İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?

  • 19 sen 2019, 08:17

Keçmiş baş qərargah rəisi Qantz Netanyahunu qabaqladı; amma hökumət qurulması asan olmayacaq

Sentyabr 17-də İsraildə keçirilən növbədənkənar seçkilərin ilkin nəticələri artıq məlumdur. Rəsmi nəticələr məlum olmasa da, bir sıra media orqanları exit-poll keçirib və buna əsasən hazırkı baş nazir Benyamin Netanyahunun Likud Partiyası 33, onun əsas rəqibi olan keçmiş baş qərargah rəisi Benni Qantzın "Mavi-Ağ” (Kahol Lavan) seçki ittifaqı isə 34 mandat qazana bilib.

Seçkilərdə İsrail seçicilərinin 69,4 faizi iştirak edib. Ancaq hazırkı nəticələr hökumət qurulmasını yenə də sual altında qoyur. Məsələ ondadır ki, İsrail qanunlarına görə, 120 nəfərlik parlamentdə 61 mandat qazanan siyasi partiya və ya blok hökuməti formalaşdıra bilər. Bu ilin 9 aprelində keçirilən seçkilərdə Netanyahu və Qantzın liderlik etdiyi siyasi qüvvələrin hər biri 35 mandat qazanıb. Ancaq prezident Rueven Rvilin səs faizi nisbətən çox olan Netanyahuya hökumət qurmaq səlahiyyətini verib. Baş nazir Netanyahu isə lazım olan 61 səsi ala bilməyib.

Lakin indi situasiya fərqlidir. Hazırkı nəticələrdə Qantz irəlidə görünsə də, keçmiş baş qərargah rəisinin hökumət formalaşdırması xeyli çətin görünür. Məsələ ondadır ki, İsraildə seçkilər proporsional sistem üzrə keçirilir və partiyalar üçün müəyyən edilmiş baryer xeyli aşağı, yəni 3,25 faizdir. Bu səbəbdən də İsraildə çoxlu sayda siyasi partiya parlamentə düşür və koalisiya qaçılmaz olur.

Hazırkı nəticələr rəsmiləşsə, o zaman güman ki, prezident hökumət qurmaq səlahiyyətlərini Qantza verəcək. Lakin sol meyilli siyasətçinin hökumət qurmaq üçün 61 səsi toplaması çətin görünür.

Maraqlıdır ki, ilkin nəticələrə əsasən 4-cü yeri keçmiş müdafiə naziri, Azərbaycanla da yaxşı münasibətlərə malik olan Aviqdor Liberman qazanıb. Sorğulara əsasən Libermanın "Evimiz İsrail” Partiyası 9 mandat qazanıb. Bu, sonuncu seçkilərdə qazanılan 5 mandatla müqayisədə böyük uğurdur. Bu isə o deməkdir ki, Liberman yeni hökumət qurulmasında həlledici rola sahib olacaq. Liberman özü də elan edib ki, yeni koalisiya hökumətində iştirak edəcək, bunun hansı cinah olmasından asılı olmayaraq.

Məsələ ondadır ki, hazırkı nəticələrə əsasən mərkəz sağ, radikal sağ və ortodoks yəhudi partiyalarının ümumi mandat sayı 61-i keçir. Amma problem ondadır ki, Liberman ortodoks yəhudilərlə ittifaqa girmək istəmir. Lakin məsələ burasındadır ki, ortodoks yəhudi siyasi təşkilatları olan Şas və Birləşmiş Tövrat Yəhudiliyi partiyalarının 17 mandatı var.

Siyahıda 3-cü yerdə Birləşmiş Ərəb seçki blokudur. Aprel seçkilərində 10 mandat qazanan İsrail ərəbləri bu dəfə səslərini 13-ə qaldırıblar. Radikal irqçi Sağ Birlik İttifaqı və Yeni Sağ Partiyası isə 7 mandat qazanıb.

Solda təmsil olunan Demokratik Sol Birlik İttifaqı 5, Fəhlə Partiyası Geşer isə 6 mandat qazanıb. Hazırkı nəticələrə əsasən sağ partiyaların ümumi mandat sayı daha çox olsa da, onların koalisiya qurması daha çətin görünür. Sol partiyalar isə ərəblərin də dəstəyini alsalar belə hökumət qurmaqda çətinliklə üzləşəcəklər. Bu məsələdə həlledici rolu Liberman oynaya bilər.

69 yaşlı hazırkı baş nazir Benyamin Netanyahu isə ümidsiz deyil. Hətta seçki günü küçələrə çıxaraq seçiciləri seçkiyə getməyə çağırıb. Netanyahu seçkilərə qədər bir neçə dəfə qanunları pozaraq dövlət imkanlarından təbliğat üçün istifadə edib. Üstəlik, baş nazirə qarşı 3 ayrı iş üzrə cinayət ittihamı var. Əgər seçilə bilməsə, məsuliyyətə cəlb oluna bilər. Netanyahuya qarşı ilk cinayət ittihamı isə ilk dəfə baş nazir seçildiyi 1996-cı ildə irəli sürülüb. Ancaq rəqiblərinin fikrincə, Netanyahu hakimiyyətin verdiyi imkanlardan istifadə edərək bu ittihamları ləğv edib. Birinci ittihamda isə baş prokuror "yetərli dəlil olmamasını” əsas gətirərək cinayət işi açmaqdan imtina edib.

Netanyahunun əsas rəqibi, İsrailin yeni baş naziri olmağa çox yaxın olan Benni Qantzın isə 59 yaşı var. Sol görüşləri müdafiə edən Qantz seçilərsə, müddətin yarısını, yəni 2,5 il baş nazir olacaq. Qalan müddəti isə digər həmsədr Lapid hökumətə rəhbərlik edəcək. 2011-15-ci illərdə İsrail ordusunun baş qərargah rəisi olmuş Qantz bu dövrdə Qəzzaya qarşı iki hərbi əməliyyata rəhbərlik edib. 2014-cü ildə 50 gün davam edən Qəzza əməliyyatı zamanı 67 İsrail əsgəri və 2251 fələstinli öldürülüb.

İsrail seçkiləri bu ölkənin adına demokratiyanın təntənəsi, fələstinlilər üçün status-kvonun davamı, dünya üçünsə sıradan siyasi hadisədir. Çox ciddi dəyişiklik gözlənilmir.

"Yeni Müsavat”

Oxşar xəbərlər