Parisdə ciddi yoxlamalar aparılır

  • 14 noy 2015, 19:57
Fövqəladə vəziyyət elan olunmuş Paris şəhərinə gələn elektrik qatarları, sərnişin avtobusları vağzallarda, avtomobillər isə şəhərin girişində polis və hərbçilər tərəfindən ciddi yoxlanılır.

APA-nın Parisdəki müxbirinin verdiyi məlumata görə, Parisdə terror aktından sonra bağlanmış metro stansiyaları yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 15:00), terror aktları baş vermiş "Bataklan” teatrı, "Stad de France” stadionu yaxınlığındakı metro stansiyaları isə az əvvəl açılıb.
 
Ən çox insan tələfatının baş verdiyi "Bataklan” teatrının ətrafı polis tərəfindən əhatəyə alınıb, 150 metr radiusda əraziyə heç kim buraxılmır. Teatr Parisin ən böyük bulvarı olan Volter bulvarı yaxınlığında yerləşir və faktiki olaraq bulvarın yarısı giriş üçün bağlıdır. "Eyfel” qülləsi, Luvr muzeyi, konsert salonları və digər turizm məkanları isə ziyarətçilər üçün qapalıdır. Bu məkanların nə zaman ziyarətçilər üçün açılacağı barədə məlumat verilmir.
 
Polis Parisdə insanların bir yerdə kütləvi toplaşmasına icazə vermir. Bununla belə insanların 50-100 nəfər olmaqla toplaşaraq terror baş verən bir sıra məkanlarda terror qurbanlarını yad etmək üçün gül dəstələri qoymasına mane olmur. Şəhərə çıxmaq qadağan edilməsə də, insanlara daha çox evlərində qalmaq tövsiyə edilir.
 
Hazırda Parisdə miqrantlara münasibətdə təhlükəli tendensiya müşahidə olunmur. Şəhərdə insanlar bir-birinə təskinlik verməyə, həmrəylik nümayiş etdirməyə çalışırlar.
 
İnsanlar bu dəfə də "Charlie Hebdo” jurnalının redaksiyasına yanvar ayında edilən terror hücumundan sonra yığışdıqları Parisin Respublika meydanına axışırlar. Polis insanları dağılışmağa çağırsa da, axın davam edir. İnsanlar heykəlin altında şamlar yandırır, gül dəstələri qoyurlar. Həlak olanların qohumları isə "Bataklan” teatrına yaxın əraziyə gələrək gül dəstələri qoyurlar, şam yandırırlar. 
 
Terror aktları ilə bağlı mətbuatda ciddi senzura da müşahidə edilir. KİV-lər yalnız polis orqanları tərəfindən verilən rəsmi məlumatları dərc edir, efirə verir.  Məqsəd şayiələrin qarşısını almaqdır.