Abbas Abbasovun "kassiri" işdən qovuldu - Həbsi gündəmdə...

  • 06 noy 2015, 22:56

Azərbaycan Beynəlxalq Bankının Rusiyada törəmə müəssisəsi olan "ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən çıxarılıb. Onun yerinə Emin Əfəndiyev təyin edilib. 

Qeyd edək ki, Beynəlxalq Bankın Moskva filialı 2001-ci ilin yanvarında yaradılıb. Onun nizamnamə kapitalı 2,11 milyard rubl təşkil edir. Bankın yeganə təsisçisi və sahibi Azərbaycan Beynəlxalq Bankıdır. 

Bir neçə ay əvvəl Rusiya Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankının Moskva filialını çirkli pulların yuyulması haqda qanunu pozmaqda ittiham etmişdi. Məlumatda bildirilirdi ki, Azərbaycan Beynəlxalq Bankının Moskva filialı "Cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda" Qanunun 15.27-ci maddəsinin 1-ci hissəsini pozmaqda günahlandırılır. Bu qanun pozuntusuna görə bank inzibati məsuliyyətə cəlb edilib və ona rəsmi xəbərdarlıq olunub”. Rusiya Mərkəzi Bankının müvafiq qərarı ötən ilin noyabr ayının 7-də qüvvəyə minib. 

Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin yarısından çoxu Beynəlxalq Bank vasitəsilə köçürülürdü. Bu köçürmələr "IBA Express” sistemi vasitəsilə aparılırdı. Bu sistem çərçivəsində köçürmələrin ümumi illik həcmi 120 milyon dollardan çox idi.

Beynəlxalq Bankın Moskva filialının rəhbəri haqda ilginc məlumatlar hələ işdən çıxarılmasından əvvəl də vardı. İddia olunurdu ki, yaradıldığı vaxtdan Rusiyada yaşayan azərbaycanlılara bankın Moskva filialından ya kredit verilməyib, ya da müraciət edənlərə kreditin əvəzində 10-15 faiz həcmində pul verilib. Beynəlxalq Bankdakı dayağı Cahangir Hacıyevin hesabına F.Abdullayev Moskvada özünə var-dövlət qazanıb və oliqarx kimi yaşayıb. 

O Beynəlxalq Bankın pulu ilə Moskvanın Lenin prospektindəki "Forto-Pyano” yaşayış kompleksi üçün azərbaycanlılardan külli miqdarda pul yığsa da, onları aldadıblar. Bu işdə isə filialın kreditlər şöbəsinin direktoru Fərhad Rüstəmovun adı hallanır. F.Rüstəmov kredit qalmaqalına görə Bakıda həbs olunan, yalnız bir neçə gün əvvəl isə hələ ki bilinməyən səbəblərdən azad edilən Nadir Abbasovun qızının əridir. Nadir Abbasov baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun doğma qardaşıdır. Aydındır ki, məhz onun vasitəsilə N.Abbasov Beynəlxalq Bankdan 10 milyon kredit götürüb. Ümumiyyətlə, Moskva filialının məhz Abbas Abbasovla yaxınlığı, hətta ona işlədiyi barədə iddialar çoxdur. F. Abdullayevin "Milyarderlər ittifaqı” adlanan qurumun "kassası” olduğu barədə də xəbərlər vardı. 

Məlumatlara görə, Fuad Abdullayevin işdən çıxarılması birbaşa kredit qalmaqalı ilə əlaqəlidir. Hətta onun həbs ediləcəyi barədə də iddialar var. "Azadlıq” qəzeti yazıb ki, yaxın günlərdə "kredit qalmaqalı” ilə bağlı yeni həbslər dalğası başlayacaq. İddialara görə, əsasən Beynəlxalq Bankdan kredit götürən Cahangir Hacıyevə yaxın şirkətlərin məsul işçiləri cinayət məsuliyyətinə cəlb olunacaq. Qəzet bu şirkətlərin sayının 40-a yaxın olduğunu yazır. 

Qeyd olunur ki, kredit qalmaqalının ilk günlərində onlardan çoxunun rəhbəri DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılmışdı. Bəziləri kredit borcunu ödədiyinə görə sərbəst buraxılmışdı. Bəziləri isə hələ də həbsdədir. Möhlət verilən şirkətlər də var. Bildirilir ki, artıq onlara verilən müddət başa çatıb. Lakin hələ də kreditlər ödənilməyib. Ona görə də onların həbs olunması barədə qərar verilib/musavat.com/.

Oxşar xəbərlər