Türkiyəyə tuşlanan beş silah: Kreml həlledici hücuma keçdi

  • 12 dek 2015, 22:59

Rusiya Türkiyə ətrafında iqtisadi və hərbi mühasirə formalaşdırmağı planlaşdırır. Moskvanın Ankaraya qarşı iqtisadi sanksiyalarına, həmçinin, qaz təhdidinə İraq və İran da qoşulmaq niyyətindədir. Artıq İran Türkiyəyə ixrac etdiyi gündəlik 28-30 milyon kubmetr qazı 14-15 milyona qədər azaldıb. İraq da iqtisadi sanksiyalara dəstək verəcəyini bəyan edib. Bunun fonunda Rusiya Suriya, Ermənistan və yunan Kiprində hərbi gücünü artıraraq Türkiyənin ətrafında halqa yaratmaq niyyətindədir.



 

Bir neçə gün öncə Rusiya İrəvanın yaxınlığında yerləşən "Erebuni” hava bazasına 15 hərbi helikopter göndərdi. Onlardan yeddisi müasir "Mi-24P” tipli zərbə, digərləri isə "Mi-8” nəqliyyat vertolyotudur. İlin sonuna kimi helikopterlərin yeni partiyası da göndəriləcək.


Bununla yanaşı, Tartus şəhərində dəniz bazası olan Rusiya Qara dəniz donanmasına daxil olan "Rostov na-Donu” sualtı gəmisini də Suriya sahillərinə göndərib. Bundan əvvəl isə Suriyadakı hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək üçün "S-300”lərin analoqu olan HHM sistemi ilə təchiz olunmuş "Moskva” kreyseri və iki sualtı gəmisini Türkiyənin 60 kilometrliyindəki Latakya sahillərində yerləşdirmişdi. Su-24 təyyarəsinin vurulmasından bir neçə gün sonra Rusiya Suriyadakı "Hmeymim” hərbi hava bazasının ətrafında ən müasir S-400 zenit-raket komplekslərini yerləşdirib. Hava bazasında 55-ə qədər döyüş təyyarəsinin olduğu təxmin edilir. Radarları təsirsiz edən "Krasuha” elektron sistemi də "Hmeymim”ə gətirilib. Bazada həmçinin 15 tank və hərbi heyət daşıyan 30-a qədər zirehli texnikanın olduğu təxmin edilir.

Yunan Kipri ilə aparılan danışıqlar da Türkiyəyə adadan hərbi təzyiq etmək, həmçinin, Ankaraya bağlı Şimali Kipr Türk Cümhuriyyətini təsir altında saxlamağa hesablanıb. Rusiyanın Kiprdəki səfiri Stanislav Osadçev ötən həftə adaya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yunan həmkarı Yoannis Kasulidisdən hərbi baza istədiyini açıqlayıb. Onun sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar aparılır.



Beləliklə, İran və İraqın iqtisadi sanksiyalara qoşulduğu bir vaxtda, Ermənistan, Suriya və yunan Kipri Türkiyəyə qarşı hərbi mühasirənin yaradılması prosesində iştirak edir. Belə demək mümkünsə, Rusiya iqtisadi və hərbi olmaqla Ankaranı 5 nöqtədən hədəfə alıb. Halbuki, indiyə qədər Türkiyə Ermənistan istisna olmaqla bu ölkələrin hər biri ilə normal münasibətlər saxlamağa çalışıb, hətta yunan Kipri ilə tarixi münaqişə kənara qoyulmuşdu. Xüsusilə Ankaranın "sıfır problem siyasəti” bölgədə sabitliyin yaranmasında əhəmiyyətli rol oynamışdı.

Bütün kartlar Suriyada qarışdı. Rusiyaya məxsus "Su-24” təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə bölgədəki sabitliklə yanaşı, siyasi tarazlıq da pozuldu.



Hərbi mühasirə:



Suriya

Bu mühasirədə iştirak edən Suriyanın Türkiyəyə qarşı olması məlum məsələdir. Ankara Əsəd rejimini getməsini istəyir və ona qarşı olan müxalifəti dəstəkləyir. Rusiya-Türkiyə qarşıdurmasından ən çox qazananlardan biri də məhz Bəşər Əsəddir. Çünki "düşmənin düşməni dostumdur” prinsipi hazırda Şam rejiminin xeyrinə işləyir. Əsədi qoruyan Rusiyanın bu torpaqlarda hərbi gücünü artırması da birbaşa Ankaranın Suriya siyasətinə qarşıdır. S-400 zenit-raket komplekslərinin və radarları təsirsiz edən "Krasuha” elektron sisteminin Suriyada olması, bu ölkənin hava məkanının Rusiya tərəfindən nəzarətə götürülməsi, nəinki Türkiyənin, ümumiyyətlə İŞİD-ə qarşı koalisiya güclərinin də təyyarələrinin əvvəlki şəkildə uçuşlarına mane yaradılması deməkdir. Rusiyanın Suriyada möhkəmlənməsi ilə Türkiyənin təsir imkanları azalır və bu, Əsəd rejiminə təhlükə hesab etdiyi müxalifəti və türkmanları daha rahat şəkildə məhv etmək imkanı verir. Atası Hafiz Əsəd SSRİ-yə sığındığı kimi, Bəşər də keçmiş imperiyanın varisinin qanadları altına girib. Ruslar Suriyada Əsəd rejiminin ömrünü uzatmaqla yanaşı, bütün bölgənin güc balansı da dəyişir. Yaxın Şərqin siyasi mənzərəsini dəyişəcək bu prosesdə Əsəd üçün yeganə hədəf taxtdan salınmaması olduğu üçün, onun Türkiyəyə qarşı ruslarla ittifaq qurması da təəccüblü deyil.



Ermənistan

Ermənistanın bu "mühasirə”də iştirakı olduqca təbii görünür. Birinci səbəb, ermənilərin tarixi düşmənçiliyidirsə, ikinci səbəb son günlər Türkiyənin Dağlıq Qarabağla bağlı verdiyi bəyanatdır. Çünki Rusiya ilə üz-üzə gələn Türkiyə Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün əlindən gələni edəcəyini bildirdi. Ekspertlərə görə, Suriya hökumətinin dəvəti ilə bu ölkədə anti-terror əməliyyatları keçirən Rusiyaya qarşı Türkiyə də Bakının dəvəti ilə Qarabağda əməliyyat keçirə bilər. Bunun ardından Rusiya helikopterləri Ermənistana uçdu, Türkiyə ilə sərhəddəki hərbi qüvvə artırıldı. Tarix boyu düşmən kəsildiyi türklərə qarşı çıxmaq üçün ermənilərə bundan yaxşı fürsət ola bilməz. Ankara-Moskva düşmənçiliyi Ermənistana həm də ona görə sərf edir ki, İrəvan rejimi indiyə qədər ermənilərin narazılığına rəğmən Türkiyə ilə yaxşı münasibətlər saxlayan Kremlə "Sizə Türkiyədən xeyir gəlməz demişdik” deyə haqlı olduğunu göstərə bilir. 



Yunan Kirpi



Yunanların da Türkiyəyə qarşı koalisiyaya qoşulması tarixi nifrətdən irəli gəlir. Lakin burada geosiyasi amilləri unutmaq olmaz. Hazırda Yunanıstanda Rusiya yönümlü solçu hökumət iqtidardadır. Çipras hökumətinin Avropa Birliyinə qarşı çıxaraq Rusiyanı dəstəkləməsi də yaxın tarixdir və buna görə rəsmi Brüssel Afinanı sərt tənqid də etmişdi. Məlumata görə, yunan Kirpində bazalardan biri Rusiyaya verilməsi üçün danışıqlar gedir. Bunun nəticələrinin necə olacağını demək indidən çətindir, amma görünür, bu işdə Çipras hökuməti Moskvanın yanındadır. Avropa Birliyinin üzvü olan yunan Kiprində rusların belə bir bazaya sahib olmasına Brüsselin razı olacağı sual altındadır. Burada ümumi Rusiya-Avropa qarşıdurması ön planda görünür. Lakin Kipr məsələsində Avropanın bəzən fərqli mövqe tutduğunu da unutmamalıyıq.  2004-cü ildə türk Kirpi ilə yunan Kiprinin birləşməsi məsələsi gündəmə gəldi və bunun üçün referendum keçirildi. Avropa Birliyi adanı bütöv istəyirdi, ABŞ da üzdə bunun tərəfdarı kimi çıxış edirdi. Lakin adanın birləşməməsi, yunan Kiprinin Avropa Birliyinə ayrılıqda girməsi Vaşinqtonun planında var idi. Çünki türk Kiprində mövcud olan hərbi baza ABŞ-İngiltərə ittifaqının Orta Şərq planının reallaşmasında vazkeçilməz nöqtələrdən biridir. Avropa Birliyi, xüsusilə Almaniya buna qarşı çıxır, amerikanların irəli sürdüyü təkqütblü dünya tezisini qəbul etmirlər. Və günümüzdə də bu rəqabət davam edir. İndi Rusiyanın yunan Kiprində baza yaratması Almaniya üçün Avropa Birliyi maraqları fonunda qəbuledilməz olsa da, ABŞ-a qarşı savaş baxımından sərf edir. Bu amil yunan Kiprinin bazalardan birini Rusiyaya verəcəyi ehtimalını artırır.



İqtisadi mühasirə



İraq

İraqın Türkiyəyə qarşı çıxması daha çox Ankaranın Mosula ordu yetirməsi ilə izah edilir. Türkiyə hazırda Mosul yaxınlığında Başika bölgəsində 30 min əsgərin yerləşə biləcəyi hərbi düşərgə salıb. Çünki Yaxın Şərqdə siyasi proseslərin hər gün dəyişdiyi bir vaxtda Ankaranın İraqda əsas varlığı hesab etdiyi türkmanları qoruma refleksini işə salır və bu siyasi baxımdan normal qarşılanmalıdır. Lakin türk əsgəri Şimali Kürd Muxtariyyətinin peşmərgə qüvvələrinə əvvəldən də bu bazada hərbi təlim keçirdi. Bağdadın niyə məhz indi etiraz etməsi diqqət çəkir.

 


İlkin ehtimala görə, İraq hökuməti Türkiyənin bölgədə güclənməsini istəmir və bu, məntiqlidir. Çünki son illər genişlənmə siyasəti aparan Türkiyə dilə gətirməsə də, İraq türkmanlarının ən azından bir muxtariyyət əldə etməsinin tərəfdarıdır. Hər kəs İraqda paya sahib olmaq istədiyi bir vaxtda Ankaranın türkman xalqına sahib çıxması və onların hansısa formada öz müqəddəratını həll etmək istəyini dəstəkləməsi də məntiqli qəbul olunmalıdır. Hesab etmək olar ki, rəsmi Bağdad de-fakto parçalanmış ölkənin de-yure bölünməsindən qorxur və bunun üçün Türkiyəyə qarşı istənilən qüvvə ilə ittifaqa hazırdır.



Lakin bir məqam diqqətdən qaçmamalıdır: İraq heç vaxt olmadığı kimi, indi də özbaşına qərar verə biləcək, istədiyi gücün yanında yer alacaq, yaxud istədiyi siyasi xətti tutacaq ölkə deyil. Bu ölkə vaxtilə İngiltərə və Fransa arasında bağlanan "Syukes-Picot” müqaviləsi əsasında yaradılıb. İngilis zabiti Mark Syukeslə fransız zabit François Georges-Picot Qahirədə bir araya gələrək müqavilə bağladılar. Müqaviləyə görə, İraq, İordaniya, Fələstin bölgəsi İngiltərənin, Suriya və Livan isə Fransanın oldu. Əslində bir çox tarixçiyə görə, Yaxın Şərqdə başlanan qarmaqarışıqlığın əsası da məhz həmi vaxt qoyulub.


Tarix boyu İraqın üzərində İngiltərənin, daha sonra anqlosaksların qurduğu Amerikanın təsiri olub. İndi qəfil Bağdadın müstəqil ölkə kimi siyasi yönünü seçməsi suallar yaradır. Bir ehtimal var: Orta Şərq Planının müəllifləri olan İngiltərə və ABŞ Türkiyənin bölgədə genişlənməsinə qarşı olduğu bəllidir. Xüsusilə Kürdüstan dövləti yaratmaq niyyətləri buna imkan vermir. Lakin hazırda ABŞ və Türkiyə arasında müəyyən razılaşmaların olduğu görünür. Digər tərəfdən, Türkiyə NATO ölkəsidir və NATO üzvü olan Amerika Ankaraya birbaşa "bölgədən çəkil” deyə bilmir. Şimal Alyansında təmsil olunan ölkələrin bir-birinin maraqlarına zidd addım atması, yaxud buna qarşı çıxması nizamanməyə görə olmaz. Ankara faktiki olaraq İraqa girməklə həm türkmanları xilas edir, həm də Vaşinqtonun özünün ümumbəşəri bəla elan etdiyi İŞİD-lə mübarizə aparır. Belə bir mənzərədə Türkiyəyə "bölgədən çəkil” sözünü yalnız İraq hökuməti deyə bilər.



İran

İranın Türkiyəyə qarşı "soyuq müharibə”yə qoşulmasının səbəbləri bir çox geosiyasi amillərə dayanır. Birincisi, Suriya ilə yanaşı İraqda da şiə hakimiyyətinin iqtidarda qalması Tehran üçün vacib məqamdır. Bu, onun bölgəyə nüfuz etməsinə imkan yaratmaqla yanaşı, İran-İraq-Suriya şiə gücünün qorunmasına xidmət edir. Digər tərəfdən, İranla Türkiyə bölgədə tarix boyu maraqlar uğrunda mübarizə aparıblar. Hazırda Rusiya ilə eyni səfdə dayanan İranın Türkiyəyə qarşı çıxması gözlənilən idi.

Göründüyü kimi, Rusiya beş cəbhədən Türkiyəni sıxışdırmağı düşünür və bu prosesdə Qərbin səssiz qaldığını müşahidə edirik. Hesab etmək olar ki, ABŞ Rusiya ilə mübarizəni Türkiyənin sayəsində qlobal səviyyədən regional müstəviyə endirə bildi. Proseslərin  bundan sonrakı inkişafının necə olacağı hələ ki sual altındadır.



Asif Nərimanlı

Oxşar xəbərlər