Mehriban Əliyeva Antalyada Əlillərin Bərpa Mərkəzində olub - Foto

  • 15 noy 2015, 11:41
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyənin Antalya şəhərində Əlillərin Bərpa Mərkəzi ilə tanış olub. Azərtac-ın məlumatına görə, Mehriban Əliyevanı və Fondun vitse-prezidenti Leyla Əliyevanı Əlillərin Bərpa Mərkəzində Türkiyənin birinci xanımı Əminə Ərdoğan qarşıladı.
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva, Cənubi Afrika Respublikasının birinci xanımı Tobeka Madiba Zuma, Zimbabvenin birinci xanımı Qreys Muqabe, Malayziya baş nazirinin xanımı Rosma Mansor və digər qonaqlar mərkəzin fəaliyyəti ilə tanış olublar.
 
Mərkəzdə müalicə olunan uşaqlar qonaqları mədəni proqramla qarşılayıblar.  
 
Azərbaycanın birinci xanımına və digər qonaqlara Mərkəzin fəaliyyəti barədə məlumat verilib.
 
Qeyd olunan müəssisə Türkiyədə əlillərin ən böyük bərpa mərkəzlərindən biridir. Burada uşaqlarla yanaşı, onların valideynləri ilə də maarifləndirici işlər aparılır. Mərkəzin başlıca məqsədlərindən biri əlil uşaqların cəmiyyətə inteqrasiyasını və onların sosial-iqtisadi həyatda daha yaxından iştirakını təmin etməkdir.  
 
Qonaqlar mərkəzdə tədris prosesi ilə maraqlanıblar və uşaqların əl işlərinə baxıblar.