Suriya müəmması: Ərdoğan Əsədi bağışlayacaqmı?

  • 28 okt 2019, 09:52

Ekspertlərdən maraqlı proqnozlar; "Anlaşmalar pozulsa..."

Türkiyə öz sərhədlərinin təhlükəsizliyini qorumaq üçün Suriyada başladığı hərbi əməliyyatları dayandırdı. Qardaş ölkə öncə ABŞ, sonra isə Rusiya ilə razılıq əldə elədi. Hazırda müzakirələr sırasında olan məsələlərdən biri də Ərdoğanın Bəşər Əsədlə barışıb-barışmayacağı ilə bağlıdır. Bir sıra dövlətlər buna çox çalışır.

Siyasi şərhçi Əhəd Məmmədli öncə anlaşmaların yolunda  getmədiyini qeyd etdi: "Suriya anlaşmasının nə yerdə olduğunu tam müvəqqəti atəşkəs sürəci bitəndən sonra dəqiq biləcəyik. Fikrimcə, hələ ki tam istədiyimiz kimi anlaşma işləmir. Və bunun da günahkarı ABŞ və Rusiyanın nəzarətində olan PKK və Əsəd rejimidir. Məsələn, şənbə günü YPQ-PKK rejim əsgərləri ilə birlikdə irəliləmək istəyiblər, ancaq türk silahlı qüvvələri tərəfindən yerlərində otuzdurulublar. Deyilən vaxtda terrorçular geri çəkilməsə, Türkiyə prezidenti dediyi kimi türk silahlı qüvvələri Suriyanın şimal-şərqini terrorçulardan təmizləyəcək. Sonluğu Türkiyə-Rusiya razılaşmasına uyğun olaraq nəzərdə tutulan bölgənin YPG-dən təmizlənəcəyini gözləyirəm.

Bu könüllü və ya güc yolu ilə olacaq. Artıq hər şey terrorçuların davranışından asılıdır. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov YPG-nin Soçidə Putin və Ərdoğan arasında gəlinən razılaşmaya əməl etməsələr, türk silahlı qüvvələri tərəfindən məhv ediləcəklərini bildirdi. Yəni bu məsələdə Moskva ateist terrorçulara konkret mesajını verdi. Bu, o deməkdir ki, YPG geri çəkilib əsədçilərə qoşulmalıdır. ABŞ YPG-ni buraxıb gedəndən sonra terrorçular üçün Türkiyə Rusiya arasında imzalanan razılaşmaya tabe olmaqdan başqa yol qalmayıb. Rejim əsgərləri və ya şiə militanları Türkiyə və Rusiya arasında razılaşmanı pozmağa cəhd edirlər.

Amma düşünürəm ki, bunu da onlara etməyə Moskva icazə verməz. Çünki əks halda regionda Moskva Ankara ilə yenə baş-başa gələ bilər. Bu da nə Moskva, nə də Ankaraya lazımdır. Putin hətta Əsədə görə belə Ərdoğanla bu qədər çətin düzələn münasibətlərin yenidən pozulmasına doğru getməz. Unutmayaq ki, Türkiyə və Rusiya arasında Suriyadan da başqa böyük anlaşmalar, tərəfdaşlıq var. Türkiyə ilə qurulan bu strateji münasibətləri Rusiya Əsəd və YPG-yə görə riskə atmaz. Böyük dövlətlər arasında münasibətlər necə asanlıqla qurulmur, eləcə  də asanlıqla pozulmur. Putin Ərdoğanla Əsədin barışmasını çox istəyir. Bu, Putinin əlinə oynayar. Düzdür, Putin Əsədə qulaqburması verib Ərdoğanla eyni masaya oturda bilər. Lakin məsələ ondadır ki, Ərdoğan Əsədlə bir masaya oturarmı? Düzdür siyasətdə hər şey mümkündür. Ərdoğan Əsədlə bir masaya otursa belə, tək oturmayacaq, ASO ilə birlikdə oturacaq. Bununla da Ankara ASO və digər özünə yaxın müxalif qüvvələrini Əsədə tərəf müqavili edəcək. Suriya məsələsində Ərdoğan üçün sünni müxalifəti arxasına almaq mühüm məsələdir. Ona görə də müxalifətin etimadı Ankara üçün önəmlidir. Yuxarıda qeyd edilənlərə söykənsək, Ərdoğan Əsədlə bir masa arxasına otursa belə müxalifəti arxasına alıb oturacaq. Bununla da Əsədi məcbur edəcək yeni Suriya quruluşunda müxalifətə də yer versin. Bütün bunların baş verməsi üçün də Ankara üçün vacibdir ki ”Sülh Çeşməsi" antiterror əməliyyatı tezliklə istədiyi kimi başa çatsın və təhlükəsizlik üçün qurulması nəzərdə tutulan tampon bölgəsinə Türkiyədə məskunlaşan suriyalı qaçqınlar yerləşdirilsin. Bax bu baş verəndən sonra Ərdoğan və yanına aldığı sünni müxalifət, Putinin himayəsində olan ələvi iqtidarın qarşısında daha güclü şəkildə əyləşəcək".

Politoloq Məhəmməd Əsədullazadəyə görə, Suriya münaqişəsi regionda geosiyasi toqquşma və yeni dəyişikliklər yaradıb: "İlk növbədə Türkiyənin regionda əsas söz sahibi olmasına gətirib. Ankara Suriya münaqişəsində prinsipial və öz milli təhlükəsizlik maraqlarını qorumaqla Astana formatında Rusiya və İranla, həmçinin ABŞ-la qarşılıqlı anlaşma ilə öz mövqeyini qorudu. Demək olar ki, Türkiyə Suriyanın şimal-şərqində YPG terror təşkilatına qarşı ”Barış Pınarı" əməliyyatını keçirməklə həm siyasi hədəflərinə nail oldu, həm də terror təhlükəsini sərhədlərindən uzaqlaşdırdı. Rusiya və ABŞ-la bağlanan Suriya razılaşmasına çalışır ki, əməl edilsin və YPG terror təşkilatı 30 km bufer zonadan uzaqlaşsın. Rusiya və ABŞ da bu istiqamətdə çalışır. Amma müəyyən problemlər qalmaqdadır. Təhlükəsizlik zonasında qalan terrorçulara qarşı Ankara 150 saatdan sonra əməliyyatı davam etdirə bilər. Buna nə Rusiya, nə də ABŞ etiraz edə bilməyəcək. Çünki Türkiyə kifayət qədər vaxt verdi. Soçi razılaşmasının üçüncü bəndinə əsasən status-kvo Türkiyənin maraqlarına xidmət etməlidir. Türkiyə Fəratın şərq sahilində əməliyyatı keçirə bilər - baxmayaraq ki, ABŞ hərbi kontingenti neftlə zəngin Suriyanın şərq hissəsinə qayıdır. Burada YPG terrorçuları qalmaqdadır. Hesab edirəm ki, YPG terrorçuları - "Xalq özünü müdafiə qüvəlləri” adlanan təşkilat Türkiyəyə qarşı ilk gündən müqaviməti zəif olduğundan bundan sonra da geri çəkiləcək. Vaşinqton da bu terror qruplaşmasının tam sıradan çıxmasında maraqlı deyil. Türkiyənin öz cənub sərhədlərinin təhlükəsizliyi üçün keçirdiyi üç hərbi əməliyyat öz məntiqi qələbəsinə çatıb. Bundan sonra şimali Suriyada Kürd kvazi-dövlətin yaradılması mümkün olmayacaq. 30 km areala - təhlükəsizlik zolağına Türkiyədə məskunlaşan suriyalı qaçqınlar köçürüləcək. Rusiya çalışır ki, Dəməşqlə Ankara müəyyən dərəcədə təhlükəsizlik məsələsində anlaşaraq bir növ ABŞ-ın Suriyada siyasətini zəiflətsin. Hesab edirəm ki, Moskva Türkiyənin təhlükəsizlik və regional maraqlarına zidd atdım atmasa, Moskvanın vasitəçiliyi ilə Ankara-Dəməşq əlaqələri bərpa edilə bilər. Çünki regionda şərtlər də bunu tələb edir. İlk növbədə Əsəd və Kreml YPG-ni Türkiyə əleyhinə istifadə etməməklə bağlı öhdəlik götürməli, ya da bunları Suriya ərazisində ləğv etməlidir. Hesab edirəm ki, Ankaranın Suriya münaqişəsində həlledici rolu ölkəyə sülh və ərazi bütövlüyünün qorunmasına gətirir".

"Yeni Müsavat”

Oxşar xəbərlər