GEOPOLİTİKA - Üç ABŞ bazası Gürcüstana yerləşir

  • 21 avq 2019, 09:38

Elxan Şahinoğlu: "Ermənistan və Gürcüstanda  hərbi bazalar olacaqsa, Azərbaycan artıq neytral siyasət yürüdə bilməyəcək”

Yaxın vaxtlarda Gürcüstanda Amerikanın hərbi bazası yaradıla bilər. Azərbaycanda dərc olunan rusdilli "Novaya vremya” nəşri ekspert və politoloqlara istinadən yazır ki, Gürcüstanda üç ABŞ hərbi bazanın yaradılması nəzərdə tutulur: ikisi quruda, biri isə dənizdə.

Bu yaxınlarda Gürcüstanın müdafiə naziri Levan İzoria qeyd edib ki, Amerika ilə yaxın günlərdə əməkdaşlıqla bağlı üç illik müqavilə imzalanacaq. Bu hələ bazaların yaradılması ilə bağlı ciddi siqnal sayılmasa da, artıq ABŞ yavaş-yavaş Gürcüstanda yerləşməyə doğru gedir. Bu isə təbii ki, Rusiyanı ciddi narahat edir.

Azərbaycanın sərhədində yerləşən bir ölkədə Amerika bazalarının yerləşdirilməsinin ölkəmiz üçün hansı nəticələr doğuracağı da ciddi müzakirə edilir.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, ABŞ dünyada yüzlərlə hərbi bazası olan tək ölkədir:"Heç bir ölkə buna etiraz etmək gücündə deyil. Ona görə də ABŞ Gürcüstanda hərbi baza yaratmaq istəsə, Rusiya buna mane ola bilməyəcək. Əlbəttə, Moskva buna etiraz edəcək, hətta Gürcüstandakı tərəfdarlarını hərəkətə gətirməyə çalışacaq, ancaq prosesin qarşısını ala bilməyəcək. Sadəcə, Amerikanın Gürcüstanda hərbi bazalar yaratması üçün Vaşinqtonun qəti qərarı lazımdır. Yəni yalnız Gürcüstanın istəyi ilə bu məsələ həll oluna bilməz. Qarşılıqlı maraq olmalıdır. Amerikanın Gürcüstanda hərbi bazalarının varlığı qonşu ölkənin təhlükəsizlik imkanlarını artıracaq. Ən başlıcası Rusiya bundan sonra Gürcüstana hücum edə bilməz.

Amerikanın Gürcüstanda hərbi bazalarının varlığı Azərbaycanın da maraqlarına cavab verir. Birincisi, bu, Azərbaycanla Gürcüstanı birləşdirən neft və qazı dünya bazarlarına daşıyan boru xətlərinin və dəmir yollarının təhlükəsizliyini artıracaq. Çünki Amerikanın özü də bu boru xətlərinin təhlükəsizliyində, o cümlədən Azərbaycanın enerji zənginliklərinin təhlükəsiz şəkildə dünya bazarlarına çatdırılmasına maraqlıdır. İkincisi, Amerikanın Gürcüstanda hərbi varlığı Azərbaycanı seçimə məcbur edəcək. Cənubi Qafqaz ölkəsinin ikisində (Ermənistanda Rusiya, Gürcüstanda Amerika hərbi bazaları) hərbi bazalar olacaqsa, Azərbaycan artıq neytral siyasət yürüdə bilməyəcək. Belə vəziyyətdə neytral siyasət heç bizə lazım da olmayacaq. Biz də öz təhlükəsizliyimiz barədə düşünməli və ən optimal variant kimi Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi siyasətinə üstünlük verəcəyik. Çünki elə ola bilməz ki, müharibə vəziyyətində olaq və hər iki qonşumuzun ərazisində iki fərqli dövlətin hərbi bazaları olsun və biz buna seyrçi qalaq, ancaq öz gücümüzə arxalanaq”.

Politoloq Əhəd Məmmədli qeyd etdi ki, Gürcüstanda ABŞ-ın hərbi bazasının yaradılması söhbətləri çoxdan gedir: "Bu məsələ Saakaşvilinin vaxtından gündəmdədir. İvanaşvilinin dövründə bir az səngisə də, son dönəmlər aktuallığını yenidən artırıb. Rusiya Gürcüstanda mövqelərini qaytarmaq üçün bir neçə cəhd etdi. Buna Tiflisdə ciddi müqavimətlə rastlaşdı. Gürcü parlamentində məlum hadisə, onun ardınca rus konsulluğunun mühasirəyə alınması, müxalifətin mitinqləri və s. Tiflisdəki mitinqlərə ruslar Acarıstanın paytaxtı Batumda rusyönümlü gürcü siyasi qüvvələrinin aksiyaları ilə cavab verdi. Muxtariyyətlərindən yalnız Acarıstanı əlində saxlayan Gürcüstan görür ki, bu bölgəsində də Rusiya güclüdür və bundan narahat olmaya bilməz. Gürcülər Acarıstanda Aslan Abaşidzenin idarəçilik vaxtlarını unutmayıblar. O dönəm Acarıstan geniş muxtariyyətə malik idi. Abaşidzenin də arxasında Moskva dururdu.

Onun partiyasına az qala gürcü parlamentinin yarısı verilmişdi. 2004-cü ildə baş verən məxməri inqilab bütün bu planları alt-üst etdi. İndi yenidən Moskva Acarıstan kartından Tiflisə qarşı istifadə edir. Görünür, gürcülər Rusiyanın hücumlarına adekvat cavabı ancaq amerikan bazalarında görürlər. Rusiya bunun qarşısını, fikrimcə, ya Gürcüstanı yenidən işğal edib ora öz adamını qoymaq, ya da Abxaziya və Cənubi Osetiyanı qaytarmaqla ala bilər. İndiki reallıqda hər iki ssenari mümkünsüzdür. 6 günlük müharibədə Rusiyaya Gürcüstanı tam işğalı altında saxlamağa imkan verilmədi, indi isə ümumiyyətlə verilməz. Abxaziya və Osetiyanı da Rusiya qaytarmaz. Yəni amerikan bazalarının yerinə Abxaziya və Cənubi Osetiyanın qaytarılması Rusiya baxımından uğurlu dəyişiklik deyil. Bax mövcud durum belə hasarlanmış dairədən ibarətdir.

O ki qaldı regiona, amerikan bazalarının Gürcüstana yerləşdirilməsi düşünmürəm ki, hansısa təhlükə deməkdir. Zatən regionda, yəni Ermənistanda rus hərbi bazaları var. Gürcüstanda amerikan, Azərbaycanda isə türk bazalarının olması regiona, əksinə, bir ölkənin basqısının qarşısını alacaq. Bu da Cənubi Qafqazın hansısa bir ölkənin vassal regionu olmasından qurtaracaq. Amerikan bazasının Azərbaycan yaxınlığında yerləşdirilməsinin, fikrimcə, bizə daha çox müsbəti var, nəinki mənfisi. Regionumuzda amerikan bazalarının olması Rusiyanın əllərini qısaldacaq, Rusiyanın da Cənubi Qafqazda əllərinin qısalması Azərbaycanın xeyrinədir. Çünki Rusiya Azərbaycanın düşməni Ermənistanla siyasi-iqtisadi-hərbi ittifaqdadır. Düşmənimizin dostunun xeyrinə olmayan nəsə düşmənimizin də əleyhinədir, bu isə avtomatik bizim xeyrimizə çevrilir.

Sabah Qarabağ cəbhəsində hər hansı genişmiqyaslı hərbi əməliyyatda Amerikanın yaxınlığında olması düşmənimiz Ermənistanın müttəfiqi Rusiyaya alternativ bir gücdür. Azərbaycan da bu alternativ gücdən dolayısı ilə istifadə edə bilər. Bu həm də Türkiyə hərbi bazalarının Azərbaycana gəlişini tezləşdirə bilər. Belə olan halda isə iki NATO ölkəsinin Cənubi Qafqazda hərbi bazasının olması deməkdir. Bu isə o deməkdir ki, regionda güclərin balansı dəyişmiş olacaq. İndiki situasiyada regionumuzda güclərin balansının Rusiyanın əleyhinə çevrilməsi Azərbaycanın xeyrinədir. Çünki yenə də deyirəm, Rusiya Azərbaycanın düşməni Ermənistanla müttəfiqdir. Yoxsa Azərbaycan üçün nə fərqi Rusiya, yoxsa ABŞ? Azərbaycan üçün əsas maraqları olmalıdır. Maraqlarımıza kim daha yaxşı cavab verirsə, onun yanında olmalıyıq. Yuxarıda qeyd edilənlərə nəzər yetirsək görürük ki, ABŞ hərbi bazalarının Gürcüstanda yerləşdirilməsi indiki məqamda Azərbaycanın xeyrinədir.

Yox, əgər Rusiya Azərbaycana münasibətini daha müsbətə dəyişsə və Qarabağımızın qaytarılmasında bizə maneçilik törətməsə, onda biz də bu məsələdə yanaşmamızı Moskvanın xeyrinə dəyişə bilərik. Azərbaycan üçün əsas maraqları olmalıdır. Hesab edirəm ki, Rusiyaya indiki məqamda Ermənistandan daha çox Azərbaycan lazımdır. Moskva bu haqda ciddi düşünüb Bakıya dost əli uzatmalıdır. Moskva-Ankara-Bakı üçbucağı hər üç ölkə üçün ən sərfəli gedişatdır. Ankara ilə Bakı buna razıdır, indi son söz Moskvadadır. Moskva tələsməlidir, çünki Cənubi Qafqaz qapısını Vaşinqton döyməkdədir”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Oxşar xəbərlər