Parisə hücum edən terrorçuların kimliyi məlum oldu

  • 15 noy 2015, 11:44

 

Parisdə törədilən terror aktlarında şübhəli bilinən 3 nəfərin kimliyi məlum olub.

Terrorçu-kamikadzelərdən birinin adını Fransanın Şartr şəhərinin meri Jan-Pyer Jorj öz facebook səhifəsində açıqlayıb, daha iki nəfərin kimliyini isə KİV öz mənbələrinə istindən açıqlayıb.

Jan-Pyer Jorjun məlumatına əsasən, terrorçulardan biri 29 yaşlı Fransa vətəndaşı Mostefa İsmayıl Omardır (Mostefai Ismael Omar). Onun atası və qardaşı artıq polis tərəfindən saxlanılıb.

"O, Şartrda ən azı 2012-ci ildən yaşayırdı” - J.P.Jorj yazıb.

Paris prokurorluğunun məlumatına görə, Omar Paris yaxınlığındakı Kurkuron (Eson departamenti) yaşayış məntəqəsində doğulub. 2004-2010-cı illər ərzində o, 8 dəfə məsuliyyətə cəlb edilb, lakin heç vaxt həbs olunmayıb.

Ehtimal edilir ki, o, Suriyada 2013-2014-cü illərdə olub. Terrorçu Fransa xüsusi xidmət orqanlarını nəzarəti altında idi.

Digər terrorçu-kamikadzenin kimliyi onun cəsədinin yanından tapılan şəxsiyyət vəsiqəsi vasitəsilə müəyyən edilib.
"Le Figaro" qəzetinin məlumatına əsasən, Abdulakbak.B (Abbdulakbak B.) 1990-cı ildə doğulub. Onun barəsində ətraflı məlumat verilmir.

Üçüncü terrorçunun adını Serbiyanın Blic qəzeti yayıb. Nəşrin məlumatına görə, Suriya vətəndaşı Əhməd Əlməhəmməd oktyabrın 3-də Yunanıstanın ərazisindən Serbiyaya keçib və Preşevo şəhərində müvəqqəti sığınacaq almaq üçün müvafiq qurumlara müraciət edib. Nəşr bildirir ki, terror aktlarının təşkilatçısı məhz Əhməd Əlməhəmməd olub.