Tramp İranda hakimiyyəti dəyişə biləcəkmi?

  • 30 apr 2019, 08:59

Vaşinqtonun Tehrana qarşı addımlarının arxasında dayanan faktorlar

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı Tehranın beynəlxalq neft ticarətinə maneə törətmək istəyərək, "İranı diz çökdürməyə” və Tehran hökumətini devirməyə çalışmaqda ittiham edib. "Amerikanın Səsi”nin məlumatına görə, ABŞ-ın Fox telekanalına müsahibəsində Zərif deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu, ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton və Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin liderindən ibarət "B komandası” prezident Donald Trampı "onun istəmədiyi qarşıdurmaya” sürükləməyə çalışır.

Sitat: "Onlar ABŞ-ı azından İran rejimini dəyişmək məqsədilə müharibəyə sürükləməyə çalışırlar”.

Fox telekanalına müsahibə verən milli təhlükəsizlik müşaviri Con Bolton isə ABŞ-ın məqsədinin rejimi deyil, onun davranışını dəyişməkdən ibarət olduğunu deyib. O, xüsusilə nüvə silahları və ballistik raket sınaqlarını vurğulayıb.

Zərifin ittihamlarını "tamamilə mənasız və dezinformasiya yaymaq cəhdləri” adlandıran Bolton deyib ki, "İran xalqı daha yaxşı hökumətə layiqdir”.

Qeyd edək ki, ABŞ-İran münasibətləri ötən həftə Vaşinqtonun İrana qarşı sanksiyaları sərtləşdirməsindən sonra daha da pisləşib. Belə ki, Tramp ötən ilin noyabrında İrana qarşı elan edilmiş neft embarqosu zamanı 8 ölkəyə İrandan neft almaqla bağlı tanınan güzəşti ləğv edib. Mayın əvvəlindən etibarən bu ölkələr İrandan neft alacaqları təqdirdə ABŞ sanksiyaları ilə üzləşəcək. İran hakimiyyəti isə bu qərarı tənqid edərək Fars körfəzində yerləşən Hörmüz boğazını bağlayacağı ilə hədələyib. Hörmüz boğazı dünyada neft ticarətinin həyata keçirildiyi əsas nöqtələrdən bildirir. Hazırda Yaxın Şərqdə ixrac olunan neftin 40 faizə qədəri bu boğazdan daşınır. Boğaza nəzarət isə İran ordusunun əlindədir.

Trampın sonuncu qərarından sonra İran XİN rəhbəri yerli İRİB agentliyinə müsahibəsində ölkəsinin nüvə silahlarının yayılmamasına dair sazişdən çıxa biləcəyini bildirib. "İslam Respublikasının seçimləri çoxdur və ölkə rəsmiləri onları nəzərdən keçirir... və nüvə silahının yayılmamasına dair saziş də onlardan biridir” - Zərif dövlətə məxsus İRİB agentliyinə müsahibəsində deyib.

Xatırladaq ki, uzun çəkən danışıqlar prosesindən sonra 2015-ci ildə İran və "altılıq” ölkələri - ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya - arasında nüvə anlaşması imzalanıb. Ancaq 2017-ci ilin yanvarında ABŞ prezidenti kimi fəaliyyətə başlayan Tramp bu sazişi tənqid edib, ötən ilin mayında isə Vaşinqton sazişdən çıxıb. Ancaq digər ölkələr, o cümlədən 3 Avropa ölkəsi sazişdə qalıb. İndi isə Tehran İran və Avropa arasında ticarətdə vəd edilmiş ödəniş mexanizmi ilə bağlı ləng irəliləyişi tənqid edir.

Məsələ ondadır ki, Tramp İrana qarşı sanksiyaları yenidən bərpa etdikdən sonra və hər dəfə yeni sanksiyalar qəbul edəndə Vaşinqton administrasiyası bəyan edib ki, sanksiyaların əsas məqsədi İranda hakimiyyəti dəyişmək deyil, rəsmi Tehranı iqtisadi cəhətdən zəiflətmək, onun Yaxın Şərqdəki fəallığını qarşısını almaq, islamçı müqavimət qruplarına dəstəyini dayandırmaq, raket proqramını məhdudlaşdırmaq məqsədi güdür.

Ancaq iranlılar buna inanmır. Məsələ ondadır ki, hər nə qədər Vaşinqton təkzib etsə də, xüsusən də Trampın iqtidarda olduğu dövrdə Tehrana qarşı atılan addımlar İranda hakimiyyətin dəyişdirilməsinə xidmət edir. Əlbəttə, indi söhbət ənənəvi metoddan, yəni birbaşa hərbi müdaxilədən getmir - baxmayaraq ki, daha əvvəl, xüsusən də Corc Buşun hakimiyyəti illərində belə plan vardı.

Amerikalıların İrana qarşı yalnız bir dəfə hərbi müdaxilə cəhdi olub. İslam inqilabından sonra Tehranda ABŞ səfirliyinin ələ keçirilib əməkdaşları girov götürüldükdən sonra Pentaqon İrana qısa müddətli müdaxilə planı hazırlayıb. "Qartal pəncəsi” əməliyyatına əsasən ABŞ hərbi təyyarələri və vertolyotları 25 aprel 1980-ci ildə İran ərazisinə daxil olub sürətli əməliyyatla Tehranda girovları azad etməli idi. Ancaq İranın mərkəzində Təbəs çölündə yerləşən köhnə hərbi aerodroma enən ABŞ hərbi qüvvələri qəflətən qalxan qum fırtınasına məruz qalır və Tehrana hazırlanan əməliyyat uğursuzluğa düçar olur. İranlılar bunu həm də Allahın inayəti olaraq təqdim edir. Sonrakı 40 ildə nədənsə amerikalılar İrana qarşı hərbi müdaxiləyə cəhd etməyiblər.

Ancaq bunun əvəzinə Vaşinqton Tehrandakı islamçı hökumətin devrilməsi üçün baş verən hərəkatlara dəstək verib. Məsələn, 2017-ci il dekabrın 29-da İranda baş verən etirazlara Vaşinqtondan açıq dəstək gəlib. Məşhəddə başlayan etirazlar sonradan ölkənin bütün şəhərlərinə, o cümlədən Tehrana yayılmışdı və şüarlar da getdikcə siyasiləşirdi. Həmin vaxt ABŞ prezidenti Donald Tramp və Dövlət Departamenti ayrılıqda açıqlamalar yayaraq İrandakı etirazçılara dəstək verirdi.

Yeri gəlmişkən, 2017-ci ilin iyununda, yəni İrandakı etirazlardan 6 ay əvvəl ABŞ prezidenti Mərkəzi Kəşfiyyat İdarəsində İran əməliyyatları bölümünə Hizbullahın əfsanəvi komandiri İmad Muğniyyənin və bin Ladenin öldürülməsi əməliyyatlarına rəhbərlik edən Maykl D’Andreanı rəhbər təyin edib. Yaxın Şərqdə uzun illər xidmət etmiş və İslam dinini qəbul eləmiş, "Ayətullah Mayk” ləqəbli bu şəxs bölgədə gizli sui-qəsdlərin və əməliyyatların əsas aktyorlarından hesab olunur. Həm də həmin vaxt media yazırdı ki, ciddi kəşfiyyat işi təcrübəsi olan bu şəxsin əsas vəzifəsi İranı "içəridən qarışdırmaq” olacaq.

Daha sonra İranda bir neçə silahlı hücum həyata keçirilib. İran rəsmiləri ehtimal edir ki, İslam Respublikası əleyhdarları olan qüvvələrə Vaşinqton stimul verir. Yeri gəlmişkən, ötən ilin yanvarında Con Bolton İran hakimiyyətini devirmək üçün silahlı mübarizə aparan "Xalqın Mücahidləri” təşkilatının qurultayında iştirak edərək inqilabın 40-cı ilini Tehranda keçirəcəklərini bəyan etmişdi.

Aprelin 8-də ABŞ prezidenti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah Pasdaran İnqilabi İslami və ya sadəcə, Sepah - K.R.) terrorçu təşkilat kimi tanıyan qərarı imzalayıb. Eyni zamanda Trampın qərarında Sepahın xaricdə əməliyyatlar üçün ixtisaslaşmış "Qüds” briqadası da terrorçu təşkilat siyahısına daxil edilib.

ABŞ prezidenti deyib ki, bu qərarın əsas səbəbi İranın qlobal terrorizmi dəstəkləməsi və bu fəaliyyəti Sepahın aparmasıdır. Onun sözlərinə görə, bu qərar İrana qarşı təzyiqin həcmini daha da böyüdəcək. Donald Tramp deyib ki, bu qərara əsasən, Sepahla əməkdaşlıq edənlər terrorizmə dəstək vermiş sayılacaq.

İran parlamenti isə buna cavab olaraq ABŞ ordusunu "terror təşkilatı” kimi tanıyan qanun qəbul edib. Təbii ki, bu qarşılıqlı "tanımalar” iki ölkə arasında güc qurumlarını münaqişənin ortasına atır. İndi formal olaraq hər iki ölkənin silahlı qüvvələri bir-birini vurmaq üçün hüquqi əsasa sahibdir. Lakin aydındır ki, ABŞ və İran ordusunun qarşı-qarşıya gəlib savaşması uzaq ehtimaldır. Sözsüz ki, son iki ildə qeyd olunan hərəkətlər birbaşa olmasa da, dolayısı ilə iki ölkəni gərginliyə çəkir. Vaşinqton birbaşa hərbi müdaxilə olmadan İran daxilindəki müxalif qrupları, o cümlədən narazı etnik qrupları islamçı hakimiyyətə qarşı qaldırmaq, həmçinin iqtisadi vəziyyətin pisləşməsi, sosial problemlərin artmasını hakimiyyətin zəiflədilməsi, hətta daha dərinə gedib hakimiyyətin devrilməsinə qədər irəliləməsini arzulayır.

Oxşar xəbərlər