İdlib məsələsi BMT TŞ-də müzakirə olunacaq

  • 11 may 2019, 10:45

Suriya ordusu İdlibin cənubunu ələ keçirir

İdlibdə toqquşmaların güclənməsi BMT TŞ-nin toplantısında müzakirə olunacaq. Suriya hökumət qüvvələri bir neçə gündür ki, İdlibin cənubundakı müxaliflərin mövqelərini vurur. Davam edən toqquşmalar nəticəsində onlarla insan ölüb, 150 min insan vilayəti tərk edib.

Hökumət qüvvələri son bir ayda İdlibə qüvvə toplayır və vilayətin cənubuna hücum başladıb. Hazırda İdlibdə baş verən toqquşmalar son bir ildə baş verən ən şiddətli toqquşmalar hesab olunur. Hazırda Rusiya və Suriya aviasiyası havadan, Suriya hökumət qüvvələri isə qurudan hücuma keçib.

İdlib ərazisinin böyük bir hissəsi islamçı müxaliflərin də daxil olduğu qüvvələrin nəzarətindədir. Vilayətin böyük hissəsinə radikal qrupların birləşdiyi "Heyət Təhrir əş-Şam (HTŞ) nəzarət edir. Bu qruplaşmanın mərkəzində "Əl-Qaidə”nin Suriya qanadı olan ən-Nusra dayanır. Hazırda HTŞ-nin rəhbərliyi altında İdlibdə fəaliyyət göstərən 20-dək silahlı qruplaşma Suriya ordusuna qarşı koalisiya yaradıb. ”Dəməşqin fəthi əməliyyatı" qərargahda HTŞ, Ceyş əl-İzzə, uyğurların Türkistan İslam Partiyası, çeçenlərin Əcnad əl-Qafqaz və eləcə də Ceyş əl-Əhrar, Əhrar əş-Şam kimi qruplar daxildir.

Qeyd edək ki, 2018-ci ilin sentyabrında Soçidə əldə olunmuş razılaşmaya əsasən Türkiyə ordusunun bölgədə 12 ədəd atəşkəsə nəzarət məntəqəsi mövcuddur. Soçi razılaşmasına əsasən İdlibin mərkəzindən keçən silahdan təmizlənmiş bölgə yaradılacaq, şimal qalan bölgələrdə isə atəşkəsə nəzarət ediləcəkdi. Silahdan təmizlənmiş bölgədə isə Rusiya və Türkiyə ordusu patrulları hərəkət etməli idi. Ancaq bu planın bəzi məqamları işləmədi. Üstəlik, bu anlaşmadan sonra İdlibin böyük hissəsi HTŞ-nın, yəni ”Əl-Qaid"ənin nəzarətinə keçdi.

Ən son olaraq silahlıların hücumlarının artması, eləcə də Türkiyənin təsirində olan qüvvələrin İdlibdə gücünün zəifləməsi Suriya hökumətinin İdlibə hücumu üçün əsas verirdi. Moskva isə hələ ötən ildən İdlibdə nəzarətin "Əl-Qaidə”də olduğunu əsas gətirərək vilayətdə antiterror əməliyyatlarının başlamasını təklif edirdi. Son zamanlar silahlıların yenidən fəallaşması Rusiya və Suriya hökumətinin İdlibdə əməliyyata başlaması üçün əsas verir.

Bölgə analitiklərinə görə, Suriya hökumətinin hələlik İdlibin cənubunda başlatdığı əməliyyatın əsas hədəfinin Dəməşq, Hums, Hama şəhərləri də daxil olmaqla, ölkənin mərkəzindən Hələb şəhərinə və şimal sərhədlərinə qədər birləşdirən M-5 magistralının və Hələblə qərb rayonları, o cümlədən Laziqiyyə vilayətini birləşdirən M-4 magistralının silahlıların nəzarətindəki hissəsinin azad edilməsidir. Bundan başqa, Laziqiyyə əyalətində Rusiyanın hərbi bazaları, o cümlədən əsas hərbi hava bazası olan Xmeymim yerləşir. Bu bazaya ara-sıra silahlı müxaliflərin hücumları baş verir.

BMT-nin məlumatına görə, İdlibdə vəziyyətin yenidən gərginləşdiyi 29 aprel və 5 may tarixləri arasında 150 min insan vilayəti tərk edib. Artilleriya zərbləri nəticəsində bölgədə 80 mülki insan ölüb, 300-dən çoxu isə yaralanıb. Bombardmanlar 50-dən artıq kənddə 10-dan çox məktəbin dağılmasına, 12 tibb məntəqəsinin zərər görməsinə səbəb olub.

Hələlik Türkiyə hərbi nəzarət məntəqələri toqquşmalara müdaxilə etmir. Bəzi məlumatlara görə, İdlibin cənubundakı nəzarət məntəqələrindən biri artıq köçürülüb. Bir neçə gün əvvəl isə Türkiyə ordusunun iki hərbçisi yaralanıb.

Əgər Türkiyənin hərbi qüvvələri geri çəkməsi təsdiqlənərsə, bu o deməkdir ki, İdlib əməliyyatı Ankara və Moskva arasında razılaşdırılıb. Məsələ ondadır ki, Türkiyə İdlibdə nəzarəti ələ almağa çalışsa da, vilayətdə əsas güc "Əl-Qaidə” qruplarının əlinə keçib. Bu isə Türkiyənin mövqelərini zəiflədib. Çünki Türkiyə bu qruplar üzərində həlledici təsirə malik deyil, Soçi razılaşmasının məğzi ondan ibarət idi ki, Türkiyə tədricən İdlibi nəzarətə götürəcək və terrorçu qruplar vilayətdən çıxarılacaq. Ancaq bu mümkün olmadı, üstəlik, Rusiya da Ankaranı razılaşmanı yerinə yetirməsi üçün sıxışdırır.

Bu səbəbdən də mümkündür ki, Türkiyə hökuməti Tel-Rıfat və Menbicin nəzarətini əlinə keçirmək qarşılığında Soçi anlaşması çərçivəsində Suriya və Rusiya qüvvələrinin terrorçu kimi tanınan qruplara qarşı əməliyyatlarına mane olmasın. Əks təqdirdə, Türkiyə İdlibdəki əməliyyatlara razılıq verməyəcək və bu əməliyyatın daha da genişlənməsinə mane olacaq. Lakin istənilən halda İdlib tamamilə Türkiyənin nəzarətində deyil və bu da vilayətin Türkiyə üçün cəlbediciliyini azaldır. Bunun əvəzinə daha real olan və Türkiyə üçün mühüm əhəmiyyət daşıyan Tel-Rıfat və Menbic kimi rayonların alınması Türkiyə üçün qazanc hesab oluna bilər.

Oxşar xəbərlər