Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?

  • 15 avq 2019, 09:08

"Palmali" tərəfindən dünya sularına buraxılan və yenicə Məmməd Əmin Rəsulzadə adını daşıyan gəmi Liberiya bayraqlı "Doric Warrior” gəmisi ilə toqquşub;  Mənsimova qarşı sərt ittihamlar səsləndirilir. Eləcə də, yeni gəminin qəsdən vurdurulmasına dair iddialar yayılır... 

Azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Mammad Amin Resulzadeh” adlı gəmi avqustun 13-də Liberiya bayraqlı "Doric Warrior” gəmisi ilə toqquşub. Açılış günündən etibarən qalmaqal, müzakirələrə səbəb olan gəmi ətrafında yenidən sosial şəbəkələrdə fərqli fikirlər yürüdülür. Müsavat bu barədə yazır ki, hazırda Mübariz Mənsimova qarsı müxtəlif ittihamlar səsləndirilir. İttihamlarda bildirilir ki, əslində Rəsulzadənin adına açıldığı deyilən gəmi 1990-cı illərin sonunda hazırlanıb. O zamandan bu günə qədər müxtəlif ad dəyişən gəmiyə sonda Rəsulzadənin adı verilib. İttihamı sosial şəbəkədə səsləndirənlər, bu cür əməlinə görə Mənsimovu qınayırlar. Eləcə də xeyli sayda istifadəçi Mənsimovun tərəfindən çıxış edərək azərbaycanlı iş adamını açıq müdafiə edirlər. 

Demokratik.Az bildirir ki, hadisəyə səbəb kimi bir sıra versiyalar irəli sürülür. Versiyalardan biri, gəminin köhnə olmasıdır.

Hələ bir müddət öncə Mübariz Mənsimov müsahibəsində bildirmişdi ki, onun donanmasının yeni gəmisi Məmməd Əmin Rəsulzadənin adını daşıyacaq. Amma sonradan Türkiyənin "Denizhaber” portalı aydınlaşdırıb ki, sözügedən "yeni” tanker 21 il əvvəl Rusiyanın Volqoqrad limanında inşa edilib.

Toqquşmadan sonra DHA aşağıdakı xəbəri verib: "Bir müddət əvvəl ”Palmali" Şirkətlər Qrupu tərəfindən açılışı edilən və ilk səfərinə çıxan, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin adı verilən gəmi Türkiyənin Zeytinburnu sahillərində hələlik bilinməyən səbəbdən Liberiya bayrağı altında üzən "Doric Warrior” gəmisi ilə toqquşub. Qəzaya sahil mühafizə xidməti və sahil təhlükəsizlik xidməti müdaxilə edib. Qəza nəticəsində ölən və yaralanan olmasa da, gəmilərə ciddi ziyan dəydiyi məlum olub. İki gəminin toqquşması nəticəsində "Mammad Amin Resulzadeh” gəmisinin kapitanı "batırıq” deyə yardım çağırışı edib. Əraziyə xilasedicilər cəlb edilib. Hadisə ilə əlaqədar limanda digər gəmilərin işi dayandırılıb. İlkin ehtimallara görə, hadisəyə səbəb Məmməd Əmin Rəsulzadənin adını daşıyan gəminin həddindən çox yüklü və köhnə olması olub".

Məsələ ilə bağlı  "Palmali” Şirkətlər Qrupu da məlumat yayıb.

Açıqlamada gəminin limanda vurulduğu qeyd edilib: "Mammad Amin Resulzadeh” gəmisinin uzunluğu 129 metr olduğu halda, toqquşmaya səbəb olmuş "Doric Varrior” gəmisinin uzunluğu 230 metrdir. Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib. Bir gəminin dayandığı halda, başqa gəmi tərəfindən vurulması mində bir ehtimal olunan hadisə sayılır. Toqquşmanın səbəbləri ciddi araşdırılır. Gəmi limanda ilk səfərini həyata keçirmək üçün gözləyirdi".

Şirkətin açıqlamasında gəminin vurulduqdan sonra batması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib: "Bir daha xatırladırıq ki, ”Mammad Amin Rasulzadeh" gəmisinin göyərtəsində 14 nəfərdən ibarət heyət olub. Digər tərəfdən, yazırlar ki, gəmi köhnədir, yüklüdür. Bir daha bəyan edirik ki, toqquşma hadisəsi ilə gəminin köhnə və ya təzə olmasının, yaxud yüklü-yüksüz olmasının heç bir əlaqəsi yoxdur. Üstəlik, özlərindən uydururlar ki, guya gəmi batır. Gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vurulsa da, yenə də yazırlar ki, gəmi köhnədir və batır. Vurğulayırıq ki, "Mammad Amin Resulzadeh” gəmisi batmır"./musavat.com/

 

Əlavə onu da qeyd edək ki, bir sıra adamlar "Mammad Amin Resulzadeh” gəmisinin iş adamı Mübariz Mənsimova qarşı qəsdən və məqsədli şəkildə "vurdurulması" ehtimalını qabardır. Bu iddia "Palmali"nin rəsmi açıqlaması ilə güclənir. "Bir gəminin dayandığı halda, başqa gəmi tərəfindən vurulması mində bir ehtimal olunan hadisə sayılır" - açıqlaması da məhz qəsd ehtimalına işarədir.

Demokratik.Az

 

Oxşar xəbərlər