“Nazarbayevin prezidentlikdən gedişi gözlənilən idi” – Ekspert

  • 21 mart 2019, 15:38

"Nursultan Nazarbayevin Qazaxıstan Prezidenti vəzifəsindən ayrılması gözlənilən idi. Xüsusilə də Qazaxıstan Təhlükəsizlik Şurasının statusu dəyişdikdən və Konstitusiya Şurasına müraciətdən sonra”.

Bunu "Report”a Rusiyanın "Alternativ” Aktual Araşdırmalar Mərkəzinin direktoru Andrey Çebotaryov Qazaxıstan Prezidentinin istefa verməsini şərh edərkən deyib.

Ekspertin fikrincə, N.Nazarbayev Qazaxıstan Prezidenti səlahiyyətlərini maksimum dərəcə sabit və idarəolunan şəraitdə ötürməklə siyasi bacarıq nümayiş etdirib: "Nursultan Nazarbayev Novruz bayramı ərəfəsində getdi və onun bu addımı müəyyən dəyişikliklərin başlanğıcının rəmzidir”.

Ekspert qeyd edib ki, gedişinə baxmayaraq, Elbası (millətin lideri – red.) Kasım-Jomart Tokayevin müvəqqəti prezidentliyini dəstəkləyəcək: "Hadisələrin gedişatından belə görünür ki, Tokayev də buna çoxdan hazır idi. Amma Təhlükəsizlik Şurasının sədri kimi Elbasının dəstəyi olmadan o, çətin ki Prezident səlahiyyətlərinin icrası, ölkədəki vəziyyətə nəzarət edilməsi və s. işlərin öhdəsindən gələ bilsin. Ancaq hakimiyyətin ötürülməsi prosesi faktiki olaraq yenicə başlayıb. Növbəti mühüm mərhələ prezident seçkilərinin keçirilməsidır. İndi seçkilər, birmənalı olaraq, gələn il, müvəqqəti prezidentin səlahiyyət dövrü bitən zaman keçirilməlidir”.

"İndi iki ssenari yaşana bilər. Ya Kasım-Jomart Tokayev Elbasıdan prezidentliklə bağlı güclü kart-blanş alıb və bütün sistem bir il onun dövlət başçısı seçilməsi üçün işləyəcək, ya da istisna deyil ki, Tokayev, sadəcə, hakimiyyət ötürülməsi estafetini qəbul edib və bu prosesi növbəti mərhələyə çatdıracaq, prezidentliyə isə Nazarbayevin əhatəsindən olan tamamilə fərqli bir adam namizəd olacaq”, – Mərkəz direktoru fikrini tamamlayıb.

Oxşar xəbərlər