Amerikaya qarşı Rusiya-Türkiyə-İran ittifaqı? - iddia

  • 09 yan 2020, 10:04

Siyasi analitiklərdən fərqli proqnozlar; "Belə bir addım atılsa...”

ABŞ eyni regionun üç böyük dövləti ilə gərgin münasibətlərdədir. Uzun müddətdir Türkiyə və Rusiya ilə soyuq münasibətlər hökm sürür. İranla isə general Qasım Süleymaninin öldürülməsindən sonra münasibətlər müharibə həddinə çatmaqdadır. Bəs ABŞ-İran qarşıdurmasının dərinləşməsi bölgədə Türkiyə-Rusiya-İran ittifaqının yaranmasına gətirib çıxar bilərmi? Nəzərə alsaq ki, digər iki ölkə ilə də ABŞ-ın münasibətləri yaxşı deyil, belə bir  ittifaqın proseslərə hansı təsirləri ola bilər?

Politoloq Əhəd Məmmədli "Yeni Müsavat”a bildirdi ki, ABŞ-a qarşı nəinki Türkiyə-Rusiya-İran ittifaqı, heç Rusiya-Çin-İran ittifaqı da mümkün deyil. Rusiya İrana görə ABŞ-la savaşan deyil: "Sizə xatırladım Barak Obamanın zamanında ABŞ BMT-də İrana qarşı məsələ qaldıranda Çinlə Rusiya veto hüququndan istifadə etmədilər və İrana qarşı qətnamə qəbul olundu. Odur ki, indi də üfüqdə ABŞ-a qarşı adlçəkilən 4 ölkənin ittifaqının yaranacağı görünmür. Bu ölkələr, uzağı, ABŞ-a qarşı hansısa oxşar bəyanatlar verə bilərlər. Yəni məsələ real ittifaq fazasına keçməyəcək. ABŞ-la ikitərəfli münasibətləri nə qədər yaxşı olmasa belə, heç kəs İrana görə Amerika ilə savaşan deyil. İndiki gərginliyin o qədər də uzun çəkməyəcəyi ehtimalı yüksəkdir. Nə İran bundan dərinə gedən deyil, nə də ABŞ”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, ABŞ-ın regionda siyasi-hərbi fəaliyyəti Rusiya-Türkiyə və İran üçbucağının formalaşmasına gətirib çıxarır: "Suriya münaqişəsində Rusiya-Türkiyə-İran birgə Asatan formatı yaradıb, birgə fəaliyyətlərini koordinasiya edib, ABŞ-ın regionda fəaliyyətini ciddi zəiflətmişdilər. Hazırda ABŞ çalışır ki, təşəbbüsü ələ alsın. Amma Rusiya və Türkiyə çalışacaq ki, İranla birgə ABŞ-ın bu fəaliyyətinin qarşısını alsınlar. Regionda Türkiyə, Rusiya və İran ittifaqının qurulması mümkündür. Hazırda Vladimir Putin Türkiyədə səfərdədir. Belə bir ittifaqın yaradılması istiqamətində danışıqlar aparıla bilər. Amma Türkiyə və Rusiya arasında Liviya məsələsində ciddi fikir ayrılıqları olduğu üçün tərəflərin ortaq məxrəcə  gəlməsi zaman apara bilər. Putin çalışacaq ki, belə bir ittifaq quraraq ABŞ-ın mövqelərini regionda zəiflətsin. İrana qarşı ABŞ-ın apardığı siyasət və Qasım Süleymaninin öldürülməsi regionda yeni nizam yaradır. Təhlükəsizlik riskləri və hər üç dövlətin maraqlarının ABŞ tərəfindən sıxışdırılması halları yaşanır. Putinin Suriyaya səfəri və İrana dəstəyi, Türkiyə ilə apardığı danışıqlar ittifaqın qurulmasına apara bilər. Əgər belə bir ittifaq qurulsa, regionda yeni nizam və dəyişikliklər yaranacaq. Qarşıdakı dövrdə ABŞ-ın İraqda və Suriyada mövqeləri zəifləyə bilər. Çinin də bu ittifaqa qoşulması mümkün ola bilər. Göründüyü kimi, ABŞ üçün regionda real ittifaq yaranarsa, Çin də burada iştirak edərsə, Suriya və İraqda mümkün sabitliyin bərqərar olması mümkündür. Amma ABŞ qəti şəkildə buna imkan verməyəcək və yenidən regionda sabitliyi pozmağa çalışacaq”.

Oxşar xəbərlər