Gülnarə Kərimovaya qarşı yeni cinayət işi açılıb

  • 20 avq 2019, 21:32

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı əlavə cinayət işləri açılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Özbəkistanın baş prokurorluğunun saytında məlumat verilib.

Gülnarə Kərimova indi də dövlət əmlakının talamaqda, ölkə maraqlarının ziddinə sazişlər imzalamaqda, habelə dələduzluq yolu ilə başqalarının əmlakını külli miqdarda mənimsəməkdə günahlandırılır.

Cinayət işi "White and Case" adlı beynəlxalq hüquq şirkətinin və bir sıra vətəndaşların şikayəti əsasında qaldırılıb.

Prokurorluğun gəldiyi qənaətə əsasən, keçmiş prezidentin qızı dövlətdən "Kuvasaysement” və "Bekabadsement” açıq səhmdar cəmiyyətlərinin səhmlərini olduqca ucuz qiymətə aldıqdan sonra onları xaricə satıb, həmin hissələri alan əcnəbi sahibkarlara himayədarlıq edib.

Bundan başqa, dələduzluq ittihamında Gülnarə Kərimovanın "zorakılıq təbiq etmək hədəsi ilə” biznesmenləri onlara məxsus şirkətləri satmağa vadar etdiyi göstərilib.

Xatırladaq ki, Gülnarə Kərimovaya qarşı ilk cinayət işi 2013-cü ildə başladılıb. Həmin vaxt onun adı korrupsiya və İsveçrə banklarında "çirkli pullar”ın yuyulması proseslərində keçib.

Yalnız 2017-ci ildə Gülnarə Kərimovanın 5 il müddətinə həbs cəzasına məhkum edildiyi barədə xəbər verilib. 

Bundan başqa, ona qarşı xaricdə 1 milyard 942 milyon dollar pul saxlamasına görə əlavə cinayət işi də açılıb.

2017-ci ilin dekabrında Gülnarə Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər