Şri-Lankada terroru “Milli Tövhid Camaatı” törədib

  • 23 apr 2019, 08:36

"Çayın vətəni”ndə yazılmış qanlı terror hekayəsi

Aprelin 21-də Şri-Lankada baş verən terror aktını həyata keçirən təşkilat məlum olub. Yerli hökumət bəyan edib ki, 298 nəfərin öldüyü və 500-dən çox insanın yaralandığı terror aktını "Milli Tövhid Camaatı” təşkilatı həyata keçirib.

Qeyd edək ki, bazar günü xristianların Pasxa bayramı münasibətilə keçirdiyi mərasim zamanı ölkə ərazisində 3 kilsədə və paytaxt Kolombo şəhərində 3 ayrı 5 ulduzlu hoteldə terror aktı törədilib. Terror hücumu 7 intiharçı terrorçu tərəfindən həyata keçirilib.

Artıq terror hücumu ilə əlaqədar 24 nəfər saxlanılıb. Eyni zamanda hökumət paytaxtda komendant saatı elan edib. Axşam saat 20-dən sonra küçəyə çıxmaq qadağandır. O da məlum olub ki, terror hücumu ilə bağlı yerli kəşfiyyatda əvvəlcədən məlumat olsa da, lazımi sayıqlıq göstərilməyib. Bununla bağlı da istintaq başlayıb, araşdırmalar aparılır. Kolomboda hava limanı və avtovağzal ərazisində plastik borularda quraşdırılmış partlayıcılar aşkar edilib.

Terror aktını törədən "Milli Tövhid Camaatı” təşkilatı barədə geniş məlumat yoxdur. Hind mediasının yazdığına əsasən təkfirçi İslam ideologiyasına məxsus olan bu camaat haqqında ötən ilə qədər demək olar ki, hər hansı məlumat olmayıb. Yalnız ötən il ictimaiyyət bu camaat haqda məlumatı Şri-Lankada bəzi buddist heykəllərin dağıdılmasından sonra eşidib.

O qədər də tanınmayan təkfirçi qruplaşma 2014-cü ildə qurulub. Şri-Lanka polisinin araşdırmalarına əsasən 5 il əvvəl yaradılan qruplaşma beynəlxalq terror təşkilatları siyahısında deyil. Təşkilatın əsas şüarı Şri-Lankada İslamın yayılmasıdır. Təşkilatın rəhbəri Abdul Rajik adlı yerli müsəlmandır. Bu şəxs daha əvvəl zorakılığa çağırış ittihamı ilə həbs olunub.

Şri-Lankada etnik-dini münaqişənin 70 ildən çox yaşı var. 1948-ci ildə ada müstəqil olduqdan sonra ölkə əhalisinin 12 faizini təşkil edən Tamil xalqı müstəqilliyin verdiyi siyasi hüquqlardan yararlana bilməyib. Bu isə bölücülüyü dərinləşdirib. Ölkənin rəsmi dili Sinhala dili elan olunub. Əvvəlcə etnik münaqişə kimi başlayan hadisələr zamanı 1957-58-ci illərdə toqquşmalarda 300 Tamil öldürülüb. Eynilə Hindistanda olduğu kimi dərinləşən buddist-müsəlman toqquşmaları getdikcə dərinləşib.

Davam edən gərginliyin nəticəsi olaraq 1975-ci ildə "Tamil pələngləri” hərəkatı elan olunur. Təşkilatın əsas məqsədi Şri Lankanın şimalında müstəqil tamil dövləti qurmaq olub. Silahlı qarşıdurmalar isə 1977-ci ildə əyalət seçkilərində Tamil vilayətində "pələnglərin” qalib gəlməsi olur. 1983-cü ildən bu yana təşkilat hökumət qüvvələrinə qarşı döyüşüb. Şri-Lankanın şimal əraziləri uzun müddət "pələnglərin” nəzarətində olub. "Tamil pələngləri” sıradan terrorçu təşkilat olmayıb müstəqil hərbi dəniz donanmasına və hava qüvvələrinə, habelə kəşfiyyat strukturuna malik qruplaşma idi.

Təşkilatın rəhbəri Vellupiali Prabhakaran olub. Eyni zamanda qruplaşmanın hərbi və siyasi qanadı olub. Əyalətin bütün sahələrinə nəzarət edən "Tamil Pələngələri” bir ara media, tv və radioya da sahib olub. Təşkilatın ən parlaq dönəmlərində 10 minə yaxın hərbi gücünün olduğu ehtimal edilirdi.

"Tamil Pələngləri” Şri-Lankaya ordu yeritdiyi üçün Hindistanın baş naziri İndra Qandini qətlə yetirib. Ümumilikdə Şri-Lankada 1981-2009-cu illərdə davam edən toqquşmalar nəticəsində bəzi rəqəmlərə görə 70, bəzilərinə görə isə 100 min insan ölüb. İlk dəfə "kamikadze kəmərini” də "pələnglər” istifadə edib.

Nəhayət, 2009-cu ildə hökumətin tamillərə qarşı başlatdığı genişmiqyaslı əməliyyatlar nəticəsində qruplaşmanın əyalətdəki, ümumiyyətlə, Şri-Lankadakı hərbi varlığına son qoyulub. Bu əməliyyatlar zamanı 40 min Tamil öldürülüb.

Son terror aktından sonra nəzərlər yenidən "Tamil Pələngləri”nə yönəldi. Çünki bölgə ekspertlərinə görə, hərbi əməliyyat Tamildəki silahlı gücü məhv etsə də, tamamilə yox edə bilməyib. Bu hadisə tamillərin qisası ola bilərdi. Lakin artıq hökumət yeni bir ünvan göstərdi. "Milli Tövhid Camaatı” 2014-ün Yaxın Şərqdə parladığı dövrdə yaranıb və şüarları, çağırışları oxşardır. Ümumilikdə isə son iki ildə İŞİD və bənzər terror qruplarının Mərkəzi və Şərqi Asiyaya doğru çəkildiyi müşahidə olunur. Bu hadisələr həm də növbəti "qaynar bölgənin” ünvanına işarə edir. /musavat.com/

Oxşar xəbərlər