Tramp Boltonu Ağ Evdən qovur

  • 05 sen 2019, 21:27
Boltonun həddən artıq müharibə tərəfdarı olması ABŞ prezidentini narazı salır

ABŞ prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə məsləhətçisi Əfqanıstan problemi ilə bağlı müzakirələrdən kənarlaşdırılıb. Qeyd edək ki, hazırda ABŞ və Taliban arasında Qətərdə sülh danışıqları davam edir. Bu həftənin əvvəlində Qətərdə ABŞ-Taliban danışıqlarının 9-cu raundu başa çatıb.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad ötən gün tvitter hesabından verdiyi açıqlamada sülh görüşlərini tamamladıqlarını, razılaşmaya yaxın olduqlarını qeyd edib.

Maraqlıdır ki, eyni gün "Vaşinqton Post”da Milli Təhlükəsizlik üzrə müxbir Con Hadson və Ağ Ev müxbiri Coş Dausi imzası ilə bir məqalə yayımlanıb. Məqalədə Con Boltonun Əfqanıstan müzakirələrində masadan kənar saxlandığı bildirilib. Səbəb isə Boltonun ABŞ-ın dünyada ən uzunmüddətli müharibəsi olan Əfqanıstan müharibəsini sona çatdırmağa mane olması göstərilir.

Səlahiyyətli şəxslər Boltonun Əfqanıstandakı diplomatik cəhdlərə qarşı müxalifətin Donald Trampı narahat etdiyini deyir. Bolton Trampın ən hücumçu instinktləri ilə hərəkət etməsini təmin edib. Administrasiyaya qarşı üstünlük qazanan Bolton hazırda gücünün zirvəsindədir. Lakin çətin idarəetmə tərzi və məşhurluğu bəzi həmkarları ilə münasibətlərini pozub. Con Bolton qısa müddət əvvəl ABŞ-ın Talibanla imzalamağa hazırlaşdığı razılaşmanın qaralamasını görmək istəyib. Lakin müzakirələrə rəhbərlik edən Zalmay Xəlilzad tələbi rədd edib. Bu cavab Boltonu dəliyə döndərib.

Bu isə Trampın Bolton ilə yollarını ayırmağa hazırlaşdığı iddialarını gündəmə gətirib. Trampın Amerikanın "bitməyən müharibələrini” başa çatdırmaq sözünü yerinə yetirməyi hədəflədiyi günlərdə Əfqanıstan məsələsində qərar verməsi gözlənilir.

Brukinqs İnstitutunun beynəlxalq təhlükəsizlik mütəxəssisi Tom Rayta görə, Con Bolton uzun müddətdir ki, prezidentin vəkili olduğunu və işinin Trampın baxış bucağını yerinə yetirmək olduğunu söyləyir. Lakin uzun müddətdir birgə çalışan bu ikilinin ayrılması ehtimalı yüksəkdir.

Məsələ ondadır ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Vaşinqtonda sərt xətt tərəfdarı hesab olunur. Hətta bu ilin mayında ABŞ-İran münasibətləri müharibə həddinə çatanda İran rəsmiləri bu vəziyyətin yaranmasına görə Boltonu günahlandırmışdı. Boltonun İran hakimiyyətinə qarşı kəskin fikirlərinə görə xarici işlər naziri Cavad Zərif sosial media üzərindən prezident Trampa müraciət edərək Boltonun "müharibəyə susamışlığını” rədd etməyə çağırıb.

Qeyd edək ki, ABŞ siyasi dairələrində "şahin” qanadın nümayəndəsi olan Con Bolton ABŞ-ın İraqı işğalının "memarlarından” biri hesab olunur. Bolton habelə Corc Buşun prezidentliyi dövründə ABŞ-ın BMT-dəki səfiri işlədiyi vaxtlardan İrana qarşı sərt çıxışları ilə məşhurdur. Tramp hakimiyyətə gəldikdən sonra isə Bolton tezliklə Ağ Evə dəvət olunub. 2018-ci ilin əvvəlində Bolton prezident Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin olunub. Hələ müşavir təyinatından bir neçə ay əvvəl Bolton İran hakimiyyətinə qarşı silahlı mübarizə aparan "Xalqın Mücahidləri” təşkilatının Parisdə keçirilən konqresinə qatılıb və burada etdiyi çıxışında İran inqilabının 40 ilinin tamam olmayacağını deyib.

ABŞ-İran münasibətlərinin ötən ilin mayından pisləşməsinin əsas memarlarından biri də Bolton sayılır. İsraillə yaxşı əlaqələri olan Bolton bu ilin mayında Oman körfəzində vurulan tankerlərə görə İranı ittiham etmişdi.

Maraqlıdır ki, prezident Tramp Boltonun fəaliyyətindən razı olsa da, İranla münasibətlərin pisləşməsinə görə onu günahlandırıb. Bir qədər əvvəl Tramp bildirmişdi ki, Bolton çox yaxşı çalışsa da, Yaxın Şərq mövzusunda onunla tez-tez anlaşılmazlıqlar yaşayır.

Xarici işlər naziri Zərif isə Boltonu Trampın "B dəstəsi” adlandırır. Söhbət baş hərfində B olan 4 nəfərdən - Bolton, Benyamin Netanyahu, Salman və Zayeddən (BƏƏ vəliəhdi - K.R.) gedir. Zərif hesab edir ki, İranla müharibəni istəyən bu 4 nəfərdir.

Bolton açıq şəkildə İran, Şimali Koreya, Liviya, Suriya kimi ölkələrdə ABŞ-ın hakimiyyət dəyişikliyi həyata keçirməsini müdafiə edir. 2009-cu ildə isə Bolton İsrail-Fələstin münaqişəsinin həlli üçün Qəzzanı Misirə, İordan çayının qərb sahili ərazilərinin isə İordaniyaya verilməsini təklif etmişdi. Eyni zamanda Bolton İranı "dayandırmaq üçün bombalamağı” təklif edib və Obamanın İranla nüvə anlaşmasını açıq şəkildə tənqid edib.

Xatırladaq ki, Con Bolton 2018-ci ilin aprelindən rəsmən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviridir. Bu dövrdə o, İsrailə səfər edib, İrana qarşı blok formalaşdırmağa çalışıb. Ancaq Boltonun həddən artıq müharibə və güc tərəfdarı olması prezident Trampı qane etmir. ABŞ prezidenti münasibətləri müharibə və hərbi çevrilişlər yolu ilə deyil, danışıqlarla həll etməyə çalışır. Bu isə görünür ki, prezidentlər müşaviri arasında fikir ayrılıqlarına səbəb olub. 

Boltonun İrana qarşı hərbi müdaxiləni dəstəkləməsi, Venesuelada Maduroya qarşı hərbi qüvvə tətbiqi, eləcə də Şimali Koreyaya müdaxiləni müdafiə etməsi, indi isə Əfqanıstanla bağlı mövqeyi görünür ki, Trampın səbrini daşdırıb. Hətta o qədər ki, prezident Talibanla sülh sazişi mətnini bu məsələyə birbaşa cavabdeh olan milli təhlükəsizlik müşavirindən gizli saxlayır. Bu həm də Boltonun yaxın günlərdə Ağ Evi tərk edəcəyini göstərir. 

Kənan Rövşənoğlu,

Musavat.com
Oxşar xəbərlər