Moskvadan İrəvana kritik zəng, NATO xofu, Bakıya işarə

  • 20 mart 2019, 09:46

Rusiya forpostu Ermənistana qarşı "qamçı və kökə” siyasətini cilalayır; Paşinyanın Putinə yaxınlaşması Qarabağ konfliktinin həllini yaxınlaşdıra bilərmi?..

Ermənistanda inqilabi yolla hakimiyyət dəyişikliyindən sonra Moskva-İrəvan münasibətləri hələ də əvvəlki axarına qayıtmayıb. Rəsmi İrəvanın Rusiyaya çoxsaylı jest və reveranslarına, hökumətin yeni proqramında xarici siyasət və təhlükəsizliklə bağlı Rusiyanın əsas prioritet elan edilməsinə rəğmən, Kreml Paşinyan iqtidarına şübhəli nəzərlərlə baxmaqda davam edir. Ən azından, Moskva inqilabdan sonra erməni cəmiyyətində anti-Rusiya, anti-Putin ovqatının güclənməsində indiki hökumətin qızışdırıcı rol oynadığına inanır.

Doğrudur, Moskva Ermənistanı itirmək də istəmir. Bu məqsədlə ona 100 milyon dollarlıq yeni silah krediti çərçivəsində bir neçə qırıcı vəd edib. Ancaq Rusiya eyni zamanda, məsələn, təbii qazı İrəvanın arzuladığı qiymətə Ermənistana satmağa da hazırlaşmır (yeni ildən qiymət azca qaldırılıb, müzakirələr davam edir). Çox güman ki, Rusiyanın qiymət məsələsindən dolayı N.Paşinyan iqtidarından konkret gözləntisi var.

Bir şey dəqiqdir ki, şimal qonşumuz təbii qazı çoxdan xarici siyasətdə təzyiq aləti kim istifadə edir. Bir sözlə, Rusiya bölgədə öz işğal ortağı və hərbi qalası Ermənistana münasibətdə "qamçı və kökə” siyasətinə sadiqidir və bu siyasəti cilalamaqdadır. Bunu vaxtaşırı İrəvana Putinin emissarlarının etdiyi səfərlər, Moskvadan İrəvana kritik zənglər də isbatlayır.

Yeri gəlmişkən, Rusiya Xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın srağagünkü telefon danışığının bəzi detalları bəlli olub. Məlumatı "168 Jam” erməni qəzeti yayıb (axar.az). Məlumata görə, telefon danışığının əsas mövzusu Azərbaycan prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan arasında baş tutması gözlənilən görüş olub. "Rusiya tərəfi ehtiyatlanır ki, Ermənistan Moskva ilə məsləhətləşmədən bir sıra güzəştlərə gedə bilər. Rusiya istəmir ki, bu proses onun nəzarətindən kənarda olsun”, - nəşr yazıb.

*****

Qeyd edək ki, indiyədək 3 dəfə qeyri-formal atmosferdə bir araya gəlmiş Azərbaycan və Ermənistan liderlərinin ilk rəsmi görüşünə hazırlıqlar gedir. Lakin görüşün konkret harda - vasitəçi Qərb dövlətlərinin (ABŞ, Fransa) birində, yaxud vasitəçi olmayan Avropa ölkəsində və ya Rusiyada reallaşacağı barədə məlumat yoxdur. Az öncə bu mövzuda danışan erməni nazir Zöhrab Mnatsakanyan bildirmişdi ki, görüş faktı dəqiqləşəndən sonra hər iki tərəf eyni vaxtda açıqlama verəcək.     

İstisna deyil ki, belə bir görüşə məhz Rusiya "ev sahibliyi” eləməyə çalışacaq. Ona görə yox ki, Moskva konfliktin həllindən ötrü əldən gedir, o səbəbə ki, Kreml danışıqlar prosesinə nəzarəti həmişəki kimi özündə saxlamaq və öz maraqları naminə sülh prosesi ilə manipulyasiya eləmək istəyir. Azərbaycan prezidenti İlham Əliyev isə ötən həftə VII Qlobal Bakı Forumunda çıxışı zamanı xəbərdarlıq edib ki, danışıq xətrinə danışıq olmamalı, sülh danışıqları nəticəyönümlü olmalı, işğal altındakı torpaqların azad edilməsinə gətirməlidir.

Əfsus ki, bu, artıq yalnız erməni liderinin siyasi iradəsinə bağlı məsələ deyil. Belə görünür ki, Nikol Paşinyan da Qarabağ məsələsində Putinin "ağzına” baxmalı olacaq. Rusiya prezidenti isə problemin həllində maraqlı olsaydı, hakimiyyətdə olduğu 19 ildə bu yöndə hansısa yadda qalan addım atardı...

******

N.Paşinyanın öz sələfləri kimi "sözəbaxan” olduğunu həm də onun bu günlərdə Gürcüstanda başlayan NATO təlimlərinə artıq ikinci dəfə hərbçi göndərməməsindən görmək olar. "Yeni Müsavat” xatırladır ki, martın 29-dək davam edəcək təlimlərdə NATO dövlətləri (Türkiyə və b.) ilə yanaşı, postsovet ölkələrindən Azərbaycan, Gürcüstan, Latviya, Litva, Estoniya da iştirak edir (Baltikyanı ölkələr Alyansın üzvlərdir). Ermənistan təlimlərə dəvət edilsə də qatılmayıb. Təbii ki, səbəb Rusiya qorxusudur. O da təsadüfi deyil ki, N.Paşinyan az öncə Rusiyaya xoş gəlmək üçün Suriyaya hərbi-humanitar missiya göndərmiş, bununla da ABŞ-ın sərt qınağına tuş gəlmişdi...    

*****

Rusiyanın Ermənistana qarşı ən güclü təzyiq rıçaqı isə əlbəttə ki, həll olunmamış Dağlıq Qarabağ məsələsidir.

Maraqlıdır ki, bu arada Ermənistanın "Sasna Tsrer” Partiyası Dağlıq Qarabağın Ermənistana "birləşdirilməsi” üçün imza toplanışına başlayıb (virtualaz.org). Bunu martın 18-də keçirilmiş mətbuat konfransında partiya katibliyinin koordinatoru Varujan Avetisyan bildirib. O, belə hesab edir ki, qondarma respublikanın sakinləri Ermənistanda keçirilən seçkilərdə və referendumlarda iştirak etməlidirlər. Partiyanın digər üzvü Jirayr Səfilyan "dqr”in yaşadığı "abxazizasiya” təhlükəsindən və uzun müddətə tanınmamış "dövlət” olmaq riskindən danışıb.

"Bu gün Abxaziya ilə Cənubi Osetiyanın statusu nədir? Həmin təhlükə Dağlıq Qarabağın da başının üstünü alıb” - Səfilyan deyib. "Sasna Tsrer” Partiyasının Dağlıq Qarabağ "şöbəsi”nin koordinasiya şurasının üzvü Mxtiar Avetisyan isə deyib ki, "respublika”nın Azərbaycanın tərkibindən "çıxması”nın məqsədi onun sonradan Ermənistana "birləşdirilməsi” idi.

Zəruri qeyd: Ötən ilin dekabrında Ermənsitanda keçirilən parlament seçkilərində "Sasna Tsrer” seçicilərin səslərinin 2%-dən az hissəsini topladığı üşün parlamentə keçə bilməmişdi. Lakin partiyanın 2016-cı ildə İrəvanda təşkil etdiyi kütləvi etirazlar vaxtı ABŞ səfirliyi gözlənilmədən onu dəstəkləmişdi.

*****

Ancaq imzatoplama təşəbbüsünə Nikol Paşinyan hökumətindən dəstək gələcəyi gözlənilmir. Çünki yeni hökumət nə qədər bəyan eləsə də ki, o, xarici siyasətlə, Qarabağla bağlı müstəqil addımlar atır, reallıqda bunun əksi baş verir. Belə bir aşkar anti-Rusiya təşəbbüsünü yeni hökumət hazırkı həssas dönəmdə dəstəkləməz. Başqa yandan, Ermənistan Azərbaycan və Türkiyə qorxusu qarşısında, Qarabağ məsələsindən dolayı Rusiyaya daha da yaxınlaşmaq zorundadır. Təəssüf ki, Moskva bu reallıqdan konfliktin həllini tezləşdirmək üçün deyil, uzaqlaşdırmaq və qəlizləşdirmək üçün, bölgədə möhkəmlənmək üçün yararlanır... /Y.M/

Oxşar xəbərlər