İranda fəlakət bölgəsində həyat davam edir

  • 08 apr 2019, 16:09

Hidrometeoroloqların İranın Xuzistan vilayətində davamlı yağış yağacağı barədə xəbərdarlığından sonra yenidən daşqın olacağı ehtimalı irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, vilayətdən minlərlə ailə təxliyə edilərək təhlükəsiz yerlərə köçürülüb. Məsələ ilə əlaqədar İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli jurnalistlərə açıqlama verib. Nazir diqqətə çatdırıb ki, məqsəd, ilk növbədə, insan itkisinin qarşısını almaqdır. Çayların kənarında yerləşən 14 kəndin əhalisi köçürülüb. Artıq üç həftədir ki, yağışlar davam edir, bu da xilasetmə və bərpa işlərini yerinə yetirməyə mane olur. Yolların və körpülərin dağılması yardımların çatdırılmasını ləngidir.

Nazirin sözlərinə görə, 400 şəhər və kənd tamamilə suyun altında qalıb, 400 min insana ziyan dəyib, 2000 kənd ilə əlaqə tamamilə kəsilib. Lakin çətinliklərə baxmayaraq, hökumət lazımi tədbirləri həyata keçirir. Fəlakət bölgəsində isə çətin də olsa həyat davam edir.

Oxşar xəbərlər