ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!

  • 18 sen 2019, 09:11

ABŞ Prezidenti Donald Tramp administrasiyası, Səudiyyə Ərəbistanının "Saudi Aramco” neft emalı zavodlarına edilən hücuma cavab olaraq İranın neft obyektlərinə və ya İslam İnqilabı Keşikçiləri Korpusunun (IRIS) obyektlərinə kiberhücum etməyi, yaxud zərbə endirməyi nəzərdən keçirir.

"Report”un xəbərinə görə, bu barədə müzakirədən xəbərdar olan mənbələrə istinadən "NBC News” məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın hərbi məmurları sentyabrın 16-da milli təhlükəsizlik mövzusunda keçirilən görüşdə Trampa İrandan qisas almaq üçün müxtəlif variantlar təklif ediblər. Ancaq mənbələrə görə, ABŞ prezidenti ölkəni İranla hərbi qarşıdurmaya sürükləmək istəmədiyi üçün başqa təkliflər tələb edib.

"NBC News”nin həmsöhbətlərindən biri, zərbəni neft obyektləri hücuma məruz qalan Səudiyyə Ərəbistanı özü endirə bilər, Vaşinqton isə müttəfiqinə kəşfiyyat işində kömək edəcər, lakin birbaşa olaraq döyüşlərdə iştirak etməyəcək.

Bundan əvvəl, Səudiyyənin neft obyektlərinə hücumu şərh edən Tramp, ABŞ-ın İranla müharibədən qaçmaq istədiklərini söyləyib.

Sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco”nun müəssisələri pilotsuz uçan aparatların hücumuna məruz qalıb. Hücum, xüsusilə, ölkənin şərqində yerləşən dünyanın ən böyük neft emalı kompleksinə edilib. Bu, Səudiyyə Ərəbistanında neft hasilatının yarıya – gündə 5.7 milyon barel azalmasına səbəb olub.

Hücuma görə məsuliyyəti Yəmənin üsyançı husiləri öz üzərilərinə götürsələr də, ABŞ husilərin iştirakını şübhə altına alıb və baş verənlərə görə İran hakimiyyətini ittiham edib. Tehran isə bu iddiaları rədd edir.

Oxşar xəbərlər