Fransa niyə İranla dostdur?

  • 03 sen 2019, 21:33

Prezident Makronun İran mövzusundakı diplomatik fəallığının arxasındakı səbəblər...

İran xarici işlər naziri Cavad Zərifin avqustun 25-də Fransanın Biarritz şəhərində keçirilən G-7 sammitinə qatılması siyasət gündəminin əsas hadisəsinə çevrildi. Məlum oldu ki, Zərifi Fransa prezidenti Emmanuel Makron dəvət edib. 
Amerikalılar Zərifin Sammitə qatılması ilə bağlı məlumatsız olduqlarını desələr də, sammitə ev sahibliyi edən Fransa tərəfi digər G-7 ölkələrini, o cümlədən ABŞ heyətini Zərifin səfəri ilə bağlı əvvəlcədən məlumatlandırdıqlarını bildirib. Qərb mediası bu hadisəni Makronun siyasi uğuru kimi qiymətləndirib. 
O da məlum olub ki, Cavad Zərif İrana qarşı neft embarqosunun ləğv olunması və ilkin mərhələdə 700 min, sonrakı mərhələdə isə 1,5 milyon barel gündəlik neft satışı və nağd ödəniş şərti irəli sürüb. Makron isə bildirib ki, Avropa ölkələri İran mövzusunda anlaşma əldə ediblər. Ancaq müəyyən səbəblərdən bu razılaşmanı açıqlamaq mümkün olmur. Cavad Zərifin Sammitə dəvət olunması və Makronun İranla razılaşma barədə açıqlaması İran ətrafında böhranın zəiflədiyini deməyə əsas verir.

Image result for cavad zÉrif

Ancaq indi əsas müzakirə mövzusu Fransa prezidentinin İran məsələsində bu qədər fəallıq göstərməsidir. Makronun İran böhranı ilə bağlı iddialı addımı, İran XİN rəhbərini Fransaya dəvət edib danışıqlar aparması, üstəlik neft satışı ilə bağlı yumşalmaya nail olması Fransanın beynəlxalq siyasətdə fəallaşması və İran-Fransa dostluğu ilə əlaqələndirilir. Doğrudan da, Almaniya, Britaniya kimi ölkələr deyil, məhz Fransa İran məsələsində önə çıxdı. 
İranın Fransa ilə əlaqələri çox qədimlərə gedir. 1708-15-ci illərdə Səfəvi İmperiyası ilə anlaşma imzalayıb. Bundan 100 il sonra Napoleon zamanında Fransa və İran arasında Rusiyaya qarşı ittifaq anlaşması imzalandı. Bu anlaşmalar həm də iki ölkə arasında diplomatik əlaqələrin genişlənməsinə səbəb oldu. Həm də Almaniya kimi Fransanı da qədim İran mədəniyyəti cəlb edib. Sonrakı dövrdə İran-Fransa əlaqələri daha da genişlənib. Ancaq məlum səbəblərdən İran üzərində siyasi təsir daha çox Rusiya və İngiltərəyə məxsus olub. İkinci Dünya Müharibəsindən sonra isə İran üzərində ABŞ təsiri artıb və Şah ABŞ-ın ən yaxın müttəfiqi və ya başqa sözlə vassalı olub.

Məhz bu səbəbdən də bir tərəfdən İranda Qərb ölkələrinə münasibətdə ABŞ və Britaniyadan fərqli olaraq Fransaya münasibət daha mülayim olub. Eyni zamanda Fransada da İran üzərində təsir uğurunda gizli mübarizə olub. İranda İslam İnqilabından 3 ay əvvəl inqilab lideri Ayətullah Ruhullah Xomeyninin İraqdan Fransaya gəlməsi və Paris ətrafında qəsəbədə yaşaması, inqilab qalib gəldikdən sonra isə İrana qayıtması həm də bununla izah olunmalı idi. Fransa İranda ABŞ və Britaniya əleyhdarı qüvvələrin hakimiyyətə gəlməsindən məmnun idi. 
Hər nə qədər Fransa Qərb blokunun aparıcı üzvlərindən olsa da, sonrakı dövrdə İranla münasibətləri müəyyən ölçülər daxilində qoruyub saxlayıb. İranda Fransa markaları geniş yayılıb və hətta Fransız avtomobil markaları lisenziya əsasında İranda istehsal olunub. Təsadüfi deyil ki, 2015-ci ildə nüvə anlaşması əldə olunduqdan dərhal sonra onlarla Fransa şirkəti, o cümlədən enerji nəhəngi Total İrana qayıdaraq Tehranla müqavilələr imzaladı. Eyni zamanda Tehran Fransanın "Airbus” aviasiya firması ilə 20 milyard dollar dəyərində sərnişin təyyarəsi alınması müqaviləsi imzaladı. Ancaq bu müqavilə qismən icra olundu. ABŞ prezidenti İranla nüvə anlaşmasından çıxdı və Tehrana qarşı embarqoları yenidən bərpa etdi. Bu zamanı Vaşinqtonun sanksiyalarından ehtiyat edən Fransa şirkətləri də İrandan çəkildilər. 
Ancaq Fransa Trampın şəxsində ABŞ-ın Yaxın Şərqdəki siyasətini dəstəkləmir. Makronun G-7 sammitinə Zərifi dəvət edib kiçik də olsa güzəşt əldə etməsi bir tərəfdən nüvə anlaşmasının qorunması baxımından mühümdürsə, digərə tərəfdən Fransanın siyasi "əzələ nümayişi” hesab oluna bilər.
Tehranın isə Avropadan hələlik yeganə istəyi neft satışını bərpa etmək və maliyyə blokdasından çıxmaqdır. Passiv Almaniya və Vaşinqtonun təsiri altında olan Britaniyadan fərqli olaraq indi yeganə müqavimət göstərə bilən Fransadır. Bu vəziyyət isə həm Tehranı, həm də Parisi hələlik razı salır. Çünki bu işin nəticəsində hər iki tərəf qazanclı çıxa bilər.

Musavat.com

Oxşar xəbərlər