Ərdoğan Trampla dil tapa biləcəkmi?

  • 30 may 2019, 22:32

Vaşinqton Ankaraya F-35 və S-400 mövzusunda təzyiqləri artırıb, Yaponiyada keçiriləcək G-20 sammiti bu mənada son şans ola bilər

 

 

 

 

 

 

Mayın 29-da Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub. Türkiyə Prezident Administrasiyasından verilən məlumatda qeyd olunur ki, telefon danışığı zamanı regional məsələlər, həmçinin Türkiyənin Rusiyadan alacağı S-400 zenit qurğuları ilə bağlı məsələlər müzakirə olunub. Türkiyə prezidenti S-400 alınması ətrafında yaranmış mübahisələri həll etmək üçün birgə fəaliyyət qrupu yaratmağı tövsiyə edib.

Bundan başqa danışıqlarda polad sənayesinə tətbiq olunan əlavə tarifin ləğv olunması qərarı məmnuniyyətlə vurğulanıb və bu qərarın ikitərəfli ticarət dövriyyəsinin 75 milyard dollara qaldırılmasına kömək edəcəyi vurğulanıb. Eyni zamanda iki lider Yaponiyada keçiriləcək G-20 sammitində görüşməklə bağlı razılıq əldə edib.

Ancaq açıqlamadan da aydın olur ki, iki lider növbəti dəfə S-400 məsələsində anlaşa bilməyib. Çünki Ərdoğanın ikinci dəfədir təklif etdiyi birgə komissiyanın qurulması ilə bağlı fikri Ağ Evdən dəstək almayıb. Hər halda açıqlamada buna bir işarə yoxdur. Ancaq bunun əvəzində ABŞ hökumətinin ayrı-ayrı qolları S-400 və F-35 məsələsi ilə bağlı narahatlıq doğuran açıqlamalar verməkdədir.

Məsələ ondadır ki, ABŞ hakimiyyəti Türkiyənin Vaşinqtonun rəqibi Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasını istəmir. Bunu açıq şəkildə Vaşinqton administrasiyasının rəsmiləri dəfələrlə bəyan edib. Pentaqon isə bildirir ki, Türkiyənin S-400-lərə sahib olması ABŞ-ın yeni F-35 döyüş təyyarələri üçün risk yaradır. Çünki bu il Türkiyə F-35 konsorsiumunun üzvü olaraq F-35 təyyarələri alacaq. Vaşinqton isə bildirir ki, F-35-lər S-400-ün izləmə dairəsinə daxil olarsa bu zaman Rusiyanın hələ də "əlinin çatdığı” S-400 radarlar vasitəsilə F-35-lərin texnoloji yeniliklərini əldə edə bilər.

Türkiyə tərəfi isə bu və digər şübhə doğuran məsələlərin həlli üçün ortaq komissiyanın qurulmasını təklif edir. Həmçinin Ankara F-35-lərin S-400-lərin izləmə dairəsindən kənarda quraşdırılmasını da təklif edir. Lakin görünən odur ki, Vaşinqton hələlik bu təkliflərə isti yanaşmır. Ancaq Ankaranın indi geri yolu yoxdur, artıq bir neçə aydan sonra bu qurğular Türkiyəyə gətiriləcək. Bu səbəbdən də Ankara indi Trampla anlaşıb ortaq variant tapmağa çalışır. Türkiyə hakimiyyəti üçün Yaponiyada keçiriləcək G-20 sammiti bu mənada son şans ola bilər.

Vaşinqton isə günü-gündən təzyiqləri artırır. "Röyters” Xəbər Agentliyi hökumət mənbələrinə istinadən rəsmi Vaşinqtonun Türkiyə ordusu pilotlarının ABŞ-da F-35 təyyarələrinin sürüş təlimlərini dayandıra biləcəyi haqda xəbər yayıb. Bu xəbərə hələlik Pentaqon və Dövlət Departamenti şərh verməyib, ancaq Pentaqon sözçüsü S-400 alınması mövzusunda Ankara ilə danışıqların davam etdirildiyini bildirib. Yəni Vaşinqton hələ də Türkiyəni bu qərardan vaz keçirəcəyinə inanır.

Bu arada F-35 təyyarələrini istehsal edən "Lockeed Martin” şirkərinin rəhbərliyi bildirib ki, əgər Türkiyəyə F-35 satışı dayandırılarsa, bu, şirkətin gəlirlərinə təsir etməyəcək. Çünki hazırda bir çox ölkə Türkiyənin alası olduğu təyyarələrə müştəri çıxıb. "Defense One” jurnalında gedən yazıda qeyd olunur ki, şirkətin rəhbəri iştirak etdiyi bir konfransda Türkiyəyə satışın dayandırılması qərarı olarsa 100-dək təyyarənin satılmayacağı ilə bağlı narahatlığın əsassız olduğunu bildirib. Sərmayədarları sakitləşdirən şirkət rəhbəri deyib ki, Türkiyəyə satılmayacaq təyyarənin Yaponiya və Polşa kimi müştərilər var.

Xatırladaq ki, Yaponiyada səfərdə olan ABŞ prezidenti bu ölkəyə 105 ədəd F-35 təyyarəsi satılması ilə bağlı razılıq əldə olunub. Bu xəbərlər bir tərəfdən də Türkiyəyə təzyiq etmək, S-400 qərarından imtina etməyəcəyi təqdirdə satışın dayandırıla biləcəyinə işarədir.

Xatırladaq ki, Türkiyə dünyanın ən məşhur silah istehsalçısı olan "Lockheed Martin” şirkətinin həyata keçirdiyi "Müştərək Hücum Proqramı” çərçivəsində 5-ci nəsil döyüş təyyarələri hesab olunan F-35 "Lightning II” layihəsinə 2002-ci ildə qoşulub. Ümumi məbləği 25 milyard olan anlaşmaya əsasən F-35 təyyarələrinin bəzi ehtiyat hissələri Türkiyədə istehsal olunacaq və Ankara 116 qırıcı alacaq. Layihənin saytında qeyd olunan məlumata əsasən, Türkiyə şirkətləri F-35-in ehtiyat hissələrinin istehsalından 12 milyard dollar gəlir əldə edəcək.  Bu layihədə Türkiyənin ASELSAN, HAVELSAN, ROKETSAN, AYESAŞ, Alp Havacılık, Türk Havacılık və Uzay Sanayii (TUSAŞ) kimi şirkətləri iştirak edir.

Ən müasir, 5-ci nəsil döyüş təyyarələri olan F-35-lər dünyada böyük maraqla qarşılanıb. Uzunluğu 15, 4 metr, qanadlarının eni 10,7 metr olan döyüş təyyarələri 134 ton ağırlığındadır. Bu təyyarələr bir dəfəyə 2200 kilometr uça bilir. F-35 qısa məsafəli qalxma-enmə, şaquli qalxma-enmə, radara görünməzlik texnologiyası və bağlı hissələrdən silah sistemlərinin tətbiqi kimi xüsusiyyətlərə malikdir.

F-35 təyyarəsi 25 mm-lik GAU-22/A aviasiya topu, "havadan havaya”, "havadan quruya” tipli raketlər, həmçinin ayrıca GBU-31JDAM, GBU32JDAM idarə olunan bombalarla təchiz edilib.

F-35-in mühərriki "Rolls-Roys” (Rolls-Royce) şirkətinin iştirakı ilə hazırlanıb. Nüvə silahı ilə təchiz edilə bilər, 1,3 min kilometr məsafədən ballistik raketlərin atılmasını fiksə etmək qabiliyyəti var.

Vaşinqton Türkiyəni məhz F-35lərlə sınağa çəkərək seçim qarşısında qoymaq istəyir. Ankara isə Rusiya silahından imtina etmək istəmir, eyni zamanda F-35ləri də almaq fikrindədir. Hər iki silaha sahib olmaq üçünsə Ankaranı Vaşinqtonla uzun-uzadı bazarlıq gösləyir. Vaxt isə çox azdır.

Kənan Rövşənoğlu,
"Yeni Müsavat”

Oxşar xəbərlər