İran daha bir Fransalı elm adamını həbs edib

  • 17 okt 2019, 13:44

Fransa Xarici İşlər Nazirliyi İran hüquq-mühafizə orqanları tərəfindən Rolan Marşal adlı elm adamının tutulduğunu təsdiqləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə müvafiq informasiya nazirliyin rəsmi saytında yerləşdirilib.

Qeyd olunur ki, dünən Fransanın "Siyasi cəmiyyətlərin təhlili fondu” (Fasapo) ölkənin prestijli təhsil müəssisələrindən sayılan, Parisdə yerləşən Siyasi araşdırmalar institutunun elmi əməkdaşı Rolan Marşalın tutulduğunu bildirib.

Fransanın dövlətə məxsus "RFİ” (Radio France Internationale) radiostansiyası Rolan Marşalın Tehran hava limanında İslam keçikçiləri korpusunun hərbi qulluqçuları tərəfindən saxlanıldığı barədə məlumat verib.

"Le Figaro” qəzetinin informasiyasına əsasən fransız alim Sahel (Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan məhsudar torpaqlara malik tropik savanna. Daha çox Afrikanın Sudan bölgəsi kimi tanınır-red.) və Afrika Buynuzu (Afrika materikinin şərqində yarımada. Şimaldan Ədən körfəzi, şərqdən Hind okeanının suları ilə yuyulan bölgə. Şimal-şərq qurtaracağında Qvardafuy burnu yerləşir-red.) ölkələri üzrə ekspert hesab olunur. Bundan başqa, Rolan Marşal "France 24” xəbər kanalında çalışıb və burada reportajlar müəllifi olub.

Cənab Marşal İran hüquq-mühafizə orqanlarının həbs etdiiy ilk avropalı alim deyil.

Bundan daha öncə iranlılar Fariba Adelxa adlı antropoloq, İslam dini üzrə mütəxəssis və Beynəlxalq araşdırmalar mərkəzinin (CERİ) ekspertini həbs etmişdilər.

Xanım Adelxa casusluqda ittiham olunur. İkili vətəndaşlığa malik olmasına rəğmən İran hakimiyyəti onun Fransa vətəndaşlığını tanımır. .

Fariba Adelxanın dostları İranın onu faktiki olaraq girovda saxladığını və ondan ABŞ, habelə Avropa Birliyi ilə nüvə danışıqlarında təzyiq vasitəsi kimi istifadə etmək niyyəti daşıdğını deyirlər.

İranda son dövrlərdə həbs olunan əcnəbi alimlərdən biri də Kamil Əhmədi adlı, İranın Kürdüstan əyalətindən çıxmış britaniyalıdır.

Həyat yoldaşı Şəfəq Rəhmaninin sözlərinə görə, onu bu ilin avqustun 11-də Tehranda qaldığı oteldə həbs ediblər.
Kamil Əhmədi ən çox İranda qadın sünnəti və uşaq nikahları mövzusunda apardığı tədqiqatlarla tanınır. "Linkedin” saytındakı bioqrafiya məlumatlarından göründüyü kimi, K.Əhmədi Böyük Birtaniyanın bir sıra məhşur universitetlərini, o cümlədən Londonun Siyasi və iqtisadi elmlər məktəbini bitirib.

Oxşar xəbərlər