Ermənistan yeni nüvə enerji bloku tikmək istəyir

  • 22 yan 2016, 07:59

Yeni nüvə enerji blokunun tikintisi məsələsi Ermənistan hökumətinin gündəliyindədir.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın energetika və təbii sərvətlər naziri Yervand Zaxaryan bildirib.

Nazir hökumətin yeni enerji bloku tikmək ideyasından imtina etməsinə dair yayılan xəbərləri təkzib edib: "İqtisadi nöqteyi-nəzərdən bizim bu layihədən imtina etməyə heç bir səbəb yoxdur”.

Zaxaryan hökumətin Metsamor AES-ni 2027-ci ilədək istismar etmək və yalnız həmin tarixdən sonra 600 MVt gücündə yeni enerji blokun tikintisi məsələsinə baxmaq niyyətində olduğunu bildirib.

Zaxaryan 2017-ci ilin yazında Metsamor AES-in 3-4 aylıq əsaslı təmirə dayanacağını bildirib: "Təmir işləri Rusiyanın AES-in istismar müddətinin uzadılması üçün ayırdığı 270 mln dollarlıq kredit və 30 mln dollar məbləğində qrant hesabına aparılacaq. Məhz bu təmirdən sonra Metsamor AES-nin istismar müddətini 2027-ci ilədək uzatmaq mümkün olacaq”.

Metsamor AES-in fəaliyyəti 1988-ci ildə baş vermiş zəlzələdən sonra dayandırılıb. Bir neçə il sonra AES yenidən işə salınıb. Metsamor AES-in bölgədəki dövlətlər üçün ciddi təhlükə yaradır.

Hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür.