Ermənistanda əhali yoxa çıxır - statistika

  • 09 yan 2020, 10:00

28 ildə düşmən ölkə əhalisinin sayı ən aşağı səviyyəyə enib; əhali hələ də xaricdən edilən pul köçürmələrinin ümidinə qalıb; Paşinyan isə "günah keçisi” axtarışına çıxıb...

Hökumət səviyyəsində verilən pafoslu açıqlamalara rəğmən, postinqilab dövrünün Ermənistanı 2020-ci ilə Qarabağ problemi ilə yanaşı, bir az da ağırlaşan iqtisadi-sosial problemlərlə girib. İşğalçı ölkənin Azərbaycan və Türkiyə tərəfdən təcridi keçən il daha da güclənib. Bütün bunların nəticəsi olaraq isə Ermənistanda inqilabçı baş nazir Nikol Paşinyanın normal həyat barədə verdiyi vədlər keçən il də söz olaraq qalıb.

Bunun bir parlaq təzahürü də hakimiyyətdən ciddi heç nə gözləməyən iş qabiliyyətli əhalinin, xüsusən də gənclərin ölkədən baş götürüb qaçmağa davam etməsidir. Yeni hakimiyyətin şirnikləndirici vədlərinə baxmayaraq, Nikol Paşinyan iqtidarı da nəinki ermənilərin repatriasiyasına (geri dönüş) nail ola bilməyib, heç ölkədən kütləvi köçün azalmasına da müyəssər olmayıb.      

Gerçəklik həmçinin belədir ki, Ermənistan əhalisi hələ də əsasən xaricdən edilən pul köçürmələri hesablına yaşayır. Bu məsələdə isə Rusiya liderlik edir. Məlumatlara görə, köçürmələrin 80%-i onun payına düşür. Həmçinin Türkiyədə 100 mindən çox erməni əmək miqrantı çalışır. Bu rəqəmi qardaş ölkənin rəsmilərindən biri az öncə açıqlamışdı. O da bildirilmişdi ki, Türkiyə hökuməti istəsə, onların hamısını Ermənistana deportasiya edə bilər.

Ermənistanın yeni rəhbərliyinin inqilabdan sonra ölkəyə xarici sərmayələrin axacağı ilə bağlı vədləri də özünü doğrultmayıb. Əksinə, xarici investisiyalar ciddi şəkildə azalmaqdadır. Təhlilçilərin fikrincə, bunun bir səbəbi də inqilab sonrası situasiyanın sabit olmaması və bunun da biznes abı-havasına neqativ təsiridir.

*****

Bu arada məlum olub ki, 2019-cu ildə Ermənistanın əhalisinin sayı ən aşağı həddə olub və 2 milyon 965 milyon nəfər təşkil edib. "Yeni Müsavat”ın məlumatına görə, işğalçı ölkənin statistika komitəsinin son hesabatında belə deyilir. Qurum əhalinin say göstəricilərini 1990-cu ildən başlayaraq dərc edib. Açıqlamadan görünür ki, erməni əhalisinin sayı 1992-ci ildən etibarən azalmağa başlayıb. Ən aşağı göstərici məhz 2019-cu ildə qeydə alınıb. Rəsmi statistik göstəricilərə əsasən, əgər 1992-ci ildə Ermənistanda əhali sayı 3 milyon 663 min olubsa, 2019-cu ildə bu göstərici 668 min nəfər azalıb.

Yeri gəlmişkən, il başa çatar-çatmaz baş nazir Nikol Paşinyan facebook səhifəsində özündənrazı şəkildə və bir növ öz xalqını muştuluqlayaraq belə bir şey yazmışdı ki, 2019-cu ildə ÜDM-in artım faizinə görə Ermənistan artıq Gürcüstanı ötüb. Və əlavə edib: "Ümid edirik ki, Azərbaycanı da bu il ötəcəyik”.  

İqtisadçılar, o cümlədən də erməni ekspertlər isə bunu dərhal kinayə ilə qarşılayıblar və artımın əsas səbəbini ölkədən davam edən emiqrasiya ilə əlaqələndiriblər. Yəni ÜDM böyüməsinin (adambaşına düşən göstəricidir) iqtisadidən çox, sosial nədəni olduğu bildirilir. Başqa sözlə, əhali sayı azalırsa, aydındır ki, adam başına düşən ÜDM artacaq - faktiki, böyümə baş verməsə də. Paşinyan da buna uşaq kimi sevinir və ilin böyük iqtisadi uğuru kimi ermənilərə sırımaq istəyir.

Bundan əlavə, bəlli olub ki, 2019-cu ilin yekunlarına görə, pasportların indeksi məsələsində Ermənistan iki mövqe itirib. "Yeni Müsavat” xəbər verir ki, bu barədə "Henley & Partners” beynəlxalq şirkətin yaydığı hesabatda deyilir. Qeyd edilir ki, işğalçı ölkə Nikol Paşinyan dönəmində pasportların reytinqinə görə 79-cu ildən 81-ci yerə enib.

Əlavə edək ki, "Henley & Partners” şirkəti 200 dövlətin viza qaydalarını analiz edir və onları vizasız ölkələrin  sayına görə sıralayır. İndeks - ölkələrin öz vətəndaşlarına verdiyi sərbəst yerdəyişmə azadlığının səviyyəsi üzrə beynəlxalq reytinqdən ibarətdir. Bu reytinq həm də konkret dövlətin beynəlxalq münasibətlər sistemində statusunu müəyyən edir.

*****

Maraqlıdır ki, bu kimi rəsmi neqativ statistik göstəricilərin açıqlandığı gün "məxməri” baş nazir Nikol Paşinyan iş, çörək axtaran ac-yalavac xalqla, faktiki, məzələnib. "Hamınızı yeni əmək ilinin başlaması münasibətilə təbrik edirəm. Böyük zəhmət qoyulan iş - bizim həll eləməyə çalışdığımız və edəcəyimiz problemlər üçün ”sehrli çubuq" elə budur", - deyə Paşinyan bütün erməniləri 2020-ci ildə qan-tər içində işləməyə çağırıb. Bununla da o, inqilab öncəsi vəd elədiyi iqtisadi möcüzəni yaratmaq məsuliyyətini də ermənilərin üstünə atıb.

Təəccüblü deyil. İnqilabın ikinci ildönümü, daha dəqiqi, uğursuz siyasət və baş tutmayan islahatlara görə hesab zamanı yaxınlaşdıqca verilən vədləri unutdurmaq, "günah keçisi” axtarıb tapmaq zərurəti də artacaq... 

"Yeni Müsavat”ın analitik xidməti

Oxşar xəbərlər