“Freedom House”un sərt hesabatı narazılıq yaratdı

  • 07 fev 2019, 09:20

Azərbaycanın "azad olmayan ölkə” adlandırılması böhtan, qərəz kimi dəyərləndirildi...

ABŞ-dakı "Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı 2019-cu il hesabatında Azərbaycanı "azad olmayan” dövlətlər sırasında göstərib. Siyasi hüquqlar və mülki azadlıqlara həsr olunan hesabatda Azərbaycan həmçinin Cənubi Qafqazda yeganə "azad olmayan” ölkə kimi qiymətləndirilib.

"2019-cu il dünya ölkələrində azadlığın vəziyyəti haqqında” adlı hesabatda Azərbaycanın 11 xal topladığı deyilir. Ermənistan 51, Gürcüstan isə 63 xal əldə edərək "qismən azad” ölkələr siyahısında yer alıb. Sənəddə yazılır ki, siyasi hüquqlar və vətəndaş azadlıqları göstəricilərinə görə, Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan geriləyib, Ermənistan irəliləyib. İran və Rusiya isə eyni göstəricilərdə qalıb. Sənəddə həmçinin Azərbaycan iqtidarına qarşı sərt tənqidi fikrilər yer alıb. Orada qeyd edilib ki, Azərbaycan hakimiyyəti ölkədə media və vətəndaş cəmiyyəti azadlıqlarının qorunduğunu və siyasi opponentlərinə qarşı hər hansı repressiya aparılmadığını bildiriblər.

Rəsmi Bakı "Freedom House”un bundan əvvəlki hesabatlarını qərəzli hesab etdiyi kimi, sonuncunu da qərəzli hesab edir.

Milli Məclisin hakim partiyadan olan deputatı, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu cür hesabata Azərbaycan tərəfindən etimad ola bilməz: "Çünki bu hesabatı hazırlayan ”Freedom House" həmişə Azərbaycana qarşı qərəzli olub. Əgər "Freedom House” bu dəfə Azərbaycanla bağlı əsl həqiqətləri, reallıqları yazsaydı, mən onda təəccüblənərdim. Çünki bu təşkilat Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi gündən daim Azərbaycana qarşı eyni şeyləri yazır, qərəz nümayiş etdirir. Azərbaycanda heç bir müsbət işi bu təşkilat qeyd etmir. Bunun da səbəbləri ondan ibarətdir ki, həmin təşkilat erməni lobbisi vasitəsilə maliyyələşir. Bunların idarə heyətində bir neçə erməni də var.

Xüsusən Qafqaz üzrə hesabatlara baxanda həmişə görürük ki, Azərbaycanı daim "qara rəng”də görürlər. Ona görə ki, Azərbaycana qarşı bunların qərəzli mövqeləri var. İnsan hüquq və azadlıqları ilə verilən fikirlər hamısı qərəzlidir və təmənnalıdır. Azərbaycanda olan iqtisadi inkişaf, aparılan islahatları açıq-aşkar görməzlikdən gəlirlər. Bu cür qərəzli bəyanatın Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz yolu ilə gedir və bu yolla da davam edəcək. Azərbaycanda olan azad demokratik ədalətli seçkilər heç bir yerdə yoxdur. Azərbaycan qədər seçkilərə diqqət yetirən, seçkilərin tam stabil, sakit, azad keçirildiyi heç bir yer yoxdur. Ona görə də seçkilərlə bağlı həmin hesabatda yazılanlar tamamilə əsassızdır. Bu hesabat adlanan söz yığnağı "Freedom House” təşkilatının Azərbaycana qarşı növbəti böhtanı və qərəzidir".

B.Sadıqov qeyd etdi ki, Azərbaycan müstəqillik illərində, xüsusən də son 15 ildə sürətlə inkişaf edib: "Əgər ”Freedom House" obyektiv təşkilatdırsa, bu inkişafı hesabatlarında yazmalıydı. Lakin heç zaman yazmırlar. Çünki qərəzlidirlər, Azərbaycanın inkişafını götürməyən qüvvələrin sifarişi, tövsiyəsi və göstərişləri ilə Azərbaycan barədə fikirləri hesabatlarına daxil edirlər. Azərbaycan dünyada ən tolerant, bütün millətlərin heç bir fərq qoyulmadan azad yaşadığı ölkə kimi dünyada tanınır. "Freedom House” bunu da görməzlikdən gəlir. Bir dəfə də olsun hesabatlarında bu müsbət məqamı dünyaya nümunə kimi göstərmir. Əgər bu qurum Azərbaycandakı müsbət işləri, Azərbaycanın dünyaya, regiona verdiyi töhfələri görmürsə, problemi Azərbaycanda yox, öz gözündə axtarmalıdır. Dünyaya inteqrasiya eləyən, müstəqil siyasət yürüdən, bütün azadlıqların təmin olunduğu Azərbaycanı azad olmayan ölkə adlandırıb, Ermənistan kimi forpost ölkəni azad ölkə adlandırmaq bu təşkilatın məsələlərə necə qərəzli yanaşdığını göstərir".

Deputatın sözlərinə görə, bütün araşdırmalar göstərir ki, "Freedom House” təşkilatı müxtəlif qurumların sifarişini yerinə yetirir: "Bu qurumun maliyyə qaynaqlarına baxın, idarə edilməsinə diqqət yetirin. Bütün araşdırmalar göstərir ki, bu qurum, demək olar ki, müəyyən maliyyə qurumlarının sifarişini yerinə yetirir. Ayrı-ayrı qurumlar var ki, onların dünyanın müəyyən bölgələrində məqsədləri olur və məqsədlərinə nail olmaq üçün demokratiya, insan haqları adından bir pərdə kimi, bir vasitə kimi istifadə edirlər. "Freedom House” isə bu vasitədə alət rolunu oynayır. Ona görə də onun hesabatları birmənalı olaraq böhtan və qərəzli cümlələrdən ibarət olur. Biz dəfələrlə adını beynəlxalq qurum qoyan və əslində müxtəlif maliyyə mərkəzlərinin və ya dairələrin sifarişini yerinə yetirən bəzi təşkilatlar barədə fikirlərimizi demişik. Bunlardan biri də "Freedom House”dur.

O ki qaldı vətəndaş cəmiyyəti məsələsinə, Azərbaycan vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əldə etdiyi uğurlarla MDB məkanında, bəlkə də ən birinci yerdədir. Bizim ölkəmizdə vətəndaş cəmiyyətini inkişaf etdirən və onu möhkəmləndirən həm qanunvericilik bazası var, həm də maddi dəstək var. Hökumət büdcədən vətəndaş cəmiyyətinin inkişafı üçün xüsusi vəsait ayırır, müxtəlif qrantlar ayırır. Və bunun vasitəsilə vətəndaş cəmiyyətinin inkişafına təkan verib. Azərbaycan qanunları isə bunu daha da möhkəmləndirir. "Freedom House” kimi qərəzli təşkilatlar isə heç bir müsbət işi, tendensiyanı heç vaxt görmək istəmirlər".

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Prezident yanında Əfv Komissyasının üzvü Əliməmməd Nuriyev də hesabatı qərəzli sayır. O deyib ki, "Freedom House”un Azərbaycana qarşı bir çox məsələlərdə tutduğu mövqe o qədər də obyektiv hesab edilə bilməz: "Bir çox hallarda qərəzli mövqedə yanaşılır. Azərbaycanda, əlbəttə ki, problemlər var, amma bu, o səviyyədə deyil ki, Azərbaycan azad olmayan ölkələr siyahısında yer alsın. Əgər Azərbaycanda hüquq və azadlıqlar qorunmasaydı, Azərbaycan bir sıra dünya reytinqlərində mövqeyini yaxşılaşdıra bilməzdi”.

Əliməmməd Nuriyev "Freedom House” təşkilatının Azərbaycanla bağlı məlumatlar hazırlayan mənbəyinin dəyişməsini, bir neçə fərqli mənbələrə əsaslanmasının lazım olduğunu düşünür: "Əsas məsələ odur ki, təşkilat hansı mənbələrlə işləyir. Bu mənbələr heç vaxt açıqlanmır. Görünən ondan ibarətdir ki, ”Freedom House"a verilən informasiyaların mənbəyinin özündə problem var və bu problemlər istər-istəməz onun qiymətləndirməsinə təsir göstərir. Azərbaycanın daxilində də ölkəyə qərəzli olduğunu hər zaman nümayiş etdirən insanlar var. Onlar belə qurumları özlərinin yanlış informasiyası ilə təmin edirlər, nəticədə belə qiymətləndirmə alınır".

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”

Oxşar xəbərlər