşhur milyarder və maliyyəçi Corc Soros İSƏ 2017-ci ildə Rusiyanın müflis olacağını deyib. İş adamı 2017-ci ildə Rusiyanın xarici borclarını ödəməyə başlayacağını və bunun qarşısını almaq üçün Rusiya prezidentinin Avropa Birliyini çökdürməyə çalışdığını deyib. Xatırladaq ki, Rusiya Mərkəzi Bankı 2017-ci ilin yanvar-sentyabr aylarında xarici borcları ödəmək üçün 60 milyard dollar vəsaitə ehtiyac olduğunu bildirmişdi. Bütün bunlar isə şimal qonşumuzun durumunun kifayət qədər ağır olduğunu deməyə imkan verir. 

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun bu barədə maraqlı yanaşması var: "Obamanın bu həftə BMT-dəki çıxışında Rusiyanı qonşularını zəbt edən və SSRİ-ni bərpa etmək istəyən imperiyaya bənzətməsi ilə razılaşıram. Obamanın o fikri ilə də razılaşıram ki, hər şeyi udmağa çalışan imperiyaların aqibəti yaxşı olmur. Başqa bənzətmə də mümkündür. Almaniyanın faşist diktatoru Adolf Hitler Qərbin gözü qarşısında əvvəlcə Avstriyanı, sonra Çexiyanın Sudet vilayətini atəş açmadan işğal etdi. Hitlerin əsası bu idi ki, Avstriya Almaniyanın tərkib hissəsidir, Sudet isə orada yaşayan almanların maraqları naminə işğal olunub. Nədənsə bu hadisələr mənə əvvəlcə Abxaziya və Cənubi Osetiyanın, sonra isə Krımın işğalını xatırlatdı. Krımı işğal edən Rusiya prezidenti Vladimir Putinin də arqumenti eyni ilə bu idi ki, yarımadada yaşayan rusların qorunmasına ehtiyac var idi”. 

E.Şahinoğlu təsdiqlədi ki, Rusiyanın gəlirləri azalıb, Qərb dövlətləri ilə münasibətləri korlanıb, iqtisadi islahatlar sürətləndirmək çətinləşib: "Demokratik ölkələrin hər hansı birində bunlar yaşansaydı, həmin ölkənin hakimiyyəti seçki yolu ilə böyük məğlubiyyətlə üzləşərdi. Rusiyada son parlament seçkisində isə bunun tam tərsi baş verdi, hakim "Vahid Rusiya” partiyası Dövlət Dumasında konstitusion çoxluğa nail oldu. Hətta illərin siyasətçisi Vladimir Jirinovski hayqıraraq sual etdi ki, ölkə ağır vəziyyətdə ikən hakim partiya səslərinin sayını necə artıra bilər, bu, nonsens deyilmi?” 

Ekspertə görə, bu, ondan irəli gəlir ki, sadə ruslar hələ də Putinə inanır və bu inam onları hazırki məhrumiyyətlərə dözməyə vadar edir: "Ancaq onlar bu məhrumiyyətlərə daha nə qədər dözmək iqtidarındadırlar, axı, həyat şərtləri düzəlmir. Məsələn, Krım işğal olunanda yarımadanın rus əhalisi böyük eyforiya içində idi, Rusiya ilə birləşmənin onların həyatını dəyişəcəyini düşünürdülər. Son rəqəmlərə görə Krım əhalisinin az qala yarısı parlament seçkisində iştirak etməyib. Və ya baş nazir Dmitri Medvedyev Krımda küçədə sadə vətəndaşlarla söhbət edərkən, yaşlı qadın ona sual etdi: "Pensiyalarımızı nə vaxt artıracaqsınız” Medvedyevin verdiyi cavab bu gün də gülüş mənbəyidir. Medvedyev dedi ki, büdcədə əlavə pul yoxdur, möhkəm olun”. 

E.Şahinoğlu belə bir durumda SSRİ ilə Rusiya arasında paralellik aparılmasını məntiqli sayır: "ABŞ Rusiyadan da güclü SSRİ-ni xəritədən sildi. Doğrudur, SSRİ-nin süqutunun daxili obyektiv səbəbləri də var idi. Ancaq bu imperiya silahlanmaya külli miqdarda pul xərcləməsəydi, bəlkə də SSRİ yox olmazdı. SSRİ isə silahlanmaya az pul xərcləyə bilməzdi, çünki əsas düşməni olan ABŞ silahlarının modernləşdirilməsinə trilyonlar xərcləyirdi. ABŞ-ın buna imkanı var idi, çünki iqtisadiyyatı güclü idi. SSRİ-nin isə bu yarışmada tab gətirmək üçün daxili resursları yox idi. Digər tərəfdən ABŞ-ın yüzlərlə beyin mərkəzi SSRİ-ni çökdürmək üçün Vaşinqtona müxtəlif təkliflər hazırlayırdılar. Belə təkliflərdən biri də ABŞ-ın "ulduz müharibələri” proqramı idi. ABŞ bu proqrama yüz milyardlarla dollar xərcləməli idi. SSRİ buna cavab olaraq öz proqramını hazırlamaq məcburiyyətində qaldı və bu işə milyardlar sərf etdi. SSRİ-nin süqutundan sonra isə bəlli oldu ki, ABŞ-ın "ulduz proqramları” sabun köpüyü idi, gizli planın tərkib hissəsi idi, sadəcə Vaşinqton SSRİ-ni silahlara daha çox pul xərcləməyə məcbur etməli idi. SSRİ buna dözmədi və yox oldu. Məndə belə bir inam var ki, ABŞ bu ssenarini təkrarlamaq istəyir”. 

Politoloq bunun əlamətlərinin olduğunu da vurğuladı: "Məsələn, Vaşinqton Şərqi Avropada raketlərdən müdafiə sistemləri yerləşdirir. Kreml Vaşinqtonun bu addımlarını cavabsız qoya bilməz və adekvat addımlar atmaq məcburiyyətindədir. Yeni və modernləşdirilmiş silahlar isə Rusiya büdcəsinin yükünü artıracaq. Onsuz da büdcə kəsiri böyükdür, hələ üstəgəl yeni hərbi çağırışlara cavab verilməlidir. Ağıllı adam Rusiyanın SSRİ kimi dağılmasını istəməz, çünki bu qopmalara və Avrasiya bölgəsində müharibələrə yol aça bilər. Ancaq Qərb Rusiyanın zəifləməsində maraqlı ola bilər. Yəni Rusiya o qədər zəifləməlidir ki, qonşu torpaqlara göz dikməsin, başqalarının daxili işlərinə qarışmasın və s”.

Demokratik.az
 

Oxşar xəbərlər