“Qoca Avropa dilemma qarşısında qalıb”

  • 22 yan 2016, 08:28

İsveçrədə yaşayan mühacir Hacı Hacılı Avropanın miqrant siyasətini təhlil edir: " "Məgər bir vaxtlar məhz elə bu baxımdan bakılılar qaçqınları çoxmu isti qarşılayırdı?” " 

Dünya xəbərlərində hər gün Avropaya axın edən miqrantlarla bağlı yeni gəlişmələr yer alır. Ya onların adı təcavüz olaylarında, ya da kriminal xronikada hallanır. Bunun miqrantlara yaşıl işıq yandıran Avropa ölkələri rəhbərlərinə qarşı yürüdülən siyasət olduğunu deyənlər də var, gerçəklik payının yüksək olduğunu iddia edənlər də. İsveçrədə yaşayan mühacir Hacı Hacılı ilə söhbətimizdə bu durumu təhlil etdik. Müsahibimiz bu xəbərlərin və Avropadakı antimühacir əhvalının səbəblərini izah etdi. 


-Hacı bəy, son günlər Avropaya axın edən mühacirlərlə bağlı Qərb mediasında neqativ yazılar dərc edilir. Ümumi əhval müsəlman ölkələrindən gələn miqrantların kriminala, təcavüzə meylli olması və gəldikləri Avropa ölkələrində bu hadisələri sıx-sıx törətməsi ilə bağlıdır... Sizin müşahidələriniz necədir? 

- Yazıların heç də hamısı neqativ fikirlərdən ibarət deyil. Avropa mediasında mühacirlərin müdafiəsi ilə bağlı çoxlu reportaj, müsahibələr və məqalələrə də rast gəlmək mümkündür. Amma bütövlükdə götürdüksə haqlısınız, ümumi əhvalın doğrudan da neqativə doğru dəyişməsi tendensiyasını artıq müşahidə etmək mümkündür. Təəssüf ki, orda da haqlısınız ki, tənqidi yazıların əksəriyyətinin hədəfi başqa miqrantlar deyil, məhz islam dünyasından bu məkana pənah aparanlara qaşıdır. Təbii ki, ümumi əhval-ruhiyyəni formalaşdırmaq üçün müəlliflər bir qayda olaraq müsəlmanların kriminala meylli olmalarını vurğulayırlar. Lakin şəxsən mənim müşahidələrimə görə, bu tipli ittihamlar elə həmin onların çıxdıqları mətbuat orqanlarındaca ciddi tənqid olunur, onların müəllifləri etnik və dini ayrı-seçkilik salmaqda suçlanırlar. Bu baxımdan Avropa məkanındakı immunitet hissindən tam arxayın olmaq olar – avropalılar bunun nə demək olduğunu bir neçə dəfə görüblər. 

-Bunun kampaniya olduğu iddiası da var ortada. Müsəlmanları qaralama kampaniyasının tərkib hissəsi ola bilərmi sizcə?

- Təbii ki, burda kampaniya elementləri də var. Uzun zaman ərzində marginallaşmış, amma bir növ hər addımda fürsət gözləyən sağ təmayüllü millətçilərin əlinə bundan yaxşı girəvə düşə bilməzdi ki. Və onlar indiki situasiyadan kifayət qədər səmərəli istifadə etməyə başlayıblar. Diqqətlə fikir verdinizsə, Fransada baş verən terror hadisəsindən sonra keçirilən yerli seçkilərdə Mari Lipenin rəhbərlik etdiyi millətçilər nə qədər irəli çıxdılar. Eləcə də Almaniyanın bir neçə torpağında, hətta sanki bu işlərdən xeyli kənarda duran İsveçrənin özündə belə nasist yönlü təşkilatların baş qaldırması, hətta bir neçə gözlə görünən demarş etməsini götürə bilirik. Lakin hər üç halda bundan irəli gedə bilmədilər. Fransada bunun ardınca Le Pençilər yenidən uduzdular. Digər adları çəkilən ölkələrdə də təxminən eyni mənzərə yarandı. Ola bilsin Belçika və Macarıstanda millətçilərin mövqeləri hələ güclüdür, amma onların da çox irəli getmək şansları yoxdur... Sualın ikinci hissəsinə gələk: Avropa, xüsusən Şengen məkanı öz siyasətini İnsan Haqları və Əsas Azadlıqlar üzrə Beynəlxalq Konvensiya əsasında qurur. Bu konvensiyanın əsas müddəalarını irqi, dini, cinsi, sosial fərqlərdən asılı olmayaraq insanın yaşamaq, ləyaqətli həyat sürmək və siyasi azadlıqlara malik olmaq haqları təşkil edir. İctimai rəy də məhz bu siyasətdən qaynaqlanır. Amma son bir neçə ildə artıq ictimai rəydə xeyli neqativ çalarlar yaranıb ki, bunun da əsas səbəbi zənnimcə, üç amildən asılıdır: 

1. Qacqın axınının Avropa məkanının real imkanları civarını aşması;  
2. Qacqınlarla bərabər təşkilatlanmış kriminal qruparın və... 
3. ...Dini ekstremizmin bu məkana ayaq açması. Bax bu üç amil siz dediyiniz o kampaniya üçün əla bir substrat rolunu oynayır. 

- Siz uzun illərdir İsveçrədə yaşayırsız. Bir miqrantın Avropanın, avropalının yaşantısını, onun düzənini pozma ehtimalı nə dərəcədədir fikrinizcə? Yəni, miqrant axını Avropaya hansı mənada təsir edə bilər? 

-Burda əsas onunla razılaşmırlar ki, gələnlər Avropaya çətin inteqrasiya olunurlar. Doğrudan da uzağa getməyək. Elə Türkiyədən İsveçrəyə pənah gətirmiş türklərin, kürdlərin timsalında görərik ki, bu sahədə doğrudan da ciddi problemlər var. Adamlar 30-40 il burda yaşayır, hələ də nə düz əməlli danışa, nə cəmiyyətə qarışa bilirlər. Hətta bazarlığı da gedib özlərinin dükanlarından edirlər. Bu basqa etnik qruplarda - ərəblərdə, ruslarda da belədir. Aydın məsələdir ki, bu cür hallar qıcıq verəcək. Digər tərəfdən götürəndə məsələyə "yerli-gəlmə” kontekstindən də yanaşa bilirik. Dünyanın hər yerindən gəlmələr daha fəal olur, onlar hər vasitə ilə pul qazanmaq, güzəranını yaxşılaşdırmağa, keçmiş yüklərdən azad olmağa çalışır. Onlar tutaq ki, küçənin tinində şirniyyat satmaqdan utanmırlar. Halbuki yerli adamların alnına silah da dirəsən bunu etməz. Məgər bir vaxtlar məhz elə bu baxımdan bakılılar qaçqınları çoxmu isti qarşılayırdı? Yadınıza gəlirmi, biz paytaxtda yaşayanlar, Qarabağdan gələn qaçqınların qısa zamanda öz alın təri ilə qazanıb maşın, ev almalarını necə qısqanclıqla qarşılayırdıq? Demək, bu, hər yerdə belədir: Nyu Yorkda da, Amsterdamda da, Moskvada da. Düzən əgər sabit prinsiplər üzərində bərqərar olubsa, bundan qorxmaq lazım deyil. Bunu da avropalıların çoxu elə belə də qəbul edir. 

-Bu cür kriminal xronikadan sonra dünyanın inkişaf etmiş ölkələri qapılarını yavaş-yavaş miqrantların üzünə bağlaya bilərlərmi? 

-Avropani narahat edən kriminal xronika deyil, dini, daha dəqiq ifadə etsək, islam ekstremizmidir. Avropa kriminal, tutaq ki, oğurluq, quldurluq, seksual zəmindəki cinayətlərə qarşı kifayət qədər yaxşı hazırlıqlıdır. Bir vaxtlar bütün Şengen məkanını qorxu altında saxlayan alban, rumin kriminal dəstələri, qoşunlarla gələn gürcü oğrularını Avropa artıq yenib. Problem zərbənin heç kimin gözləmədiyi tərəfdən, islamlaşma tərəfindən dəyməsi problemidir. Bu məsələdə qoca Avropa dilemma qarşısında qalıb: bir tərəfdə dini etiqad azadlığına nöqtə və vergülünə qədər əməl edilməsi, digər tərəfdən sayı kəskin çoxalan məscidlərin dini nifrət üfürən  mərkəzlərə çevrilməsi reallığı. Son illərin hadisələri və aparılan araşdırmalar göstərdi ki, Almaniya, İngiltərə, Fransa kimi ölkələrdə dini etiqadın etiraf edilməsi prinsipindən çoxlu sui-istifadə halları var. Məscidlərin çoxunda gənclərin beyinləri yuyulur, onlara avropalıların kafir obrazı təlqin edilir, bu uşaqlar müxtəlif yollarla radikallaşdırılır. Bir də görürsən bir neçə il əvvəl normal, ağlı başında olan gənc tamam dəyişib, başqa bir adam olub. Halaldan-haramdan, cihaddan, öldürüb baş kəsməkdən danışır. Belə şeyləri isə görməmək mümkün deyil. O üzdən miqrasiya siyasətinin sərtləşdirilməsində bu amilin də "töhfə”sini qeyd edə bilirik. 

-Sizcə əgər ortada bu cür neqativ hal varsa, fərdlərə yönəlik cəza tədbirləri daha effektiv deyilmi? Yəni, konkret bu əməli törədənlər cəzalandırılsın, bütün miqrantlara şamil olunmasın...? 

- Bu, elə siz dediyiniz kimi də edilir. Avropada "keçini keçi, qoyunu qoyun ayağından asmaq” təcrübəsi çoxdan təsbit olunub. (gülür) İndiyədək heç bir qrup kütləvi olaraq geri qaytarılmayıb. 

-Hansı halda oturum almış miqrantın ölkəsinə geri göndərilmə halları baş verir? Təcrübədə bu kimi hallar olubmu, məlumatlısızmı? 

-Ancaq insan həyatı, maliyyə və vergi ilə bağlı ağır cinayət əməlləri təsdiq olunduğu halda. Başqa hallar da vardı. Məsələn, təxminən 6-7 il əvvəl İsveçrədə belə bir hadisə olmuşdu. Bir nəfər etnik azlığa mənsub Türkiyə vətəndaşı burda yerli bir xanımla evlənib, əvvəl müvəqqəti, 5 ildən sonra isə daimi oturum alandan sonra -  o vaxt qanunla evlilikdə daimi oturum 5 ildən sonra verilirdi – burdakı isveçrəli xanımdan ayrılıb. Xanım öyrənib ki, onunla evli ola-ola adamın Türkiyədə də arvadı və 4 uşağı olub. Sonra o arvadı və uşaqları İsveçrəyə gətirib oturum alıb. Bu işin üstü açılan kimi hamısını ölkədən deportasiya elədilər və az sonra məlum oldu ki, bu adamın bir neçə yaxını da bu yolla oturum alıbmış. Onlar da geri göndərildi. Avropaya gəlib, buranın liberal sosial siyasətindən sui -  istifadə edənlərə qarşı da, siyasət kifayət qədər sərtləşib, amma bunun oturumun ləğvinə gətirməsi təcrübəsinə rast gəlməmişəm. 

Sevinc TELMANQIZI, 
Musavat.com


*****
Oxşar xəbərlər